13 Yanvar 15:11
3 027

ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı qəbul etdiyi qərarı dəyişməsi müsbət addımdır. Çünki ABŞ bununla bağlı necə deyərlər, itirəcəyini itirib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Barak Obama dövründə bağlanmış müqaviləyə əsasən, ABŞ İran şahı dövründə Amerika banklarında dondurulmuş 250 milyard dolların hamısını bir neçə gün ərzində İrana qaytardı:

“Əlbəttə, bu İran üçün çox böyük, göydəndüşmə maddi vəsait idi. İran həmin maddi vəsaiti yəqin ki, Suriyada apardığı əməliyyatlarda, bir sıra terrorçu təşkilatların maliyyələşdirilməsində istifadə etdi. Bu vəsaiti bir növ özünün strateji məqsədlərinin həyata keçirilməsi üçün xərclədi. Amma eyni zamanda İran tərəfinin uranın saflaşdırılması niyyətindən əl çəkdiyini desək, yanılmarıq. İstisna etmirəm ki, laboratoriya şəraitində müəyyən tədqiqatlar davam etdirilir. Amma bütövlükdə açıq sənaye üsulu ilə uranın saflaşdırılması prosesinə tamamilə son verilib. Nəticə etibarilə “Altılıq” ölkələrinin İrana imzalatdırdığı nüvə silahından imtina sazişi demək olar ki, yerinə yetirilir”.

Q.Hüseynli bildirib ki, Donald Tramp hakimiyyətə gələndə bir sıra sənədləri imzalamaqdan imtina etmişdi:

“Məsələn, o, iqlim sabitliyinin təmin edilməsi haqqında beynəlxalq sazişə imza atmaqdan imtina etdi. İndi isə qərara gəliblər ki, ABŞ yenidən həmin sazişə qoşulsun. Tramp ən çox sələfi Obamanı İranla həddən artıq əlverişsiz və qeyri-bərabər müqavilə bağlamaqda ittiham edirdi. Bildirirdi ki, bu müqaviləni ləğv edəcəklər. Hətta, bir neçə gün bundan əvvəl Tramp bu müqaviləni ləğv edəcəyi ilə bağlı bəyanat da verdi. Amma ABŞ nəhəng dövlətdir. O, təkcə Trampdan ibarət deyil. Bu klassik dövlətin bir sıra leqal və qeyri-leqal strukturları var ki, onlar dövlətin idarə edilməsində iştirak edirlər. Zənnimcə, Trampı bu bəyanatdan əl çəkməyə onlar vadar ediblər. Çünki bu ABŞ-ın maraqlarına uyğun gələn addım ola bilməzdi. Nəticə etibarilə İranla bağlanmış nüvə sazişi öz qüvvəsində qaldı”.

Q.Hüseynlinin fikrincə, bütün bunlar göstərir ki, Trampın tələm-tələsik qəbul etdiyi qərarların bir çoxu impulsiv xarakter daşıyır və ölçülü-biçili qərarlar deyil:

“Elə bu səbəbdən də Tramp əvvəl söylədiklərindən tədricən imtina edir və onu necə deyərlər, haqqın yoluna gətirirlər”.

Politoloq sonda bildirib ki, İranla bağlanmış saziş həqiqətən də dünya üçün əhəmiyyətli sazişdir:

“Üstəlik, ABŞ bunun üçün çox böyük – 250 milyard dollar dəyərində bədəl ödəyib. Bundan sonra həmin sazişi ləğv edib əvəzində nə qazanacaqlarını başa düşmək o qədər də asan deyil. Hər halda bu sazişin qüvvədə saxlanılması ABŞ üçün, hətta mən deyərdim, bütün dünya üçün əhəmiyyətli bir addımdır. Nüvə silahının bundan sonra yayılmasının qarşısını almaq üçün yeni həmlələr etmək mümkün olacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla imzalanmış nüvə sazişini ləğv etmək fikrindən vaz keçib. Bununla bağlı adının açıqlanmasını istəməyən ABŞ prezidentinə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, qəbul edilmiş qərara əsasən, sazişin yerinə yetirilməsi üzrə işlər davam etdiriləcək.


Müəllif: Səxavət Həmid