23 Yanvar 2018 09:51
2 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyənin Afrin əməliyyatı ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu ilə müsahibəni təqdim edir.

– Elxan bəy, Afrin əməliyyatının gedişatı necə ola bilər?

– Türkiyənin əsas hədəfi həmin bölgəni terrorçulardan təmizləmək və ora Azad Suriya Ordusunu yerləşdirməkdir ki, şimal və cənub hissədə olan PKK tör-töküntüləri birləşə bilməsinlər. Aydındır ki, bütün Suriya ərazindən silahlı kürd terrorçularını təmizləmək çətindir. Bəlkə də mümkün deyil. Amma hər halda Afrin əməliyyatının əsas məqsədi odur ki, Türkiyə sərhədi boyu imkan qədər təhlükəsizlik zolağı yaradılsın və terrorçuların Afrin üzərindən birləşməsinə maneələr yaradılsın. Gələcəkdə bu ərazilərə terrorçular yenidən daxil olarsa, Türkiyə bu əməliyyatı yenə də təkrarlaya bilər. Amma düşünürəm ki, Türkiyə uğurlu əməliyyat keçirdikdən sonra terrorçu qruplar Ankaranın və Azad Suriya Ordusunun bölgədə varlığını qəbul etmək məcburiyyəti qarşısında qalacaqlar.

– Bəs fors-major hal baş verə bilərmi?

– Hələlik, fors-major halın baş verməsinə işarə edən heç bir dəlil yoxdur. Tam əksinə, əməliyyatdan qabaq Türkiyə diplomatiyası çox fəal oldu. Nəticədə əməliyyat başlayarkən ciddi etirazla da qarşılaşmadı. Çünki təhlükəsizliyini təmin etmək Türkiyənin haqqıdır. Suriya rejimi Türkiyə ilə sərhədi özü qoruya bilmədi. Terrorçuluq baş alıb gedir. Rusiya da, İran da, Amerika da, ərəb dünyası da bu haqqı tanıdı. Düzdür, bəziləri müəyyən narahatlıqlarını bildirdilər. Amma açıq-aşkar Türkiyə əleyhinə çıxış etmədilər. Amma bundan sonra da Türkiyə diplomatiyası fəal olmalıdır. Tarixdə bəzən belə də olub ki, cəbhədə qazanılan uğurlar masa üzərində əldən gedib. Osmanlı tarixində də belə hallar olub. Bunun baş verməməsi üçün informasiya mübarizəsində fəal olmaq lazımdır. Dünyaya yenə də anlatmaq lazımdır ki, Türkiyənin məqsədi Suriyanı parçalamaq deyil, tam əksinə, terrora son qoyub Suriyanın ərazi bütövlüyünü təmin etməkdir.

– Digər ölkələrin mövqeyindən söz düşmüşkən... Hərbi əmәliyyata region ölkələrinin, habelə ABŞ və Rusiyanın loyal münasibəti fonunda üç әrәb dövlәtinin – Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin PKK-ya yardım vəd etməsinə dair yayılan xəbəri necə qiymətləndirmək mümkündür?

– Səudiyyə Ərəbistanının, Misirin və ya BƏƏ-nin PKK-ya silah verməsi ağlabatan deyil. Bu, onların özlərinin maraqlarına da uyğun deyil və dezinformasiyadır. Əksinə, onlar PKK kimi terrorçu qrupları özləri üçün də təhlükə sayırlar.

PKK-ya dəstək verən qüvvələr fərqli ölkələrdə fəaliyyət göstərirlər. Onlar İraqda, Suriyada mövcuddurlar. Vaxtilə Dəməşq PKK-ya dəstək verirdi, Abdullah Öcalanı ölkədə gizlədirdi. İndi isə rejim dağılıb, onların yadına heç PKK düşmür. ABŞ PKK-nı terror təşkilatı kimi tanısa da, PYD və YPG-ni bu statusda tanımır, onlara dəstək verir. Türkiyənin etirazı da bunadır.

– Türkiyә әmәliyyatın uğurla yekunlaşması üçün Bəşər Əsədlə anlaşmaya gedə bilərmi?

– Türkiyə hakimiyyəti ilə Suriya dövlətinin başçısı arasında əvvəllər problem yox idi. Amma Rəcəb Tayyib Ərdoğan Suriyada silahlı münaqişə başlayandan sonra Əsəd rejimi ilə bütün körpüləri yandırdı. Bildirdi ki, qətliamın günahkarı Əsəddir. Türkiyə bunda haqlı idi. Çünki Suriyada əvvəlcə terrorçular baş qaldırmamışdı. Əvvəl insanlar etirazını bildirdi, ordudan onlara qarşı istifadə edildi, vətəndaş müharibəsi yarandı və bundan da terrorçular məharətlə istifadə etdilər.

İndi bu qədər tənqiddən, sərt çıxışlardan, Əsədi cani adlandırandan sonra Ərdoğan üçün yenidən əlaqələri bərpa etmək çox çətindir. Seçiciləri də Ərdoğanı baş düşməz. Amma Ərdoğan da reallığı anlayır. Reallıq da bundan ibarətdir ki, Əsəd hələlik hakimiyyətdən getməyəcək. Onun Rusiya kimi dəstəkçisi var. Demək, müəyyən təmaslar olmalıdır. Yüksək səviyyədə olmasa belə, aşağı, gizli səviyyəli təmaslar həyata keçirilməlidir. Məsələn, bu əməliyyatdan öncə Rusiya üzərindən Suriya rejimi ilə təmas qurulub ki, Dəməşq bunun əleyhinə çox da çıxmasın. Türkiyənin baş naziri Binəli Yıldırım da bugünlərdə işarə etdi ki, rəsmi səviyyədə təmaslarımız olmasa belə, lap aşağı səviyyədə müəyyən təmaslar ola bilər. Bunun özü ondan xəbər verir ki, artıq Ərdoğan reallığı qəbul edib. Fikir verin, son zamanlar heç Əsədin adını çəkmir. Halbuki, Ərdoğan illər öncə hər gün hər çıxışında Əsədi “yıxıb-sürüyürdü”. İndi çox da üzərinə getmir. Bilir ki, Əsədi söyməklə iş bitmir. Əsəd yerindədir, hakimiyyətini qoruyur, Rusiya ona dəstək verir və bu mərhələdə Əsədin əleyhinə getməyin heç bir effekti olmayacaq.


Müəllif: Səxavət Həmid