8 Dekabr 11:05
620

Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükə altındadır.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında çıxışında deyib.

F.Əliyev tədbir iştirakçılarına son illər ərzində Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlarından bəhs edərək, ölkədə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, o cümlədən su ehtiyatlarının və təhlükəli tullantıların səmərəli idarə olunması, meşəsalma tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli monitorinq və hidrometeorologiya sisteminin modernləşdirilməsi barədə geniş auditoriyaya məlumat verib.

Nazir müavini Ermənistanın Azərbaycan torpaqlarının 20%-i işğal etdiyini və bunun nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyətin təhlükə altında olduğunu, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərə çatmaq üçün davamlı inkişaf gündəliyində duran məsələlərin həllində əngəllər yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Assambleya çərçivəsində nazir müavini F.Əliyev BMT-nin Ətraf Mühit Assambleyasının yeni seçilmiş sədri, Estoniyaın Ətraf Mühit naziri Siim Kiisler ilə görüşərək, ona səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifədə uğurlar arzulayıb. Sonra gündəlikdə duran cari ekoloji məsələlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Estoniya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu sahədə hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd olunub.

F.Əliyev həmçinin, Litvanın Ətraf Mühit Naziri Kestutis Navickas ilə görüşü zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Assambleyada iştirak çərçivəsində BMT-nin Ətraf Mühit üzrə Proqramının İcraçı direktoru Erik Solheym ilə keçirilən görüşdə belə mötəbər tədbirin təşkilinə, habelə Assambleyanın hazırlıq mərhələsində konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə minnətdarlıq bildirilib və tərəflər arasında səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, F.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib.


Müəllif: Teleqraf.com