23 Noyabr 2017 09:00
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamaları münaqişənin proqressiv həll variantını özündə əks etdirmir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O ehtimal edir ki, S.Lavrov Bakıda apardığı danışıqlarda Rusiyanın ATƏT-in Minsk Qrupunun digər üzvləri ilə razılaşdırdığı işğal olunmuş 5 rayonun (Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl – S.Həmid) Azərbaycana qaytarılması planını müzakirə edib:

“Bu plana əsasən, beş rayon əvəzinə Azərbaycan Dağlıq Qarabağın gələcək statusuna dair referendumun keçirilməsi ilə razılaşmalı və Bakı Rusiyanın strateji planlarında yer almalıdır. Əlbəttə, Azərbaycan Lavrovun bu təklifi ilə razılaşmayıb.

Qeyd edim ki, bu ilin avqustunda Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland mərhələli həll planını özündə ehtiva edən yenilənmiş Madrid prinsiplərinə uyğun “Hoqland prinsipləri”ni elan etmişdi. ABŞ-ın bu planı Rusiyanın “Lavrov planı”ndan fərqli olaraq, ərazi bütövlüyünü önə çəkirdi. İlk dəfə olaraq ABŞ bu prinsiplərlə Qarabağ münaqişəsində Rusiya ilə ortaq mövqe nümayiş etdirmirdi. Hadisələrin sonrakı inkişafı nəticəsində ABŞ öz həll variantından geri çəkildi.

Görünən odur ki, Minsk Qrupu həmsədrlərinin noyabrın 14-15-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda keçirdikləri görüş çərçivəsində Kreml öz həll planını ABŞ və Fransa ilə razılaşdırıb”.

Analitik qeyd edib ki, S.Lavrov Bakıda keçirdiyi mətbuat konfransında ABŞ-la beynəlxaq məsələlərdə ziddiyyət yaşadıqlarını, ancaq Qarabağ münaqişəsinin həllində ortaq məxrəcə gələ bildiklərini ifadə etdi. Burdan çıxan nəticə ondan ibarətdir ki, ABŞ artıq münaqişənin həllini Rusiyanın öhdəsinə buraxıb. Bundan əlavə, Lavrovun səfəri aparılan danışıqların kulminasiya nöqtəsi oldu. Çünki son üç ayda diplomatik danışıqlar ən yüksək səviyyədə aparılırdı. Amma Ermənistanın və Rusiyanın problemin həllinə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində deyil, öz maraqlarının təmin olunması nöqteyi-nəzərindən yanaşması münaqişənin eskalasiyasını şərtləndirir. Azərbaycan Ermənistana növbəti təzyiqlərə start verməlidir”.


Müəllif: Sәxavәt