11 Yanvar 2018 21:59
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial və iqtisadi məsələlərlə bağlı olan bir dalğanı müxtəlif istiqamətlərə yönəltmək cəhdləri var. Bu məsələyə hərə bir prizmadan yanaşır. Məsələn, Azərbaycandan da baxış prizması var və bu, həm də çox vacibdir. Əvvəla, İran bizə qonşu dövlətdir və sözsüz ki, iri dövlətdir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İranda baş verən sonuncu kütləvi etiraz aksiyalarını şərh edən Arif Əliyev deyib.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev xatırladıb ki, İranın tən yarısı azərbaycanlılardır:

“Xüsusi qeyd edim ki, istər cənubi, istərsə də şimali Azərbaycanda bu hadisələrə bir qədər ehtiyatlı, soyuq və toxtaq münasibət oldu. Məncə, sonrakı hadisələr göstərdi ki, bu, düzgün mövqedir. Hətta cənubi Azərbaycandakı fəallar elan etdilər ki, bu məsələyə qarışmırlar, bu proses milli və etnik şəkildə qiymətləndirilmir”.

Arif Əliyev qeyd edib ki, bu cür prosesləri müxtəlif istiqamətlərə yönəltmək, İran kimi mürəkkəb dövlətdə idarə etmək çətindir:

“Afrikada, Ön Asiyada baş verən hərəkətlərdən sonra insan bu cür proseslərə ciddi təlaşla yanaşır. Bunun nə dərəcədə təhlükəli olduğunu göstərən daha bir element isə Amerikanın buna münasibəti idi. Bu gün səhər beynəlxalq diplomatiya sahəsində çalışan təcrübəli jurnalistlə söhbət zamanı Amerikanın mövqeyini tənqid edib deyəndə ki, burada Amerika itirdi, BMT-də təkləndi, cavab aldım ki, bu, Amerikanın deyil, Trampın mövqeyidir. Yəni ABŞ-da Trampın beynəlxalq siyasətinin artıq Amerikanın böyük maraqları ilə tam üzləşmədiyi haqda fikirlər var”.


Müəllif: Cavad