12 Yanvar 2018 08:46
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu və əldə olunan uğurları qeyd etdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O qeyd edib ki, ölkənin milli valyutası – manatın məzənnəsi 2017-ci ildə qorunub saxlanılıb, bu da ölkə iqtisadiyyatına, sahibkarlığın inkişafına öz müsbət təsirini göstərib:

“2017-ci ildə Azərbaycanda idxal-ixrac əməliyyatlarında ilk dəfə olaraq müsbət ticarət balansı yaranıb, 6,2 milyard dollar müsbət saldo olub. Yəni, ixrac idxalı üstələyib”.

V.Əhmədov bildirib ki, il ərzində qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilib, turizm, kənd təsərrüfatı, sənaye sahələrində inkişaf olub:

“Hətta sənayedə 2,5-3 faizə yaxın inkişaf qeydə alınıb. İlk dəfə olaraq Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı artıb, ixracın həcmi əvvəlki illərlə müqayisədə 20 faizi keçib. Ölkəmizə turizm axını da 20 faizdən çox artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatına müsbət təsirini göstərib. Düzdür, ölkənin iqtisadiyyatını təmin edən əsas amillərdən biri olan neftin dünya birjalarında qiyməti 2017-ci ildə təxminən 55 dollar səviyyəsində olub. Halbuki 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülmüşdü. Demək, ölkəmizə əlavə vəsait daxil olub”.

V.Əhmədov qeyd edib ki, 2017-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verilib:

“Bu, həm iqtisadi, həm də siyasi layihədir. Ölkəmizin müstəqilliyi üçün belə layihələrin çox böyük əhəmiyyəti var. Artıq bu dəmiryolu üzrə yüklərin, sərnişinlərin daşınmasına başlanıb ki, bu da Azərbaycana gələcəkdə böyük dividentlər gətirəcək”.

Deputat əlavə edib ki, 2018-ci il üçün faktiki olaraq gözəl baza yaranıb və qəbul olunan dövlət büdcəsi, atılan digər addımlar, neftin qiymətinin son vaxtlar 70 dollar səviyyəsində olması ölkə iqtisadiyyatının 2018-ci ildə daha yüksək templə inkişaf edəcəyini göstərir:

“Dünya Bankı da bu yaxınlarda öz tövsiyəsini verib və qeyd edib ki, Azərbaycanın ümumi daxili məhsulu 2020-ci ilədək 3 faizə qədər arta bilər. Hesab edirəm ki, neftin dünya bazarında qiyməti 60 dollardan yüksək olarsa, təbii qaz ixracımızı artırarıqsa və qeyri-neft sektorunun inkişafına nəzərdə tutduğumuz səviyyədə nail ola biləriksə, ÜDM-in həcmi arta bilər. Yəni, Azərbaycan dövləti üzərinə götürdüyü bütün sosial layihələri yerinə yetirəcək. İclasda bir sıra digər məsələlərdən bəhs edildi. Hesab edirəm ki, 2018-ci ildə Azərbaycan dövlətinin normal inkişafı üçün yaxşı təminat hazırlanıb”.


Müəllif: Səxavət Həmid