8 Yanvar 15:27
560

Hər iki tərəfin müəyyən qayğıları var.

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, ordu generalı Kertis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov arasında bu ay Bakıda keçiriləcək görüşdən gözləntiləri Teleqraf.com-la bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər belə deyib.

O qeyd edib ki, bu qayğılar regionda yaranmış vəziyyətlə bağlıdır:

“Rusiya ilə ABŞ, eyni zamanda Avropa İttifaqı arasında münasibətlər, xüsusilə Krımın ilhaqından sonra kəskinləşib və hər iki tərəf qarşılıqlı olaraq müəyyən hazırlıqlar içərisindədir. NATO Şərqi Avropada, yəni, Rusiya sərhədləri yaxınlığında öz hərbi varlığını artırır. Rusiya da buna öz silahlı qüvvələrini gücləndirməklə cavab verir. Yəni, bütün Şərqi Avropa boyu – Baltik dənizində, Qara dənizdə, eyni zamanda münaqişə bölgələrində gərginlik artır. Buna görə də tərəflər zaman-zaman bu cür görüşlər keçirmək ehtiyacı hiss edirlər. Burda başlıca məqsəd gərginliyi aşağı salmaqdır. Xüsusən, NATO ilə Rusiya arasında Qara dənizdə və Baltik dənizində, eyni zamanda beynəlxalq sularda və beynəlxalq hava məkanında zaman-zaman qarşılaşmalar, müəyyən gərginliklər olur. Bu görüşdə başlıca məqsəd baş verə biləcək təhlükəli insidentlərin qarşısının alınmasıdır. Düşünürəm ki, görüş zamanı da hərbi əməliyyatların, təlimlərin koordinasiya edilməsi, öncədən xəbər verilməsi, təhdidlərə qarşı hərbi güc tətbiqi məsələsində tərəflərin güzəştli davranması kimi məsələlər müzakirə olunacaq”.

S.Əkbər qeyd edib ki, xüsusilə, Ukraynaya ABŞ və bəzi digər müttəfiqləri tərəfindən öldürücü xüsusiyyətlərə malik müdafə silahlarının verilməsinə dair qərarın qəbulundan sonra Rusiya çox qəzəblidir:

“Eyni zamanda Şimali Koreyadan tutmuş Ukraynayadək müxtəlif münaqişə bölgələrində NATO özü olmasa da, ABŞ başda olmaqla alyansın üzvü olan ölkələr Rusiya ilə qarşı-qarşıya gəlirlər. Biz bunu Suriyada tez-tez görürük. Eyni zamanda Qara dəniz üzərində müşahidə edirik. Bir daha qeyd etmək istəyirəm ki, Bakıda keçiriləcək görüşdə əsas məqsəd dialoqun bərpa olunması, insidentlərin önlənməsi, insident baş verdikdə də onların böyümədən həlli yollarının aranmasıdır”.

Qeyd edək ki, ötən il də Bakıda iki belə görüş keçirilib. Fevral ayında V.Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford, sentyabrda isə V.Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel bir araya gələrək müzakirələr aparıb. Bakıda bu qəbildən olan üçüncü görüşün keçirilməsi əvvəlki görüşlərin müvəffəqiyyətlə nəticələndiyi qənaətini yaradır.

S.Əkbər isə deyir ki, tərəflər arasında gərginlik artsa da, münasibətlər zaman-zaman kəskinləşsə də, hərbçilər dialoqun davam etdirilməsinin tərəfdarıdırlar:

“Düzdür, diplomatlar da bunun tərəfindədirlər. Onlar narahatdırlar ki, Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması kimi qəfil insidentlər baş verə bilər. Hər bir tərəfin hərbi təhdidə cavab verməsinə dair təlimatı var. Məsələn, təyyarələr havada bir-birinə həddən artıq yaxınlaşa bilər və pilotlardan birinin əsəbi dözməz, təlimata uyğun olaraq qarşı tərəfə cavab verə bilər. Yəni, qarşıdakı təyyarəni vurar. Yaxud, kəşfiyyat təyyarələri dəniz üzərində hansısa esminesə yaxınlaşar, esminesdən cavab verilə bilər. Əksinə, esminesdən qalxan təyyarə kəşfiyyat təyyarəsi ilə qarşılaşar. Yəni, belə vəziyyətlərdə pilotlar müəyyən avtonom hərəkət edə bilirlər. Çünki onların əlində təhdidlərə cavabvermə təlimatı var. Ona görə də bu görüşlərdə başlıca məqsəd gərginliyi azaltmaqdır. Çünki vəziyyət gərginləşdikcə bu təlimatlar da sərtləşir”.


Müəllif: Səxavət Həmid