7 Dekabr 2017 10:02
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Fələstin məsələsi ətrafında son dərəcə ciddi və eyni zamanda nəticələri uzun müddətə hesablanmış mürəkkəb oyun qurulmaqdadır.

Teleqraf.com xəbər verir ki, bunu “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu bildirib.

O qeyd edib ki, Suriya və İraqda İŞİD-in sonunun çatdığını elan edən bölgə ölkələri hazırda yeni və daha təhlükəli gedişatla baş-başadırlar:

“Ən maraqlısı odur ki, bu gedişat Livanda Saad Həriri olayı və Səudiyyə Ərəbistanında baş verən “vəliəhd yenilənmələri” fonunda özünü ilk növbədə Yəməndə aktiv fazaya daxil olan Ərəb-İran qarşıdurması ilə göstərdi. İndi isə Qüds məsələsi müzakirədədir. Diqqət edin, Fələstin məsələsi – bölgənin məhz o problemlərindəndir ki, kökü var, tarixi var və ona münasibət birmənalı deyil, hətta islam ümmətinin özündə belə”.

V.Zifəroğlunun sözlərinə görə, istər Yəməndə yaşananlar, istərsə də Fələstin problemi islam ümmətini daxildən bölən, hətta belə demək mümkündür ki, onları qarşı-qarşıya gətirən məsələlərdir:

“Hətta Fələstinin özündə belə zamanında yaşanmış HƏMAS-FƏTH qarşıdurması bu bölünmə üçün ən bariz nümunə sayıla bilər. İndi məhz bu bölünmələrə hesablanmış nöqtələr diqqətdə saxlanılmaqda, onların daha qabarıq şəkildə ortaya çıxması üçün gedişlər edilməkdədir”.


Müəllif: Səxavət