5 Avqust 2014 16:48
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL Səhiyyə Nazirliyinin müraciətini gözləyir

Dünya Səhiyyə Təşkilatı (DST) Afrikada ölümcül ebola virusunun digər regionlara yayılması təhlükəsi barədə xəbərdarlıq yayıb. DST-nin baş direktoru Marqaret Çen deyib: “Xəstəlik hava nəqliyyatı vasitəsi ilə yayıla bilmək qabiliyyətini nümayiş etdirib ki, biz əvvəlki epidemiyalar zamanı bunu qeydə almamışıq. Bununla əlaqədar öldürücü virusun nəinki sərhədyanı ölkələrə yayılmaq, eləcə qızdırma ocağından uzaqda olan dövlətlərə də keçmək təhlükəsi var”

Preventiv qaydalara uyğun olaraq Heydər Əliyev aeroportunda hansı tədbirlərin görüləcəyi ilə bağlı Azərbaycan Hava Yolları QSC (AZAL) ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Teleqraf.com-a bildirdi ki, təhlükə barədə Səhiyyə Nazirliyindən onlara hər hansı müraciət daxil olmayıb: “Gərək nazirlikdən bizə müraciət olunsun ki, biz də onlara müvafiq avadanlıqlar quraşdırmağa icazə verək. Müraciət olarsa həmin gündən etibarən yoxlama tədbirlərinə start veriləcək”.

Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov ebol virusunun Azərbaycan üçün təhlükəli olmadığını əsas gətirsə də, ehtiyat tədbirlərinin də qaçılmaz olduğunu dedi. O, xəstəliyin təhlükəsinin həmin ölkələrdə yoluxmuş insanların miqrasiyası ilə əlaqədar olduğunu bildirdi: “Virusun inkubasiya dövrü 21 gündür, həmin müddətdə insan tam sağlam olur. Ona görə də, həmin ölkələrdən gələn insanlar azı 21 gün nəzarət altında olmalıdırlar. Afrika ölkələrindən Azərbaycanda təhsil alacaq tələbələr varsa, onlar nəzarətdə saxlanmalıdır. Xəstəliyin yayıldığı müddətdə həmin ölkələrə getmək məsləhət deyil”.

Virusun qarşısını alınmasına gəlincə, Şaiq Qurbanov bunun yalnız sanitar maarifləndirmə yolu ilə mümkün olduğunu bildirdi: “Təəssüf ki, xəstəliyin yayıldığı ölkələrdə maarifləndirmə çox aşağıdır. Onlar xəstəliyin uçan yarasalar, gəmiricilər vasitəsilə yayılmasına inanmırlar. Mifik fikirlər irəli sürürlər. Bu da mübarizə üsulunu çətinləşdirir. Virus yayılsa da, həmin heyvanlarla təmasda olurlar. Dünya Səhiyyə Təşkilatı xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə insanları maarifləndirməyə çalışır”.

Müalicəsi və peyvəndi olmayan virus periodik olaraq aktivləşir. Şaiq Qurbanov müxtəlif vaxtlarda aktivləşmənin səbəbinin tam bilinmədiyini dedi: “Virusa yoluxma hallarının müəyyən dövrlərdə artması həmin uçan yarasaların aktivləşməsi, onlarla qidalanmanın artması ilə bağlı ola bilər. Bu heyvanların bişmiş ətindən yeyəndə yoluxma olmur. Çünki ət bişdikdə, virus ölür”.

Naibə QURBANOVA


Müəllif: