13 Yanvar 2018 09:15
3 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İrandakı son proseslər mövzusunda sabiq təhsil naziri, professor Firudin Cəlilovla müsahibəni təqdim edir.

- Firudin müəllim, İranda keçirilən aksiyalar səngisə də, bu prosesin davamlı olacağı haqda fikirlər səngimir. Sizcə, İranda nə və niyə baş verib?

- Öncə qeyd edim ki, bu proses İranda yaşayan soydaşlarımıza aid deyil. Bir neçə il əvvəl İranda prezident seçkiləri ilə bağlı mitinqlər olurdu. Bu mitinqlər indi müzakirə etdiyimiz aksiyalardan daha geniş və əhəmiyyətli idi. Çünki insanlar nə istədiklərini bilirdi, dava hökumət davası idi. Amma indiki qarşıdurmalar fikrimcə, daxildən qaynaqlanırdı. Yəni bu proses kənardan körüklənmirdi. Sözsüz ki, İranda belə gedişat Amerika və bir sıra dövlətlərin marağında idi və bu prosesi qüvvətləndirmək də istəyirdilər. Amma iş ondadır ki, başlanan mitinqlər hakimiyyətə qarşı olsa da, səbəb iqtisadiyyatla bağlı idi. Burada siyasi proses və ya milli azadlıq hərəkatı haqda danışmaq olmaz. Son illərdə İran Suriyada, İraqda, Livandakı müəyyən proseslərdə aktivlik edir, çoxlu maliyyə xərcləyir. Bu da, ölkə daxili insanların maddi, sosial və iqtisadi durumuna təsir edir. Bu səbəbdən də, yoxsulluq və kasıblıqla bağlı mitinqlər ortaya çıxdı.

Ancaq burada incə bir məqamı gözdən qaçırmaq olmaz. Çünki aksiya həm də dini mərkəz olan Qumda oldu. Heç kim düşünməzdi ki, Qumda, Məşhəddə və ya İsfahanda belə mitinqlər ola bilər. Şübhəsiz ki, bu mitinqlərə azərbaycanlılar qarışmadı. Səbəb də o idi ki, bu proses etnik və milli xarakterdə deyil. Soydaşlarımız haqlı olaraq bu prosesə qarışmadı. Üstəlik, etirazlar sonradan parçalandı. Bir qrup etirazçı prezidentə, digər qrup isə dinə qarşı çıxdı. Bəzi qrupar isə birbaşa rejimi müdafiə edirdi. Aksiyada müxtəlif qrupların və müxtəlif şüarların səsləndirilməsinin kökü, məncə, iqtisadiyyat və sosial durumla bağlı idi və üstəlik bu, təşkilati hadisə deyildi. Bu səbəbdən də bir mərhələdən sonra aksiya dayandı və davamlı olmadı. Adətən sosial partlayışların sonu ölümlərlə, həbslərlə nəticələnir. İrandakı aksiyalarda da bu baş verdi.

- İddia edirsiniz ki, aksiyanın xariclə hər hansı bağlantısı olmayıb?

- Mənim qənaətimə görə, belə bir əlaqə olmayıb. Üstəlik, nəzərə alın ki, İranın çox ciddi iqtisadi, sosial problemləri var. Həmçinin Fələstin, Suriya, Yəmən, İraqla bağlı Tehranın siyasəti büdcədən milyardları yeyir. Etiraz edənlər də deyirdi ki, sənin camaatın acından ölürsə, Suriyada nə işin var. Aksiyanın başlama ovqatı belə idi. Hazırda İran daxilində problemlər çoxdur. Ən böyük problem də bu məmləkətdə yaşayan 35 milyonluq türkün ana dilində məktəbinin olmamasıdır.

- ABŞ-ın və şəxsən Prezident Trampın bu proses zamanı xüsusilə aktivlik göstərməsi, İrandakı xalqlara müraciət etməsi, aksiyaları müdafiə etməsini nə ilə əlaqələndirmək olar?

- ABŞ-da istəyirdilər ki, İranda çevriliş baş versin, rejim dəyişsin. Nəzərə alın ki, Qərbdə İran diasporunun nümayəndələri var və onlar fərqli qruplardır. Məsələn, şah rejiminin tərəfdarları, islamçılara qarşı olanlar mövcuddur. Bu qruplar da kənardan bəyanatlar verir və ümid edirdilər ki, çevriliş ola və bunlar İrana qayıdaraq proqramlarını yerinə yetirə bilərlər. İran kökənli diaspora ABŞ-da dəstək verərək, bir növ, qızışdırmaq istəyirdi. Amma gördüyünüz kimi, bu alınmadı.

- Niyə alınmadı?

- Çünki İrandakı son proses milli azadlıq hərəkatı deyildi, ümumilikdə ortaya yeni sistem qurmaq proqramı ilə çıxmamışdılar. Sadəcə olaraq, camaat ac və işsiz idi, çıxıb etirazlarını bildirdi. Əksər şəhərlər də bu prosesə qoşuldu və sonra da mitinqlər səngidi. Bu qədər bəsit.

- Bundan sonra nə gözlənilir?

- Mənim şəxsi qənaətimə görə, belə rejimlər dağılır. Yuqoslaviyanın parçalanması gözümüz qarşısında olub. Eləcə də SSRİ-nin dağılmasının şahidi olmuşuq. İranda isə ən ciddi problem bu ölkədə yaşayan xalqlara azadlığın verilməməsidir. Məsələn, İranda əgər 100 min erməni varsa, onların 10 məktəbi də var. Amma 10 milyonlarla Azərbaycan türkünün bir məktəbi belə yoxdur. Bu hal çox qəribədir. O cümlədən bəlucların, ərəblərin və kürdlərin. Bu xalqların dilində məktəb, bağça yoxdursa, deməli, şovinizm var və bu siyasət nə zamansa işləməməlidir. Biz bunun örnəklərini başqa məmləkətlərdə görmüşük.

- Görünən odur ki, ABŞ, İsrail, eləcə də Səudiyyə Ərəbistanı İrana qarşı ciddi həmlələrə hazırlaşır. Bu proses necə yekunlaşa bilər?

- Mən yaxın dövr üçün İrana hər hansı bir müdaxilənin olacağını gözləmirəm. Deyilənlər sadəcə söz səviyyəsində olanlardır. Kağız qəhrəmanlığı başqa, real durum başqadır. Yəni bəyanatlarla hədə-qorxu gəlirlər. Amerika sanksiyalarla İrandakı daxili vəziyyətə təsir edə bilir. Amma hərbi müdaxilə ehtimalı yoxdur. İrandan çəkinirlər. İranın böyük ordusu, hərbi sənayesi var. Bütün bunlar nəzərə alınır. Bu mənada İrana kənardan hərbi müdaxilə yaxın dövr üçün gözlənilmir. Nə baş verəcəksə, daxildə baş verə bilər. Son olaylar zamanı açıq göründü ki, hakimiyyətdaxili iki qüvvə arasında ciddi rəqabət gedir. Amma hərəkat təşkilatlanmadığı üçün bir müddətdən sonra söndü.

İkincisi, nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər İranın zəifləməsini, parçalanmasını və ya dağılmasını arzu etmir. İlk növbədə Rusiya. Rusiyanın İranı hər məqamda müdafiə etməsi səbəbsiz deyil.

Eləcə də Türkiyə. Türkiyə də İranın parçalanması və dağılmasını arzu etmir. Bu siyahını genişləndirmək də olar.


Müəllif: Cavad