1 Dekabr 2017 08:55
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk olaraq Rza Zərrab işinə beynəlxalq prizmadan baxmaq lazımdır. İnsana elə gəlir ki, bu, sadəcə ABŞ-a aid məhkəmə prosesidir və digər ölkələrlə əlaqəsi yoxdur.

Bu fikirləri Teleqraf.com-a Vaşinqtonda başlayan Rza Zərrabın məhkəmə prosesi və bu işin Türkiyə üçün mümkün nəticələrini şərh edən hüquqşünas Fərhad Mehdiyev deyib.

Mütəxəssis xatırladıb ki, ABŞ-dakı Zərrab işi, sadəcə, Amerika qanunlarının pozuntusu ilə əlaqəli məsələ deyil. BMT Təhlükəsizlik Şurasının 2007 tarixli qərarlarında olan sanksiyalara əlavə olaraq, 2010-cu ildə 1929 saylı yeni bir Rezolusiya ilə, bütün dövlətlərə İranla geniş ticarət qadağaları, banklara əməliyyat qadağaları gətirildi. Bunlar həmin qərarın 21, 22 və 23 paraqraflarında yer alır. Türkiyə nümayəndəsi bu qanunu açıq müdafiə edib. Demək istədiyim odur ki, bu qanuna görə, İranla çirkli pulların yuyulması faktı varsa, bu cinayətdir. Söhbət bütün ölkələrdən gedir. Çünki bu cür fəaliyyət BMT tərəfindən qadağan edilib. Məhz bu qanuna əsasən, Rza Zərrab əslində nəzəri baxımdan ABŞ-da deyil, İngiltərə və ya Fransada da həbs oluna bilərdi”.

Müsahibimiz qeyd edib ki, Vaşinqtonda başlanan məhkəmədə Türkiyə ilə bağlı 3 bankın da adı keçir:

“Əgər bu bankların iddia olunduğu kimi çirkli pulların yuyulmasında, İrana pul göndərməsi və ya alması faktlarla təsdiqini taparsa, sözsüz ki, bu banklara qarşı maliyyə sanksiyası tətbiq ediləcək. Sözsüz ki, ABŞ-dan gəlib Türkiyədə bu məhkəmə qərarını icra etdirə bilməzlər. Bu halda türk banklarına qarşı verilən sanksiyanın necə tətbiq ediləcəyi məsələsi ortaya çıxacaq. Ancaq iş ondadır ki, bankların xarici maliyyə əməliyyatları üçün kod lazımdır. Yəni kod olmadan Master və ya Viza kartlarla işləmələri mümkün olmaz, beynəlxalq əməliyyatlar həyata keçirilə bilmz. Əlbəttə, bu banklar Türkiyə daxilində fəaliyyət, pul köçürmələri həyata keçirə biləcək. Eləcə də İran və Rusiya ilə də pul köçürmələri həyata keçirmək mümkün olacaq. Çünki bununla bağlı dövlətlər ABŞ üzərindən kod vasitəsi olmadan pul köçürmələrində razılıq əldə edib. Ancaq banklar xarici əməliyyatlar apara bilməyəcəklər”.

Fərhad Mehdiyev hesab edir ki, əslində, Türkiyə tərəfi bu beynəlxalq öhdəliyə əməl etməli idi:

“Əgər xatırlayırsınızsa, Türkiyədə Rza Zərrabın özü və hətta digər bir nəfər həbs edilmişdi. Sonradan onlar azadlığa buraxıldı. Ancaq indiki halda məsələnin digər qorxulu tərəfi odur ki, ABŞ Türkiyədən şikayət edə, məsələni BMT səviyyəsində müzakirəyə çıxara bilər. Bu mümkündür. Məhz bu ehtimalları nəzərə alaraq Vəkillər Konfederasiyasının rəhbəri Mətin Feyzioğlu dedi ki, Türkiyə ABŞ-da məhkəməsi olanları müdafiə etməməli, bu şəxslərlə məsafə saxlamalıdır. Çünki sonda cərimələr gələ bilər və biz özümüz onlara cinayət işi açmalıyıq ki, bu cərimələr Türkiyənin üzərinə deyil, həmin şəxslərə tətbiq olunsun. Beləcə qarşı tərəf görsün ki, Türkiyə özü cinayət işi açıb, bu şəxsləri ittiham edəcək və s. Bu səbəbdən də, onlar bu məsələdə Türkiyənin üzərinə gəlməsin”.

Fərhad Mehdiyev qeyd edib ki, Vaşinqtondakı məhkəmə işinin siyasi tərəflərinin olması təbiidir. Onun sözlərinə görə, siyahıda Bilal Ərdoğandan tutmuş həbsdə olan jurnalist Can Dindarın adına qədər rast gəlinir:

“Yəni siyahıda həm şahidlərin, həm də şübhəlilərin adlarına rast gəlinir. Məsələn, Türkiyənin sabiq naziri Egəmən Barışın adı var. Mən bilmirəm, onun adı siyahıya neçə daxil olub. Fikrimcə, cinayət işində təqsirləndirilən şəxslərin sayı artacaq. Məsələn, daxili işlər naziri Zərraba vətəndaşlıq verməkdə rol oynayıb. Onun adı da siyahıya salına bilər. Keçmiş nazir Zəfər Çağlayanın da adına siyahıda rast gəlinir”.

Hüquqşünas əlavə edib ki, məhkəmə sonda adı çəkilən şübhəliləri İnterpol vasitəsilə axtarışa verə bilər:

“Əlbəttə, hökumət üzvü olanların toxunulmazlığı var və onların həbsi ağlabatan deyil. Ancaq deputat turist kimi Avropa və ya ABŞ-a gedərsə, saxlanıla bilər. Məncə, bir çox şəxslərin adı interpola təqdim ediləcək.

Onu da nəzərə alaq ki, beynəlxalq siyasətdə Türkiyənin üz-üzə gəldiyi məqamlar var. Məsələn, kürd, İraq və ya Suriya siyasətində. Ola bilsin ki, məhkəmə prosesindən həm də Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Ancaq o da bəllidir ki, ABŞ-da ədalət mühakiməsi şəffafdır və buna ciddi ictimai nəzarət var. Üstəlik ABŞ-da ittiham tərəfi təqsirləndirilən şəxslə danışığa gedə bilir. Rza Zərrab bunun bir misalıdır. Təqsirləndirilən şəxs əməkdaşlığa gedirsə və ittiham tərəfinə kömək edirsə, onun üzərindən cinayət işini götürmək mümkün olur. Ancaq Avropada, elə Azərbaycanda bu, mümkün deyil. Bizdə adam cinayət törədibsə, cəzasını almalıdır. ABŞ-da isə prokuror deyə bilər ki, Zərrab mənim üçün əhəmiyyətlidir, cinayət işinin açılmasında mühüm rol oynayıb, mənə ciddi faktlar verib, odur ki, onun üzərindən ittihamı geri çəkirəm. Mən deyə bilmərəm ki, ABŞ-da Rza Zərraba hansı söz veriblər. Ancaq mümkündür ki, Zərrab Türkiyəyə qayıtmaqdan imtina edərsə, onu gizli şahid statusuna götürüb, sonra adını dəyişib gizlətsinlər. Əvvəl Zərrabı həbsxanada öldürmək istədilər, hətta bıçaqladılar. Bu səbəbdən də onun saxlanıldığı yer dəyişdirilib və gizli saxlanılır”.


Müəllif: Cavad