11 Yanvar 14:04
2 175

Teleqraf.com Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.

- İranda baş verən son aksiyalara münasibətiniz necədir. Sizcə, nədən müxtəlif şəhərlərdə qəfildən mitinqlər başladı?

- Kimin nə deməsindən asılı olmayaraq, bu aksiyalar imperiyanın gec və ya tez sonunun çatacağının göstəricilərindən biridir. İnsan haqları pozulan, insanlara zülm edilən, millətlərə öz dilində məktəb açılmasına imkan verilmədiyi bir yerdə belə aksiyalar baş verməlidir. Bu halda cümhuriyyətin adını istərsən islam qoy, istərsən başqa ad qoy, bunun məsələyə dəxli yoxdur. Allahın əleyhinə olan bir ölkədə bu hadisələr olmaldır. Ancaq aydındır ki, bizim bu məsələlərə başqa bir baxışımız var. Bu da Azərbaycanın bütövlüyü, orada azərbaycanlıların haqqının qorunması məsələsidir. Dünyanın isə başqa bir baxış bucağı, yanaşma tərzi var.

- Dünyanın İrana baxışı nədən ibarətdir?

- Dünya nəzərə alır ki, orada iqtisadi vəziyyət pisdir, sosial durum ağırdır. Hətta Amerika İran məsələsini BMT-də, Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa çalışır. Ancaq nəzərə almırlar ki, BMT yaranan ilk gündə onun gündəmində Azərbaycan məsələsi var idi və bu günə qədər həmin məsələyə baxılmayıb. Demək istərdim ki, bizim və dünyanın İran proseslərinə baxış bucaqları fərqlidir. Dünyanın baxışında siyasi məsələ, öz iddiaları, müsəlman coğrafiyasında yeni münaqişə ocaqlarının yaradılması, Suriya, İraq və ya Əfqanıstan ssenarisini təkrarlanması kimi məsələləri var. Bu tamam başqa mövqedir. Aydındır ki, biə belə məsələlərin əleyhinəyik və bunu arzu etmirik. Bir sözlə, dünyanın baxışı ilə bizim baxış arasında üst-üstə düşən və düşməyən məsələlər var.

- Bu aksiyalarda azərbaycanlıların iştirakçılığını necə şərh edirsiniz?

- Çox dürüst. Özünün təşkil etmədiyi, özünün olmadığı bir məsələdə Azərbaycan insanının iştirak etməməsi tamamilə doğrudur. Və sükutu ilə də dünyaya sübut etdi ki, mən varam. Azərbaycan türkləri bu aksiyalarda iştirak etmədilər. Çünki bu prosesi onlar başlatmamışdı.

- Təbrizin bu prosesdə iştirak etməməsi qəribə deyilmi?

- Aksiyaların Təbrizə aidiyyəti olsaydı, Təbriz elə birinci olardı. Son 100 ildə Təbriz üç dəfə inqilab edib. Bu zaman Təbrizə özündən başqa kim dəstək verdi ki? Heç dünya da dəstək vermədi. Səttarxan, Xiyabani və Pişəvəri hərəkatları oldu, bu hərəkatlar özünə hökumət belə qurdu. Və həmin anlarda da dünya Azərbaycanı dəstəksiz qoydu. Pişəvəri hərəkatından sonra Azərbaycan məsələsi dünyanın gündəminə gəldi. II Cahan Savaşından sonra BMT yaradıldı və Azərbaycan məsələsi də gündəlikdə olan ilk məsələlərdən biri idi. İndiyə qədər də müzakirə edilməmiş qalıb.

Mənim fikrimcə, kiminsə Təbrizə yol göstərməsi doğru deyil. Təbriz dünyanın gedişatından xəbərdardır. Odur ki, ona yol göstərmək yaramır, müdaxilə etmək isə ümumiyyətlə, mümkün deyil. Bu şəhər öz işini yaxşı bilir.

- İrandakı son dalğalanma ölkənin daxilindən qaynaqlanırdı, yoxsa xarici təsirlərin nəticəsi olaraq meydana çıxmışdı?

- Məncə, bu prosesdə hər iki amil var idi. Amma bu məsələdə başqa cəhət də ola bilər və biz bunu indi dəqiq bilmirik. Yəni rejim özünü müdafiə etməyə hesablanan addımlar atır və onun da bu prosesdə hansısa formada iştirakı var. İstər mühafizəkar, istərsə də islahatçıların bu prosesdə iştirakı məsələsi var.

- Siz iddia edirsiniz ki, Qərb İrandan yeni Suriya və ya İraq düzəltmək niyyətindədir?

- Mən birmənalı deməzdim. Amma şübhəzis ki, Qərbin öz siyasəti var. Üstəlik Qərbin türk-müsəlman dünyasına, bütövlükdə islan coğrafiyasına özəl yanaşması var. Yəni Qərb ayır-buyur siyasətində hamımıza eyni gözlə baxır.

- Aksiyalar baş verdi və səngidi. Bundan sonra nə gözlənilir?

- SEPAH-ın generalı maraqlı bir açıqlama verdi. Dedi ki, bu proses bitdi. Bu o deməkdir ki, proses idarə edildi və tamamlandı. “Sonra nə olacaq” sualını yaşayıb görərik. Hər halda proses səngiyib, araşdırmalar aparılır, həbs edilənlər var və s. Bu mərhələ bitdi. Növbəti mərhələnin necə olacağını zaman göstərəcək. Əgər bu proses daxildəndirsə, deməli bitməmiş məsələdir. Sadəcə fasilə mərhələsi yaşanır. Yox, əgər kənardandırsa, bu halda da proseslər davam edə bilər. Sabahla bağlı heç kim konkret söz deyə bilməz.


Müəllif: Cavad