21 Noyabr 2017 09:15
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun səfəri göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən canlanma var.

Bunu S.Lavrovun səfərini Teleqraf.com-a şərh edən politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, bir sıra qüvvələrin, o cümlədən Rusiyanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesini intensiv fazaya keçirmək niyyəti ortadadır:

“Təbii ki, burda çox incə və mürəkkəb məqamlar dayanıb. Çünki biz ilk növbədə işğal olunmuş torpaqların azad edilməsinin tərəfdarıyıq. Bu, Azərbaycanın prinsipial mövqeyidir.

Ermənistan isə hesab edir ki, əvvəlcə Dağlıq Qarabağın statusu müəyyənləşməli, Azərbaycan bölgəni müstəqil dövlət kimi tanımalıdır. Bu isə biz tərəfdən heç vaxt xoş qarşılana bilməz. Ona görə də görünür, indi vasitəçilər bunun üçün ortaq variantlar axtarırlar. Amma eyni zamanda, əlbəttə, maraqlarımıza zidd olsa, bu ortaq variantı da qəbul edə bilmərik. Məhz bu səbəbdən Lavrov Bakıda əvvəlcə Prezident İlham Əliyev tərəfindən qəbul edildi, daha sonra xarici işlər naziri ilə görüşüb müzakirələr apardı. Bundan sonra İrəvana gedəcək. Orda da görüşlər keçirəcək. Bu özü-özlüyündə o deməkdir ki, müəyyən axtarış gedir – hansısa kompromis variantın axtarışı”.

F.Sadıqov bu yaxınlarda nəyinsə baş verə biləcəyinə əmin olmadığını vurğulayıb:

“Amma o da reallıqdır ki, məsələnin həlli aparıcı ölkələrdən, o cümlədən Rusiyadan çox asılıdır. Bunu həm biz başa düşürük, həm də Rusiya tərəfi dərk edir. Elə Lavrovun ADA Universitetində çıxışından da bu qənaətə gəlmək olar ki, Rusiya regionda sabitlik yaranmasında maraqlı və istəklidir. Çünki onların da burda bir sıra maraqları var. Azərbaycan Rusiya üçün önəmli bir dövlətə çevrilib. Rusiya-İran-Azərbaycan əməkdaşlığı çox önəmli bir layihədir. Bu da özü-özlüyündə Rusiyanı maraqlandıran bir məsələdir”.

Qeyd edək ki, S.Lavrov dünən ADA Universitetində tələbə və müəllim heyəti ilə görüşü zamanı ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmədiyini vurğulayıb.

Həmin görüşdə iştirak edən F.Sadıqov qeyd edib ki, S.Lavrov ABŞ və Rusiyanın geosiyasi qarşıdurma vəziyyətində olmasına baxmayaraq, Dağlıq Qarabağ məsələsində Vaşinqtonla aralarında heç bir ziddiyyətin olmadığını vurğulayıb:

“Lavrov bunu unikal vəziyyət adlandırdı. O dedi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ABŞ-la aralarında heç bir ziddiyyət mövcud deyil. Çox maraqlı bir bəyanatdır. Əgər belədirsə, yəni, ABŞ-la Rusiya arasında heç bir ziddiyyət yoxdursa, demək onların hər ikisi səy göstrəməli və məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışmalıdırlar. Bizim başqa istəyimiz yoxdur. Çox istərdik bu cür səfələr müəyyən müsbət nəticələr versin”.


Müəllif: Səxavət