20 Yanvar 2018 09:15
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlərin görüşünə böyük ümidlər bəslənməmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında Polşanın Krakov şəhərində keçirilən görüşü şərh edən F.Sadıqov bunun planlaşdırılmış görüşlərdən biri olduğunu vurğulayıb:

“Lakin bir neçə məqam kifayət qədər prinsipial şəkildə səsləndi. Bu sıraya ilk olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülən və Elmar Məmmədyarovun “kreativ təkliflər” adlandırdığı təklifləri aid etmək olar. Bunun arxasında nəyin, hansı məsələlərin dayandığı hələlik bəlli deyil. Bunu zaman göstərəcək. Amma hər halda Elmar Məmmədyarovun sözlərinə görə, bu, bizim maraqlarımıza cavab verir və çox güman ki, gündəmdə hansısa müsbət təkliflər var. İkincisi isə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttindəki ofisinin statusuna yenidən baxıldı. Biz bu ofisin statusu məsələsinə əvvəldən də razı deyildik. Çünki torpaqları azad etmək lazımdır, təmas xəttində ofislər qurmaqla məsələ həll olunmayacaq. Zənnimcə, görüş zamanı sənədə yenidən baxıldı və yeni status elan olundu. Biz istənilən halda hər bir meydançadan istifadə edərək öz qəti, prinsipial mövqeyimizi bildiririk. Düşünürəm ki, Krakov görüşündə də bu istiqamətdə konkret təkliflərimizi irəli sürmüşük. Hər halda bu görüş müsbət bir addımdır”.

F.Sadıqov əlavə edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra həmsədrlər təmas xəttində ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinin yaradılmasına təkid edirdilər:

“Dedilər, şəxsi nümayəndənin təmas xəttində ofisi yaransın ki, ofis atəşkəsə nəzarət etsin. Aydın məsələdir ki, biz buna razı deyildik. Azərbaycan tərəfi bildirirdi ki, erməni snayperləri arxaya çəkilməli, torpaqların azad olunması prosesinə daha çox üstünlük verilməlidir. Mənə elə gəlir ki, Krakov görüşündə hər halda bizi eşitdilər və ofisin yaranması ilə bağlı sənədə Azərbyacan tərəfinin istədiyi səpkidə yenidən baxıldı”.

E.Məmmədyarovun dediyi “kreativ təkliflər”in nədən ibarət olmasına gəldikdə isə F.Sadıqov qeyd edib ki, bu təkliflərlə bağlı indidən konkret nəsə demək çətindir:

“Amma əgər burda nəsə bizim maraqlarımıza cavab verirsə, bu, müsbət bir haldır. Hər halda Azərbaycan Xarici İşlər nazirinin verdiyi bəyanatdan belə bir nəticə çıxarmaq olar ki, bu təkliflər bizim maraqlarımıza cavab verir. Bu heç də o demək deyil ki, bu təkliflərlə bütün məsələlər həll olunacaq və problemə böyük bir nöqtə qoyulacaq. Amma əgər Azərbaycan tərəfi bunu kreativ və məntiqə uyğun təklif hesab edirsə, demək bunun arxasında maraqlarımıza cavab verən bir məna var. Hər halda yaxın zaman bunu göstərməlidir və düşünürəm ki, göstərəcək”.


Müəllif: Səxavət Həmid