22 Yanvar 2018 15:06
11 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general İlkər Başbuğ türk ordusunun “Zeytun budağı” əməliyyatı, Afrinin ələ keçirilməsi, bundan sonra yaranacaq yeni situasiya və onun Türkiyə üçün təhlükəsizlik təhdidlərini nə dərəcədə aradan qaldırdığı və digər mövzularda geniş müsahibə verib. Teleqraf.com qısa ixtisarla generalın Türkiyə mediasına verdiyi müsahibəni oxuculara təqdim edir:

- Türkiyə qərarlı olduğunu göstərdi və Afrini vurdu. Ordunu idarə etmiş komandan olaraq “Zeytun budağı” hərəkatını necə qiymətləndirirsiniz?

- 12 oktyabrda İdlib hərəkatı olmuşdu. Türkiyənin o zamandan Afrinə girməyi düşündüyünü və planladığını qeyd etmək istərdim. Ancaq uzun müddət keçməsinə baxmayaraq, bir hərəkət olmadı. Bunun səbəbləri üzərində müzakirə açıla bilər. Dekabrın sonunda Suriya ordusu cənubdan İdlib istiqamətində əməliyyata başladı. Türkiyə bu andan etibarən Afrində əməliyyat gerçəkləşdirməyin həm vacib, həm də qaçılmaz olduğunu müəyyən etdi.

- Rusiya hava sahəsini açmasaydı, Afrin əməliyyatı keçiriləcəkdimi?

- Rusiya hava sahəsini açsa da, açmasa da, Türkiyə Afrinə daxil olmaqda qərarlı idi. Gözlənilən Afrin əməliyyatı yanvarın 20-də başladı. Türk orudusu bu əməliyyatın ən incə detallarını belə planlayıb. Eyni formada da əməliyyatı gerçəkləşdirəcək. Afrin mövzusuna təkrar qayıda bilərik. Ancaq daha əhəmiyyətlisi bu günə necə gəlib çıxdığımıza baxmaqdır. Bunu xarici problemlərə günlük və ya qısa müddətli deyil, mümkün olduğu qədər orta, hətta uzun müddətli perspektivdən baxsanız, daha yaxşı görə bilərsiniz. Orta və uzun müddətdə nə kimi hədəflər qoymağınızın vacibliyini düşünərkən, ilk diqqət yetirməli olduğunuz nöqtә keçmişdir. Suriya mövzusunda da bu məqama baxılmalıdır.

- Buna baxmaq üçün hansı tarixə getmək lazımdır?

- Suriyada qarışıqlıq 2011-ci ilin martından başlayıb. Bəşər Əsəd bu hadisələrə sərt münasibət göstərdi. ABŞ Prezidenti Obama “Əsəd getməlidir” dedi. Türkiyə də bu yanaşma ilə çıxış etdi. Lakin 7 il keçəsə də, Əsəd getmədi. Proses başlayanda müzakirə mövzusu demokratiya və diktatorluq üzərində aparılsa da, bü mahribə məzhəblər və onları dəstəkləyənlər arasında qarşıdurmaya çevrildi.

- Afrində düzən nə zaman dəyişdi?

- Afrində PKK keşmişdən vardı. Bəllidir ki, PKK-ya ilk qucaq açan və onu bəsləyən Hafiz Əsəd idi. Lakin burada əhəmiyyətli olan Suriya iqtidarının 2012-ci ildə Afrindən çəkilməsi və şəhəri YPG-yə buraxmasıdır.

- Bəşər Əsəd buna məcbur qaldı, yoxsa siyasi gediş etdi?

- Birincisi, Kürd dağları bölgəsində PKK var. Bəlkə də bunu Türkiyəyə qarşı bir kart olaraq düşündü. Çünki burada YPG-nin varlığı bəlli bir nöqtədə Türkiyəni də ciddi təhdid etməli idi. Bu mərhələdə İŞİD yox idi. İŞİD Suriyada 2013-cü ildən ortaya çıxmağa başladı.

- Suriyada İŞİD-in yaranmasında Əsədin rolu varmı?

