6 Yanvar 2018 09:14
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin tərkibinə yenidən daxil edilməyim Milli Məclis rəhbərliyinin qərarıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

O qeyd edib Avropa Şurası və onun mühüm institutlarından olan Parlament Assambleyası ilə işləmək lazımdır:

“Azərbaycan üçün mühüm olan təşkilatda ölkəmiz öz hüquqlarını müdafiə etməlidir. Azərbaycan Ermənistanın təcavüzü, ümumi strateji inkişafı, dəyərləri ilə bağlı müvafiq işlər aparmalıdır və ümidvaram ki, bu işlər aparılacaq”.

A.Mollazadə özünün görməyi planlaşdırdığı işlərdən danışarkən deyib:

“Əsasən Ermənistanın bölgədəki təcavüzkar siyasətinin ifşası, Azərbaycanın dəyərlərinin, onun strategiyasının çatdırılması, beynəlxalq və Avropa ictimaiyyətini tanış etmək kimi hədəflər qarşımda dayanır. Təbii olaraq Azərbaycanın maraqlarını qorumaq...”

Azərbaycanla Avropa Şurasının və onun parlament assambleyasının münasibətlərinin daha da sıxlaşdırılmasına hansı töhfələr verə biləcəyinə dair sualımızı cavablandıran deputat buna böyük ehtiyac olduğunu vurğulayıb:

“Avropa Şurası önəmli beynəlxalq təşkilatdır və Azərbaycan hər bir platformadan, hər bir imkandan istifadə edərək öz maraqlarını bu təşkilatda qorumalı, müdafiə etməlidir”.

A.Mollazadə bəzən Azərbaycanın Avropa Şurasından çıxmasına dair səslənən çağırışlarla bağlı olaraq deyib ki, buna ehtiyac olduğunu düşünmür:

“Xatırlatmaq istəyirəm ki, vaxtilə Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı təcavüz, işğalçıların keçirdikləri etnik təmizləmələr, yüz minlərlə qaçqının olduğunu əks etdirən qətnamələr qəbul edilib. Mənə elə gəlir ki, bu istiqamətdə də işləri davam etdirmək lazımdır. Azərbaycan informasiya müharibəsində də öz gücünü ortaya qoymalıdır. Qeyd etdiyiniz xoşagəlməz halların əsas səbəbi məhz Azərbaycana qarşı aparılan informasiya müharibəsidir. Bu müharibəni həm erməni lobbisi, həm də onların arxasında duran qüvvələr aparır. Ona görə də biz öz hüquqlarımızı, öz dövlət maraqlarımızı hər bir beynəlxalq təşkilatda qorumalıyıq və hər bir beynəlxalaq təşkilatın imkanlarından istifadə etməliyik. Azərbaycan bu təşkilat sıralarında öz işini davam etdirməlidir ki, ölkəmizi daha yaxından tanısınlar və Azərbaycan özünə daha çox dost qazansın”.

Qeyd edək ki, A.Mollazadə əvvəllər də AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü və Belarus üzrə məruzəçi olub. Hazırda Avropa İttifaqının Belarus üzrə işçi qrupunun üzvü olduğunu vurğulayan A.Mollazadə bundan başqa AŞPA-da fəalliyyət göstərdiyi dövrdə Orta Şərq Alt Komitəsinin sədri olduğunu xatırladıb:

“Təbii olaraq hər bir məsələ ilə bağlı bu təşkilatın işlərində fəal iştirak etməyi planlaşdırırıq”.


Müəllif: Səxavət Həmid