9 Dekabr 2017 11:32
4 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun sabiq icraçı direktoru, şərqşünas alim Fərda Əsədov ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra yaranan durum, ərəb ölkələrinin buna münasibəti və digər mövzularda Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Fərda müəllim, ABŞ Prezidenti Trampın Qüdslə bağlı son qərarına münasibətiniz necədir?

- Ərəb dünyasının problemlərini araşdıran mütəxəssis olaraq deyə bilərəm ki, Trampın qərarı vəziyyəti çox gərginləşdirən riskli addımdır. Ancaq bu həm də Trampa xas olan siyasi addımdır. Tramp hər zaman planda olan məsələləri kəskin şəkildə qoyaraq sanki burulğan yaradır. Görünən odur ki, bu burulğanın yaranması hansısa yeni siyasət konfiqurasiyasının reallaşdırılması üçündür. Odur ki, Trampın indiyə qədər müşahidə olunan siyasəti üçün bu, tam təbii görünən addımdır.

Digər tərəfdən, məlumdur ki, son zamanlar İsrail-Fələstin müzakirələrinin bərpa olunmasına dair söhbətlər var idi. Fələstin lideri Mahmud Abbas mövqeyini açıq bildirərək dedi ki, danışıqların yaxın zamanlarda başlaması üçün bu qərar böyük təhlükə yaradır.

Eyni zamanda mənim qənaətimcə, bu qərarın verilməsi həm də regionda Rusiyaya yaşıl kart verir ki, SSRİ dövründə olduğu kimi “ərəb ölkələri SSRİ-nin dostu, İsrail isə ABŞ-ın müttəfiqidir” siyasəti gündəmə gəlsin. Böyük dövlətlərin yeni münasibət qurması, bu regiona aid siyasətin formalaşması mərhələsi haqda danışırıq. Ancaq bu mərhələ necə inkişaf edəcək, hansı vəziyyətə yol açacağını indidən demək bir qədər çətindir. Hər halda burada problemin yeni müstəvisi yaranır.

Onu da qeyd edim ki, ABŞ siyasətinə aid hər bir məsələyə bu ölkənin daxili siyasi durumu ilə müqayisədə baxmalıyıq. Bildiyiniz kimi, ABŞ-da Tramp siyasi elita ilə münasibətlərdə bir sıra problemlərlə rastlaşır. Sanki Tramp bu elitanın ənənələrini dağıtmaq üçün vəzifəyə gəlib. Mən deyərdim ki, Trampın Qüds qərarının ABŞ-ın daxili siyasəti üçün də müəyyən əhəmiyyəti var. ABŞ-da daha düşünülmüş siyasət aparmağın tərəfdarları var. Yəni Trampın son qərarını onlarla münasibətlərdə, onların siyasi iradəsinə təpki göstərmək baxımından da şərh etmək olar. Bir sözlə, bu qərarı Yaxın Şərqdə vəziyyətə yeni cizgi verməklə yanaşı, ABŞ daxili siyasətində də burulğan yaratmaq kimi qiymətləndirmək olar.

- Bu addım Ərəb-İsrail savaşına gətirib çıxara bilərmi?

- Bu qərar mövcud gerçəklikləri də əks etdirir. Birincisi, ərəb dünyasının böhranda olmasını. İkincisi, ümumərəb məsələsinin ərəb ölkələrinin gündəmində əhəmiyyət kəsb etməməsi. Üçüncü, bir sıra ərəb ölkələri daxilində gərginliyin artması. Trampın qərarı həm də bu gerçəkliklərlə müşahidə edilir. Bu tərəfdə isə bir gücün əzələ nümayiş etdirərək havada olan qərarı gerçəkləşdirmək məqsədi ola bilər. Hazırda Səudiyyə Ərəbistanı ilə ABŞ-ın xeyli dərəcədə yaxınlaşması müşahidə edilir. Digər ərəb rejimləri də bu prosesin arxasınca getmək meylini göstərir. Ona görə də mütəşəkkil ərəb mövqeyini qoyub hansısa müharibə aparmaq və ya siyasi gedişlərlə nəsə əldə etmək çətin olacaq. Mən bu ehtimalı az görürəm. Amma terrorçuluq, terror əməliyyatlarının artması gözləniləndir. Eyni zamanda etiraz aksiyaları baş verəcək. Bu, həm də İsrail-Fələstin danışıqlarının başlaması üçün qüvvələrin səfərbər olmasına təsir göstərəcək. Hesab edirəm ki, Rusiya yaranan vəziyyətdən istifadə edib nüfuzunu artırmağa çalışacaq.

- Hazırda bu məsələ ilə bağlı daha çox Türkiyə etiraz edir. Bu prosesdə Ankaranın uduşu nədən ibarət olacaq?

- Məncə, bu, Türkiyəyə müəyyən uğurlar gətirməlidir. Ərdoğan dövründə Türkiyə ardıcıl olaraq Fələstini müdafiə edib. Türkiyənin İsraillə də münasibətləri uğurlu olub. Türkiyənin bu məsələdə fəaliyyəti daha çox sülh danışıqlarının bərpası olmalıdır. Gündəmə hərb gəlirsə, deməli, bu sülh danışıqları təşəbbüsünə daha çox yol açılmalıdır. Burada Türkiyənin danılmaz rolu olacaq.

- Trampın qərarını Avropa Birliyi, Rusiya, Türkiyə və digər siyasi güclər müdafiə etmədi. Bu gün BMT Təhlükəsizlik Şurası Qüds məsələsi səbəbindən toplanır. Sizcə, Trampın məlum qərarının ləğvi və ya dondurulması mexanizmi varmı?

- İş ondadır ki, BMT Təhlükəsizlik Şurasında qərar yekdil olmalıdır. Ancaq qərarın yekdil olması üçün bəzən hər şey bir ölkədən asılı olur. Belə baxanda mexanizm çox zəifdir. Ancaq mən onu deyə bilərəm ki, ABŞ növbəti dəfə beynəlxalq icma ilə izolyasiya və ya qarşıdurma vəziyyətində qalsa, inanmıram ki, bu, onun üçün yaxşı variant olacaq. Bu halda Trampa həm xaricdən, həm də daxildən təsir edənlər olacaq. BMT Təhlükəsizlik Şurasında ABŞ mövqeyinin təklənməsi yaxşı əlamət olmayacaq. Bu, ABŞ siyasətində Trampa qarşı tənqidlərin artmasını şərtləndirə bilər.

- Yəni Trampın impiçmenti haqda iddialar bir qədər də reallğa yaxınlaşar?

- Biz hər zaman bu məsələnin üzərinə gəlirik. Bu məsələ Trampın üzərində Demokıl qılıncı kimi qalır və ona təsir etmək məqsədi daşıyır. Biz əvvəllər qeyd edirdik ki, ABŞ elitasının ekspert icmasının mövqeyi ilə Trampın səriştəsiz, amma son dərəcə qətiyyətli biznes yaxınlaşması arxasında ziddiyyətli dinamika var. Bu dinamika ya son nəticədə optimal siyasətin formalaşmasına gətirəcək, ya da məsələ kəskinləşəcək. Ancaq bütün hallarda bu, ABŞ-ın siyasi mədəniyyətinin və siyasi sisteminin dinamikasının təkmilləşdirilməsi prosesidir.


Müəllif: Cavad