- Var. Böyük ehtimalla o, Suriyada müxalifət güclərinə qarşı istifadə etmək üçün buna icazə verdi. 2013-cü ildə Suriyada İŞİD hadisələrə müdaxilə etdi və yeni aktor kimi səhnəyə çıxdı. Abdulla Öcalan 2013-cü ilin avqustunda bunları deyirdi: "Yeni qurulacaq Suriyada bizimkilər rol oynayacaq, orada özəl bölgələr olacaq". O zaman Türkiyə açılım mərhələsini aparırdı. Sonra Öcalan deyirdi ki, “müzakirələr çökərsə, ikinci Suriyanın əli qulağındadır”. Burada bir təhdid var. 2014-cü ilin 20 yanvarında Cəzirə özəl bölgə elan edildi və daha sonra Kobani və Afrində nələrsə yaradılırdı. Burada qırılma nöqtəsi Kobanidir. 2015-ci ilin martında ABŞ-ın dəstəyi ilə YPG Kobanini İŞİD-dən aldı. Bu məqamda Türkiyə anladı ki, Suriyanın şimalında xoşagəlməz hadisələr baş verir. Bunu Türkiyənin daha yaxşı anlaması Kobanini YPG-nin ələ keçirməsi ilə oldu. Bununla da Türkiyə Suriyanın şimalında bir “Kürd dəhlizinin” yarandığını gördü. Əslində, bu dəhlizə “PKK terror təşkilatının dəhlizi” desək, daha məntiqli olar. 2015-ci ilin martında isə İdlib Bəşər Əsədin nəzarətindən çıxdı. Əsəd artıq getdikcə itirirdi və bu zaman Rusiya hadisələrə daha ciddi müdaxilə etdi.

- Rusiyanın hədəfi nədir?

- Putin Əsədlə 49 illik dəniz və hərbi hava bazası haqqında anlaşma imzalayıb. Bu səbəbdən də Rusiya azı qısa və keçiçi mərhələdə Bəşər Əsədin qalmasını istəyir. Eyni zamanda Fəratın qərb hissəsinin Əsədin nəzarətində qalmasını. Bu halda ortaya sual çıxır: yoxsa Suriya mövzusuda Rusiya ilə ABŞ arasında gizli razılaşma var? Belə bir anlaşmanın olduğunu deyə bilmərəm, amma olmadığını demək daha çətindir.

- Siz necə bir razılaşmaya işarə edirsiniz?

- Bəlkə “Fəratın qərbi Rusiya və Suriya hökumətinin, şərqi isə ABŞ və təbii ki, YPG-nin nəzarətində olsun” kimi bir razılaşma. Hazırda tablo bunu göstərir.

- Bu versiyanı gücləndirən konkret arqumentlər varmı?

- 2016-cı ilin avqustunda Türkiyə Fərat Qalxanı əməliyyatına başladı. Eyni anda Dəməşq Hələb əməliyyatını həyata keçirdi. Diqqət edin, Əl Bab ilə Hələb əlaqəlidir.

İkinci hadisə kimi 2017-ci ilin oktyabrında İdlib əməliyyatının başlaması idi. 2017-ci ilin dekabrında Dəməşq təhlükəsizlik bölgəsinə - Hamadan İdlibə daxil olmağa başladı. Bəzi əməliyyatlarla Rusiya Dəməşq rejimini Fəratın qərbində gücləndirməyə çalışır. Fəratın şərqi ayrı bir bir məsələdir. Bu, faktiki olaraq ABŞ ilə Rusiya arasında gizli bir razılıq varmı sualını düşündürücü edir. Təəccüblüdür: Dəməşq rejiminin Hamadan İdlib istiqamətində əməliyyata başlamasının ardınca 31 dekabr və 6 yanvarda Hmeymim bazasına və Tartusa hücum edilir. Əslində Rusiya Suriyadakı kürd kartını, daha dəqiqi, YPG kartını tam olaraq ABŞ-a vermək də istəmir.

- Rusiyanın YPG kartını tam olaraq ABŞ-a vermək istəməməsinin bir işartısı varmı?

- 2016-cı ildə biz Fərat Qalxanı əməliyyatına başlayanda Afrinə gediləcəyimiz də danışılırdı. Lakin Afrinə daxil olmağımız üçün Tel Rifatdan keçməyimiz lazım gəlirdi. Buranı isə rus hərbçiləri qoruyurdu. Məhz bu nöqtədə bizim Afrinə daxil olmağımızı blok etdilər. Rusiyanın digər bir hədəfi özünə təhdid ola biləcək uyğur türkləri, özbəklər, çeçenlərin Dəməşq rejiminə qarşı Suriyada mübarizə aparmasıdır. Onların Suriyada müharibə başa çatdıqdan sonra hara gedəcəkləri məsələsi Rusiya üçün ciddi sualdır. Onların böyük hussəsi hazırda İdlibdədir.

