6 Avqust 2014 11:57
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi xidmətə çağırılanların dərinləşdirilmiş müayinəyə cəlb olunması və hərbi xidmətə yararsız olan 205 nəfər çağırışçının geri qaytarılması nəticəsində, çağırışçıların ilkin tibbi müayinəsində yol verilmiş səhvlərə görə tərxis olunanların sayı cari ilin 6 ayında 38 faizə qədər azalıb. Hazırda gənc əsgərlərin arasında xəstələrin seçilməsi davam etdirilir

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

N.Əliyevin sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi həkim kontingenti qarşısında əsas tövsiyə və tələbi ondan ibarətdir ki, sırada dayanan hərbi qulluqçu sağlam olmalıdır. Əgər hərbi çağırışçıda patologiya aşkar edilibsə, ona orduya tam yararlılığı sübut edilənə qədər hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Bu məqsədlə ordu birliklərində gənc əsgərlərin təkrar tibbi müayinədən keçirilməsi tərəfimizdən təmin edilir. Hər bir əsgər müasir flüoqrafiya aparatından, bundan əlavə elektrokardioqrafiya və ultrasəs müayinəsindən keçir. Terapevt, cərrah, psixo-nevroloq, stomatoloq, laborant, rentgenoloq və s. ixtisaslar üzrə həkim heyəti gənc əsgərin hərbi xidmətə yararlığına əmin olduqdan sonra həmin əsgər ordumuzda hərbi xidmətə qəbul edilir".

İdarə rəisi qeyd edib ki, burada əsas yalnız sağlam gənclərin Azərbaycan Ordusunda xidmətini təmin etməkdir: "Azərbaycan müharibə şəraitindədir və düşmənlə təmas xəttində yerləşən hərbi bölmələrin şəxsi heyəti ağır coğrafi iqlim şəraitində döyüş tapşırıqlarını icra edir. Məhz belə şərait yalnız sağlam və mənəvi-psixoloji baxımdan hazırlıqlı əsgərlərin hərbi xidmətə cəlb edilməsini sövq edir".


Müəllif: