11 Yanvar 2018 14:42
5 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müsahibəni təqdim edir.

- Rusiya-Türkiyə münasibətlərində sanki qırılma nöqtəsi yaxınlaşır. Rusiyadan Türkiyəyə göndərilən xəbərdarlıq məktubdan sonra Kremlə yaxın “İzvesitiya” qəzeti Rusiya diplomatlarına istinadən mesaj verir ki, onlar Türkiyə ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olmaqla yanaşı, Əl Nusra terror təşkilatını məhv etməkdə israrlıdırlar. Bu durumu neçə şərh edirsiniz?

- Əslində məsələ son dərəcə açıqdır. Türkiyə və Rusiya Suriyada ümumi düşmənə qarşı birgə hərəkət edirdi. Düşmən məhv edildikdən sonra müttəfiqlər arasında problemlər yaranır. Bunun bir nümunəsi də II Dünya müharibəsidir. Məhz II Dünya müharibəsi zamanı bir araya gələn böyük dövlətlər faşist Almaniyasını məğlub etdilər. Bundan sonra öz aralarında rəqabət və soyuq müharibə başladı. Türkiyə-Rusiya münasibətləri də buna oxşardır. Əvvəl Ankara-Moskva münasibətləri hamar deyildi. Əksinə, münasibətlərdə ciddi problemlər mövcud idi. Amma tərəflər bir araya gəldilər və əməkdaşlığa başlandı. İndi artıq Suriyada İŞİD neytrallaşdırılıb. Bundan sonrakı mərhələdə Suriyada hakimiyyət məsələsi gündəmə gəlir. Bu məsələdə isə Ankara ilə Moskva arasında ciddi fikir ayrılığı var. Rusiya Bəşər Əsədi dəstəkləyir, Türkiyə isə Suriya müxalifətini.

İkincisi, bəzi xarici qüvvələr də Moskva-Ankara müttəfiqliyinin başa çatmasında maraqlıdır. Xmeymim hərbi hissəsinə kimin hücum etdiyi hələlik bəlli deyil. Rusiya iddia edir ki, bu hücumu Türkiyənin müdafiə etdiyi qruplar təşkil edib. Ankara isə bu iddianı rədd edir. Düşünürəm ki, bu durum yaxın dövrdə Türkiyə-Rusiya münasibətlərində ciddi suallar yaradacaq. Artıq Türkiyənin özü də Rusiyadakı Suriya mövzusunda keçiriləcək konfransa qatılıb-qatılmayacağı haqda qəti mövqe ortaya qoymur. Gözlənilən odur ki, Suriyada ikinci mərhələ daha ağır formada keçəcək. Bu daha çox hakimiyyətin bölgüsü, müxalifət-hakimiyyət arası dialoqun necə qurulacağı məsələsində özünü göstərəcək. Bu məqamlar Ankara-Moskva münasibətlərində çatlar meydana gətirə bilər. Digər tərəfdən, Ankara-Moskva münasibətlərini pozmağı arzulayan xarici ölkələrin olduğu da sirr deyil. Kim zəmanət verə bilər ki, Xmeymimə təxribat xarakterli hücum olmayıb və bunu üçüncü dövlət təşkil etməyib? Bu hücumu dronlar vasitəsilə həyata keçirmək mümkündür. Fakt odur ki, indi Suriya məsələsində müttəfiq olan ölkələrdən biri digərindən bu hücuma görə şübhələnir.

- Rusiya nədən Türkiyəyə Əl-Nusra terror təşkilatını məhv edəcəyi barədə mesaj verir?

- Ruslar bu mesajla ona işarə edirlər ki, Türkiyə Əl-Nusranı müdafiə edir. Söhbət ondan gedir ki, Türkiyənin Suriyada əsas rəqibi İŞİD idi. O zaman Əl-Nusra ilə bağlı bəzi fikirlər var idi. Hətta bəzən deyilirdi ki, Türkiyədə hakimiyyətə yaxın hansısa qüvvələr Əl-Nusranı terror təşkilatı saymırlar. Buna görə Rusiyanın müəyyən şübhələri var. Ancaq mən hesab etmirəm ki, Türkiyə birmənalı şəkildə Əl-Nusranı dəstəkləyir və ya ona silah verir. “İzvestiya” qəzeti vasitəsi ilə Türkiyəyə mesaj verilir ki, Əl-Nusra terror təşkilatı ilə bağlı mövqe bildirin. Yəni Əl-Nusranı İŞİD kimi terror təşkilatı hesab edirsiniz, ya yox. Yəqin ki, ruslar Türkiyədən bu cavabı almaq istəyir.

- Türkiyə-Rusiya münasibətlərində yenidən gərginlik yüksələ bilərmi?

- Bu daha çox Türkiyə və Rusiya prezidentlərinin dialoqundan asılıdır. Əgər dialoq davam etsə və aşağı səviyyədə bu problemlər həll edilərsə, bu zaman hər iki tərəf qırılma nöqtəsindən qurtula bilər. Yox, əgər belə qarşılıqlı mesajların sayı artarsa, deməli inamsızlıq da dərinləşəcək. Bu da şübhəsiz ki, münasibətlərdə qırılma nöqtəsinə gətirib çıxara bilər.

- İndiki mərhələdə Ankaraya Rusiya ilə münasibətləri pozmaq, Suriya mövzusunda istədiyi addımları atmaq əl verirmi?

- Əslində münasibətlərin pozulması tərəflərin heç birinə sərf etmir. Odur ki, hər iki tərəf dialoqda maraqlı olmalı, Suriyanın gələcəyini qurmalıdır. Suriyanın indiki kimi dağınıq olması Ankara və Moskvanın maraqlarına cavab vermir. Çünki Suriya Türkiyənin qonşusu, Rusiyanın isə strateji tərəfdaşıdır. Hər iki dövlət də Suriyanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Amma detallar məsələsinə gəldikdə fərqlər və fikir ayrılıqları meydana çıxır. Şeytan da məhz Suriyanın gələcəyi, hakimiyyət bölgüsü ilə bağlı detalların içində gizlənib.

- Bəşər Əsədin özü də Türkiyə ilə sərhədləri nəzarət altına almaq istəyir, üstəlik ərazidə ABŞ-ın tam dəstəklədiyi YPG silahlı qüvvələri də mövcuddur. Bu baxımdan vəziyyət hər an dəyişə bilərmi?

- Əslində sizə deyim ki, Rusiya-Türkiyə ittifaqından ən narahat olan tərəflərdən biri də Bəşər Əsəddir. Əsəd bu ittifaqın pozulmasına çalışır. Bu mənada Rusiya ordusunun Türkiyənin müdafiə etdiyi qruplara hücum təşkil etməsi Bəşər Əsədin maraqlarına cavab verir. Əsəd ancaq Rusiyanın himayəsi altında qalmaq və Türkiyənin bölgədən sıxışdırıb çıxarılmasını istəyir. Bu mənada Moskva-Ankara münasibətlərinin pozulması Bəşər Əsədin maraqlarına tam cavab verir.

- Rusiya hökumətində anti-Türkiyə qüvvələri bu münasibətləri pozmaqda maraqlı ola bilərmi?

- Rusiya hökumətində belə qüvvələr olsa belə, Putin avtoritar prezidentdir. Əgər, o, Ərdoğanla dialoqun aparılmasının tərəfdarıdırsa, anti-Türkiyə qüvvələri bu prosesi poza bilməyəcək.

- Türkiyənin özündə də məntiqlə anti-Rusiya qüvvələrinin olması mümkündür...

-Yox. Buna inanmayın. Türkiyə hökumətində də hər kəs Ərdoğanın dediyini edir. Əgər Ərdoğan və Putin dostluq münasibətlərindən bəhs edirlərsə, yerdə qalanlar liderlərin dediklərini əsas götürəcək.

- Rusiya-Türkiyə yaxınlaşmasının ilkin dövründə bəzi ekspertlər bəyan edirdi ki, bir müddətdən sonra bu müttəfiqlik pozulacaq. Hazırda bu versiyalar ağlabatan görünmürmü?

- Əgər müttəfiqlər bir-birindən üz döndərmək istəsə, bu addımı ilk olaraq Rusiya atacaq. Mən inanmıram ki, Ankara Rusiya ilə müttəfiqlikdən imtina etsin. Türkiyə bunda maraqlı deyil. İnanmıram ki, münasibətlər sıfır səviyyəsinə ensin. Tərəflər ortaq məxrəcə gəlməyə çalışacaq. Nəzərə alınmalıdır ki, Rusiya və Türkiyənin durumu ağırdır, hər iki dövlət Qərb tərəfindən dışlanır. Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, Türkiyə-ABŞ münasibətləri isə normal durumda deyil. Odur ki, Türkiyə və Rusiyanın bir-birinə ciddi ehtiyacı var.


Müəllif: Cavad