22 Yanvar 2018 11:48
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin probleminin həlli üçün hazırladığı “100 ilin anlaşması” planının detalları üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Ureykat danışıb.

O bildirib ki, plan 13 maddədən ibarətdir:

“Razılaşmanın ilk maddəsi Qüdsün İsrail paytaxtı olaraq tanınması və Vaşinqton səfirliyinin Qüdsə köçürülməsindən ibarətdir. Bununla Vaşinqton Qüds məsələsini həll etmiş olur.

İkinci maddədə Tramp 1967-ci il sərhədləri ilə Fələstin dövlətinin yaradılmasını təklif edir. Dövlətin paytaxtı üçün Qüdsün 6 kilometrliyində yeni şəhərin qurulmasının vacibliyi vurğulanır.

Üçüncü maddədə bildirilir ki, yeni şəhər salındıqdan 2-3 ay sonra Qüds ətrafında yəhudi yaşayış məntəqələrinin qanunsuz salındığı Vaşinqton tərəfindən tanınacaq. Bu isə qanunsuz salınmış yaşayış məntəqələrinin 10 faizini əhatə edəcək.

Dördüncü maddə isə İsrail və Fələstin dövlətləri üçün müştərək təhlükəsizlik konsepsiyası yaradılmasını nəzərdə tutur.

Planın beşinci maddəsində İsrail əsgərlərinin geri çəkilməsi, İordan çayının qərb sahillərində müstəqil Fələstin dövlətinin elan edilməsi qeyd edilib.

6-cı və 7-ci maddələrdə yəhudi xalqı üçün İsrailin, fələstinlilər üçün isə Fələstinin dövlət kimi tanınması nəzərdə tutulub.

Səkkizinci maddəyə görə, İsrail bütün müqəddəs yerlərdə ibadət azadlığını təmin etməlidir.

9-cu maddəyə əsasən, İsrail Aşdod və Hayfa limanları ilə Ben Qurion aeroportundan fələstinlilərin istifadəsi və onların təhlükəsizliyinin təmin edilməsi üçün işlər görməlidir.

Onuncu maddədə bildirilir ki, İsrail tərəfi Qəzza ilə İordan çayının qərb sahillərində təhlükəsizlik koridoru qurmalıdır.

Növbəti maddədə isə keçid məntəqələrinə nəzarətin Fələstin tərəfinə verilməsi nəzərdə tutulub.

12-ci maddəyə görə, iki ölkə arasında əlaqələr tam bərpa olunmalıdır.

Sonuncu maddədə isə fələstinli qaçqınların yurdlarına geri dönməsinin təmin edilməsi qeyd edilib”.


Müəllif: Samir İsayev