- Siz, Moskva-Vaşinqton arasında məxfi razılaşma haqda danışırsınız, lakin insanların beynində “Tramp-Putin qarşıdurması” məsələsi də var...

- ABŞ Dövlət katibi Reks Tillerson Stanford Universitetində çıxışı zamanı “Cənub-qərbi Suriyada ABŞ, Rusiya və İordaniya 2017-ci ilin iyunundan bəri birgə hərəkət edirlər. Məqsəd bölgədəki qarşıdurmaların qarşısını almaqdır. Fərat çayı boyunca Rusiya ilə aramızda anlaşma var” dedi. Bu faktiki olaraq onların qarşıdurma istəmədiklərini göstərir.

- Rusiya necə bir Suriya istəyir?

- Mənim fikrimcə, Rusiya Suriyanın ərazi bütövlüyünün qorunmasını vacib hesab edir. Ancaq torpaq və siyasi bütünlüyünü müdafiə edərkən, indiki inzibati bölgünü, yoxsa fərqli bir şeylərin olmasını istədiyini demək üçün düşünmək lazımdır. Moskva ən azından Suriyada kürdlərə müəyyən hüquqların verilməsini düşünəcək.

- Amerika?

- Orta Şərq dediyiniz zaman ABŞ-ın birinci hədəfi İrandır. Bu mənada Orta Şərqdə ABŞ-ın atdığı hər hansı bir addımın İranla əlaqəsinin olub-olmadığına baxmaq lazımdır. Bu zaman atılan addımların İranla əlaqəsini görəcəksiniz. ABŞ-ın Milli Təhlükəsizlik Konsepsiyasında qeyd edilir ki, İran dünyada terror təşkilatlarını dəstəkləyənlər arasında öndə gələn ölkədir. Həmçinin sənədin başqa bir hissəsində qeyd edilir ki, İraq müstəqil dövlət olaraq uzun müddət bizim strateji tərəfdaşımızdır. Yəni İraqı İrana qarşı güc elementi olaraq görürlər. Suriyada da İranın təsirini yox etmək istəyirlər. Sözsüz ki, Rusiyanın da. ABŞ 2011-ci ildən Əsədin getməsini istəyir. Amma qısa müddət üçün Əsədi qəbul edəcək, etməyəcək məsələsi açıq qalır. Mənə görə, Bəşər Əsədin qısa müddətli mərhələdə qalıb-qalmayacağı daha çox onun PYD və YPG-yə qarşı mövqeyi ilə bağlı ola bilər.

ABŞ-ın Suriyada nə istədiyini düşünsək, Fəratın şərqində YPG-nin təşkilatlanması məsələsi var. Hansı ki, bu təşkilatlanma açıq dövlətləşməyə gedir və ABŞ bunu sağlamlaşdırmaq üçün çalışır. ABŞ tərəfindən verilən son mesaj budur ki, onlar Suriyada qalmaqda davam edəcək. Bu halda sual yaranır: niyə qalacaqsınız, İŞİD artıq son nəfəsini yaşayır?

- Sizə görə niyə Suriyada qalmaq istəyir?

- Bəllidir ki, İraqda buraxılan səhvi təkrar etmək istəmir. ABŞ ordusu İraqdan tez çıxdı və nəticədə İŞİD meydana gəldi. Ancaq məncə, daha əhəmiyyətlisi Fəratın şərqində silahlı gücün yaranmasını başa çatdırmaqdır. Bu güc həm Suriya, həm də İranla bağlı strateji planın bir parçasıdır. ABŞ-ın Suriyada 12-13 hərbi bazası var. ABŞ hərbçilərinin sayı isə 2000-5000 arasındadır. Əraziyə 4900 avtomobil silah gətirilib.

- ABŞ-ın Türkiyə ilə bağlı hansı planları var?

- Türkiyəyə qarşı YPG kartını istifadə edə bilərlər. Bunun orta və uzun vədəli bir planın tərkib hissəsi olub-olmadığı açıq qalır. Bəlkə Türkiyə-Rusiya-İran yaxınlaşmasını YPG ilə dayandırmaq istəyirlər? Biz bu məsələləri də müzakirəyə çıxarmalıyıq.

- Yaratmaq istədikləri “Kürd dəhlizi” hansı risklər yaradır?

- Bu, Türkiyə üçün həyatı təhlükəsizlik önəmi daşıyır. Bu yanaşma İraqdakı yanaşma ilə eyni deyil. İraqda konstitusiya ilə yaradılan Şimali İraq Kürd Muxtariyyəti var. Muxtariyyət müstəqil iqtidar deyil və mərkəzi İraq hökumətindən asılıdır.

