5 Avqust 2014 16:07

Akif Nağı: “Cəbhədə baş verən son gərginlik böyük müharibəyə hazırlıq mərhələsi idi”

“Biz Qarabağ münaqişəsinin hər zaman hərbi yolla həllinə tərəfdar olmuşuq. Cəbhə bölgəsində – qoşunların təmas xəttində yaşanan son hadisələr də göstərdi ki, doğrudan da məsələnin, torpaqların işğaldan azad olunmasının hərbi yoldan savayı ayrı yolu yoxdur. Danışıqlar yolu heç bir nəticə vermir. Dialoq, erməni cəmiyyətini dinə-insafa gətirmək cəhdləri heç bir səmərə vermir. Ona görə də burada ancaq güc tətbiq olunmalıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

O qeyd edib ki, ermənilər atəşkəs şəraitində də öz yerlərində sakit oturmur, hansısa ərazini, hansısa postu ələ keçirməyə çalışırlar: “Ona görə son hadisələr doğrudan da bir daha təsdiq etdi ki, məsələ yalnız hərbi yolla həll olunmalıdır. Digər tərəfdən biz düşünürük ki, artıq irimiqyaslı hərbi əməliyyatlar başlayıb, bu əməliyyatlar qələbəyə, torpaqlarımız işğaldan azad olunanadək davam etdirilməlidir. Amma biz bunun əlamətlərini hiss etmirik, yəni hərbi əməliyyatları hələ davam etdirmirlər. Amm, mənim müşahidələrimə görə, cəbhədə son baş verənlərə müharibəyə hazırlıq kimi də baxıla bilər. Azərbaycan həm beynəlxalq təşkilatların münasibətini yoxladı, həm də Azərbaycan və Ermənistan cəmiyyətinin reaksiyası göz önündə oldu. Çox ümidverici haldır ki, Azərbaycan cəmiyyəti bu hadisələrə həddindən artıq aqressiv və döyüş ruhu ilə cavab verdi. Yüzlərlə, bəlkə də minlərlə insan müraciət edərək orduya daxil olmaq, səfərbər olunmaq, döyüşə getmək istədiyini bildirir. Xüsusilə, ərazisi işğal olunmuş rayonların, həmçinin cəbhə bölgəsində yerləşən rayonların gəncləri, eləcə də başqa rayonlardan çoxlu gənclər müraciət edirlər.

Mənim bildiyimə görə, ordu rəhbərliyinə də çoxsaylı müraciətlər edilir. Ermənistan cəmiyyətində isə hüznlü bir sükut hökm sürməkdədir, heç bir reaksiya yoxdur. Yəni, bu durumu yoxlamaq baxımından da hesab edirəm ki, cəbhədəki son gərginlik yaxşı oldu. Həm gücümüzə nəzər salındı, yəni, texnikamız, silah-sursatımız baxımından nəyimizin olub-olmadığını müəyyənləşdirmək baxımından cəbhədəki son gərginlik müsbət bir hadisə oldu. Bunun ardınca, ikinci, yaxud üçüncü cəhddə irimiqyaslı hərbi əməliyyata başlamaq lazımdır”.

Baş verən hadisələrin nə ilə bağlı olmasına gəldikdə isə, A.Nağı qeyd edib ki, bunu izah etmək çətindir: “Yüz cür versiya irəli sürürlər. Ay nə bilim, bu xaricdəkilərin oyunlarıdır. Mən bunların heç birinə ciddi yer vermək istəmirəm. Sadəcə olaraq söhbət ondan gedir ki, Azərbaycan torpaqları işğal altındadır və bu torpaqlar işğal altından azad olunmalıdır. Çünki işğaldan həddən artıq vaxt keçib. Üstəlik, Azərbaycan tərəfi kifayət qədər güclüdür və bu güc istifadə olunmalıdır. İndi cəbhədə ilk təşəbbüsü kimin edib-etməməsini, yəni ilk cəhdin erməni, yaxud Azərbaycan tərəfindən edilməsini, bu hadisələrin niyə başladığını tapmaq çətin məsələdir və heç ehtiyac da yoxdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, cəbhə bölgəsində bu hadisə baş verib, hərbi qarşıdurma olub. Bu hərbi qarşıdurmada Azərbaycanın üstünlüyü göz önündə oldu. Bunu hamı, o cümlədən bütün dünya gördü. Ona görə də mən hesab edirəm ki, vacib olan bax, budur. “Nə üçün baş verdi” sualının cavabı da ondan ibarətdir ki, torpaqlarımız uzun müddətdir işğal altında qalıb. İndi isə torpaqlarımızıan işğaldan azad olunmasının vaxtı çatıb”.

QAT sədri bildirib ki, əgər təxribatların törədilməsinə erməni tərəfi təşəbbüs göstəribsə buradan başqa nəticələr çıxır:

“Ola bilsin onlar ümid edirdilər ki, Azərbaycan torpaqlarını tutduqdan sonra onu saxlayacaqlarına ümid edirdilər. Ancaq indi həmin torpaqları əllərində saxlayabilmədiklərini görüb istəyirlər ki, məsələ ya o yanlıq, ya da bu yanlıq olsun. Əgər təşəbbüsü Azərbaycan edirsə bu da birmənalı dəyərləndirilməlidir. Demək, Azərbaycan hərbi yola üstünlük verir. Mən, əlbəttə, bu versiyanın tərəfdarıyam. Azərbaycan hərbi versiyaya üstünlük verir və bu hərbi qarşıdurma, bu lokal döyüşlər Azərbaycan tərəfində böyük müharibəyə hazırlıq mərhələsidir. Mən belə dəyərləndirirəm”.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...