6 Yanvar 10:42
3 626

İranın bir neçə şəhərində hakim rejimə və onun başçısı, ayətullah Əli Xameneyiyə qarşı kütləvi etirazlar davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, etirazlar paytaxt Tehranda və Təbrizdə, eləcə də Kamyaran, Ərak, Dezful, Rəşt, Əhvaz, Sənəndəc, Kaşan, Takistan, Bukan, Xomeyn, İsfahan və digər şəhərlərdə keçirilib.

Ərak şəhərində gecə saatlarında hakimiyyətə qarşı şüarlar səsləndirərək küçələrə axışan minlərlə aksiyaçı şəhər icra hakimiyyətinin binasının qapısını sındıraraq onu ələ keçiriblər. Kaşanda gənc etirazçılar atılan gözyaşardıcı qazı zərərsizləşdirmək üçün küçələrdəki zibil qablarını yandırıblar.

Qəzvin əyalətinin Takistan şəhərində isə minlərlə etirazçı gecə saatlarında şəhərin əsas küçə və meydanlarında toplaşaraq, “Ruhaniyə ölüm” “Xameneyiyə ölüm”, “Top, tank, fişfişə, Axund cəhənnəm olsun” şüarlarını səsləndirərək hakimiyyətə öz etirazlarını nümayiş etdiriblər.

Təbrizdə “Tiraxtur”-“Perspolis” futbol komandalarının görüşündən sonra stadiondan çıxıb şəhər küçələrinə axışan 30 mindən çox “Tiraxtur” tərəfdarı və onlara qatılan digər vətəndaşlar “Azərbaycan milləti, çəkəmməz bu zilləti”, “Durub baxan biqeyrət, Durub baxan biqeyrət” şüarları səsləndirərək öz etirazlarını bildiriblər.

Həmin gün İslam respublikası hakimiyyətinə qarşı etirazlar Xomeyn və İsfahan şəhərlərində də davam edib. İsfahanın Cuyabad məntəqəsində minlərlə aksiyaçı SEPAH-ın nəzdində fəaliyyət göstərən “Bəsic” qərargahının binasına hücum edərək ona od vurublar.

İranın müxtəlif şəhərlərində keçirilən kütləvi xalq etirazlarında onlarla aksiyaçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.


Müəllif: Samir