- Hazırda “Zeytun budağı” əməliyyatı davam edir…

- Afrin əməliyyatını anlamaq üçün İdlib əməliyyatına getməyimiz lazımdır. Türkiyənin İdlib əməliyyatına başlamasının səbəbi Afrinə girmək idi. Türkiyə bunda haqlı idi. Fərat Qalxanı əməliyyatı da doğru idi. İdlib əməliyyatından 3 ay keçib. Bir şey oldumu? Afrin 740 min insanın yaşadığı şəhərdir. Əhalinin 60 faizi ərəblərdən ibarətdir. Burada 8000 YPG-çinin olduğu deyilir. Üstəlik, əlavə olaraq YPG-çilər gətirilir. Ağır silahlar var. Ümumilikdə Afrin əməliyyatı çətin əməliyyatdır. Coğrafi baxımdan da çətindir. Afrində YPG ilə ilk dəfədir ki, qarşıdurmaya gedirik. Ancaq bəyan edim ki, Türk Silahlı Qüvvələri bu əməliyyatı uğurla tamamlayacaq.

- YPG hərbi baxımdan necə silahlı birləşmədir?

- Bəlli nöqtəyə qədər hərbi təlim alan, zirehli texnika və silahlara sahib birlikdir. Üstəlik, tankları məhv edəcək raket sistemləri var. Əl bombaları, raketləri, artilleriyası var. Dronlardan istifadə edirlər. PKK-dan daha yaxşı və daha təchiz edilmiş bir əsgəri güclə üz-üzəyik. Təbi ki, türk ordusu bu təhdidi aradan qaldıracaq. Bu əməliyyatın ən önəmli özəlliyi odur ki, biz İŞİD-ə qələbə çalan gücə qarşı əməliyyat keçiririk. Təbii ki, Afrin əməliyyatı zamanı Türkiyənin daxilində və sərhədləri boyunca PKK-nın addımlarına qarşı hazırlıqlı olmaq lazımdır. İngiltərənin sabiq xarici işlər naziri Palmerstonun bu sözlərini xatırlatmaq lazımdır: Nə dostluq, nə də düşmənçilik sonsuza qədər deyil. Sonsuza qədər olan milli mənafe və maraqlardır.

- Afrin təmizlənərsə, bundan Türkiyə nə qazanacaq?

- Bununla Afrində Kürd dağlarını keçirik, Amons dağına gəlirik. Afrini PKK-dan təmizləyəriksə, bu təhdidlər aradan qalxacaq. Orada onların əllərindəki ağır silahların bir qismini yox edər, bir qismini ələ keçirəriksə, bu özü avantajdır. Əhəmiyyətli olan ən azından qısa vədədə Kürd dəhlizinin Aralıq dənizinə qədər uzanma ehtimalının qarşısını almaqdır. Bu həm də qarşı tərəfdə mənəvi və psixoloji izlər buraxar. Afrin PKK və YPG-dən təmizlənərsə, mümkündür ki, Türkiyəyə köç edənlərin bir qismini rahat şəkildə Afrinə yerləşdirmək imkanlarımız olacaq.

- Afrinlə Türkiyə təhdid problemlərini tam aradan qaldıracaqmı?

- Afrin əməliyyatı vacibdir, amma bütün problemləri həll etmir. Ana tablo Fəratın şərinqdə olan durumdur. Bunu təsirsiz hala gətirmək üçün möcüzə həll Dəməşqin sərhədlərinə çıxmaqdır. Bu da Dəməşq və Rusiya ilə birlikdə ola bilər. Biz 1984-cü ildən bu yana PKK ilə mübarizə aparırıq. Bu mübarizə və əməliyyatları daim Bərzani ilə bərabər etməyə çalışdıq. Bəşər Əsəd son dəfə bəyan etdi ki, “ABŞ-la işbirliyində olanlar vətən xainlərdiir”. Sözsüz ki, bunu deyərkən Əsəd YPG və PYD-ni nəzərdə tuturdu. Bu mövzuda düşüncənin saxlanılması əhəmiyyətlidir.

- Türkiyə Afrindən sonra Menbiçi vuracağını bəyan etdi. Bu halda nə olacaq?

- Siyasi baxımdan Menbiç əməliyyatı Afrin əməliyyatından daha qarmaqarışıq və çətin olar. Menbiçdə ABŞ, Rusiya və Suriya əsgərləri var.


Müəllif: Cavad