23 Noyabr 2017 17:28
2 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşayış minimumunun orta əmək haqqından 3 dəfə aşağı olması Azərbaycana yaraşmır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli yaşayış minimumu ilə ehtiyac meyarı arasında fərqdən danışarkən deyib.

Millət vəkili bildirib ki, əmək haqqını qaldırmaq üçün yaşıyış minimumunu qaldırmaq lazımdır: “Yaşayış minimumunu qaldırmasaq, əmək haqqı artımı havada qalacaq. Ehtiyac meyarı, yaşayış minimumu ilə neçə gün yaşamaq olar? Bizdə bu rəqəmlər bir sıra Avropa ölkələrindən 2-2.5 dəfə aşağıdır. Bu məsələ MDB məkanında bir bəladır, çünki bunların hesablanmasında qədim üsullardan istifadə edilir. Ehtiyac meyarının yaşayış minimumuna çatdırılması müzakirə edilir. Lakin illərdir ehtiyac meyarı qaldırılmır, çünki bu zaman ünvanlı sosial yardım alanların da sayı artmış olacaq”.

Millət vəkili bildirib ki, Şəki-Zaqatalada bölgəsində 250 manat gəliri olanlar 10 faiz, 300 manat gəliri olanlar 20 faiz, 173 manata qədər olanlar 30 faiz təşkil edir: “Yaşayış minimumunu qaldırmaq lazımdır. Bunun üçün də mənbələri iqtisadi azadlıqların verilməsi, sənaye müəssisələrinin açılması hesabına təmin etmək olar. Yaşayış minimum artırılarkən bazardakı proseslər, inflyasiya, minimum istehlak səbəti də nəzərə alınmalıdır. Devalivasiyadan sonra qiymətlər ən azı 1.5-2 dəfə qalxıb”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova millət vəkilinin suallarına cavabında bəzi məqamlarla razılaşdığını bildirib: “Ölkədə müxtəlif əmək haqqı sistemi mövcuddur. Bu da yaşayış minimum ilə bağlı deyil. Əmək haqqının qaldırılmasına da heç bir məhdudiyyət yoxdur. Yaşayış minimumu 2004-cü Milli Məclis tərəfindən qəbul olunan qanuna əsasən hesablanır və hər il Milli Məclisdə təsdiq edilir”.

Nazir müavini xatırladıb ki, yaşayış minimumu istehlak səbəti və icbari ödənişlərin toplusundan ibarətdir: “Qanuna əsasən, yaşayış minimumuna 3 ildən bir baxılmalıdır. İqtisadiyyat Nazirliyi bu məsələyə Səhiyyə və Əmək Nazirliyinin əməkdaşlarını cəlb etməklə 2005, 2009, 2014-cü illərdə baxıb. Hazırda nazirlikdə elmi işçilər və Dünya Bankının iştirakı ilə bu minimum istehlak səbət və metodikasının ekspertizası keçirilir.

Dünya Bankı ilə keçirilən müzakirələrə görə ölkəmizdə yoxsulluğun ölçülməsi beynəlxalq təcrübəyə əsasən, aparılır. Bu sahədə bir neçə üsul var, Azərbaycanda mütləq yoxlsulluğun hesablanması üsulunu həyata keçiririk. Nisbi yoxsulluq əhalinin bir-birinə nisbətən gəlirlərinin bölüşdürülməsinə uyğun hesablanır. Bu da əsasən inkişaf etmiş ölkələrdə tətbiq edilir”.


Müəllif: Cavad