25 Noyabr 2017 09:30
2 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zənnimcə, sazişi imzalayarsa, Azərbaycanın beynəlxalq münasibətlərdə oynayacağı rol daha da dinamikləşər və ölkəmiz bölgənin superdövləti kimi inkişafın yeni mərhələsinə qədər qoya bilər”.

Şərq Tərəfdaşlığı Proqramının uğurla həyata keçirilməsi Avropa İttifaqının gündəmində dayanan ən aktual məsələlərdən biridir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, söhbət 6 postsovet (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) ölkəsinin siyasi və iqtisadi cəhətdən Avropa İttifaqının orbitinə cəlb edilməsindən gedir:

“İndiyədək postsovet ölkələrindən Baltikyanı ölkələr bu mərhələləri keçiblər. Hazırda üç Baltikyanı respublika Avropa İttifaqının və NATO-nun üzvləridir. Son dövlərdə isə Ukrayna və Gürcüstan Şərq Tərəfdaşlığı Proqramına qoşulmağın imtiyazlarından faydalanırlar. Avropa İttifaqı ilə imzalanacaq sazişin Azərbaycan üçün ilk növbədə əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş sisteminə keçəcək.

İkincisi biz, Avropa İttifaqının humanitar xarakterli müəyyən yardımlarını, – ölkəmizdə xeyli sayda qaçqın və məcburi köçkün var, – ala bilərik. Üstəlik, imtiyazlı ticarət şərtləri, yəni gömrük sistemində müəyyən imtiyazlar əldə etmək mümkündür. Bununla da ticarət dövriyyəsi xeyli artar. Avropa mallarının daha ucuz qiymətə, yəni az gömrük rüsümu ödəmək şərtilə Azərbaycana gətirilməsi prosesi baş tuta bilər. Bu da xeyli valyutaya qənaət edilməsi demək olardı”.

Q.Hüseynlinin sözlərinə görə, məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, Şərq Tərəfdaşlığı Proqramı bu proqrama daxil olan ölkələrin NATO və Avropa İttifaqı üzvlüyünə hazırlanması prosesinin bir mərhələsidir:

“Bu mərhələyə uyğun olaraq onu imzalamış hər bir dövlət üçün yol xəritəsi hazırlanır. Yol xəritəsində həmin dövlətlərin üzərinə islahat xarakterli müəyyən öhdəliklər qoyulur.

Söhbət siyasi, iqtisadi islahatlardan və qanunvericiliyin bütün müddəalarının Avropa standartlarına uyğunlaşdırılmasından gedir. Bu nöqteyi-nəzərdən Azərbaycan sazişi imzalasa, Avropadan daha çox məhsul, hətta hərbi təyinatlı məhsullar da ala bilər. Müharibə şəraitində olan Azərbaycan üçün bu sazişin imzalanmasının ən mühüm tərəfi ondan ibarət ola bilər ki, həm ölkədə iqtisadi islahatlar prosesi sürətlənər, həm də Avropa ilə ticarət dövriyyəsi bir neçə dəfə artar. Ən başlıcası, Azərbaycan Avropadakı texnologiyaya, elm tutumlu məhsullara daha asan çıxış əldə edə bilər, bu da nəticə etibarilə Azərbaycanın iqtisadi inkişafına böyük təkan verər. Bir sözlə, Şərq Tərəfdaşlığı Proqramının və bu çərçivədə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu sammit Rusiya təsirinin neytrallaşdırılması və alternativ əlaqə yolları tapmaq üçün də önəmli rol oynaya bilər. Zənnimcə, sazişi imzalayarsa, Azərbaycanın beynəlxalq münasibətlərdə oynayacağı rol daha da dinamikləşər və ölkəmiz bölgənin superdövləti kimi inkişafın yeni mərhələsinə qədər qoya bilər”.


Müəllif: Sәxavәt Hәmid