10 Noyabr 13:23
2 194

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümüdür.

Teleqraf.com bu münasibətlə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1928-ci ildə Atatürklə bağlı yazdığı “Qurtulan Şərqin simvolu” məqaləsini təqdim edir:

***

“Altun kitab” yazı heyəti tərəfindən edilən təklifə veriləcək cavabımı düşünərkən Qazi Paşanın uca şəxsiyyətindən duyduğum həyəcanı öz-özümə tədqiq etdim. Gördüm ki, hürriyyət və istiqlalı üçün qanlı, fəqət şanlı mücadiləyə girişən Şərqin özündə meydana çıxan böyük məfhumların hamısı Mustafa Kamalın şəxsiyyətində kamal dərəcəsinə çatıb, aydın və billur bir ümdə halına gəlib.

Orta çağ zehniyyətindən müasir zehniyyətə yüksələn Şərq, başda mübariz Türkiyə Cümhuriyyəti olmaqla hər tərəfdə göstərdiyi təzahürləri ilə vaxtilə feodal zehniyyətdən demokratiya zehniyyətinə keçən Avropanın, xüsusilə, XIX əsrdə etdiyini təkrarlamaqdadır.

XIX əsr Avropa demokratiyası başda daxili düşmənlər, yəni aristokratiya zümrələri ilə çarpışıb, hürriyyət, bərabərlik və ədalət prinsipləri bu böyük davanın ilk mərhələsini təşkil edib. Fəqət sonra Amerika demokratiyasının Avropa istila və istismarına qarşı açdığı istiqlal hərbiylə, müasir demokratiyanın dördüncü rüknünü təşkil edən milliyyət ilkəsi də eyni qüdsiyyət və ülviyyətlə təqdir olunub, hürriyyət, bərabərlik, ədalət prinsipləri milliyyət prinsipi ilə təkmil edilib.

XX əsr Şərq demokratiyasının əsridir. Bu əsrin şüuru XIX əsr Avropa demokratiyasında gördüyümüz kimi milli hakimiyyət fikirlərinin ümumi vicdanlarda meydana gətirdiyi dönüşümlər nəticəsində doğub. Belə ki, Avropa demokratiyası öncə hürriyyət, sonra hakimiyyət üçün mücadilə etmişkən, Şərq demokratiyası öncə hakimiyyət, sonra isə hürriyyət ümdələrinə sarılmaq məcburiyyətində qalıb.

Avropa və Amerikada milli istiqlal davasını aparan siyasi firqələr bəşəri hüquq davasını aparan əvvəlki formaların sonrakı şəklini təşkil etmişkən, Şərqdə Türkiyə misalında görüldüyü kimi, hürriyyət və demokratiya şüarı milliyyət şüarının davamı şəklində zühur edir. Orada hürriyyət məfhumu milliyyət məfkurəsini, burada milliyyət məfkurəsi hürriyyət qayəsini doğurur. Qərb və Şərq tarixlərinin xüsusiyyətindən doğan bu fərq belə “hürriyyət” və “milliyyət” məfhumlarının birinin digərindən ayrılmaz bir bütün olduğunu isbat etmirmi?

XIX əsr demokratiya tarixinin qeyd etdiyi iki tipik hadisə vardır: Böyük Fransa İnqilabı və Amerika İstiqlal Müharibəsi!

Fransa inqilabı müstəqil bir dövlət halında ikən bəşəri haqqını qazanmaqla hürr bir cəmiyyət halını almaq istəyən bir millətin hərəkatıdır. Amerika ixtilalı isə hürr bir cəmiyyət halında ikən müstəqil bir dövlət həyatı ilə yaşamaq əzmini göstərən bir millətin həmləsidir.

Mənhus Sevr müqaviləsi ilə məhvə və uçuruma yuvarlanan Türkiyəni bugünkü şanlı mövqeyinə yüksəldən hərəkat Türkiyənin istiqlalını qazanmağa yönəlmiş bir hərəkat idi. Şərqdəki böyük hərəkatın şərəfli rəhbərliyini təmsil edən bu şanlı mübarizənin Qazi rəhbərini Amerika istiqlal müharibəsinin böyük qəhrəmanı Vaşinqtonla müqayisə edənlər əlbəttə yanılmırlar!

Fəqət Qazi Paşa təkcə Vaşinqton deyildir. O, Türkiyənin əcnəbilərə qarşı istiqlal və hakimiyyətini müdafiə etməklə yetinmədi, eyni zamanda Böyük Fransa İnqilabının təmin etdiyi hürriyyəti də təsis etdi ki, bu örnəklə o, durğun Şərq mühitinin hürriyyət və hərəkat meydanına atılmasını da təşviq etmiş oldu.

Bəzi tənqidçilər Qazi Paşanı böyük amerikalı ilə müqayisə edərkən onun daxili və firqəvi bir məsələ saydıqları cümhuriyyət və demokratiya mücadilələrində bitərəf qalmasını arzu etmişdilər. Bu arzu bizə görə o zamankı Amerika hərəkatı ilə indiki Şərq hərəkatı arasındakı mövcud böyük fərqi görməməkdən irəli gəlirdi.

XX əsrin Şərqi XIX əsr Qərb tarixinin qeyd etdiyi Amerika ixtilalı ilə Fransa inqilabını bir həmlədə həyata keçirmək zərurətindədir. Mustafa Kamalın böyüklüyü məhz tarixin bu zərurətini qavramasındadır. Bu geniş dühası ilə türk milliyyətçiliyinin şanlı başbuğu, eyni zamanda qurtulan Şərqin simvoludur!

“Türkün Altun Kitabı”, ikinci dild, 1928-ci il

“Azərbaycan” jurnalı, 1981-ci il, 235-ci say

Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd

Fotolar: Atilla Oral kolleksiyası


Müəllif: Teleqraf.com