12 Fevral 15:14

BAXCP-nın İdarə Heyətinin toplantısında Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərin hər bir ölkənin həyatı üçün əsas siyasi hadisə olduğunu, seçkilərdə iştirakın çoxpartiyalı sistemin inkişafı, alternativ proqram və ideyaların təbliği, siyasi mədəniyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək;

- mənsub olduğu siyasi və mənəvi mirasın, ideya və prinsiplərin millətin və dövlətin maraqlarını, Azərbaycan xalqının istiqlal məfkurəsini, birlik və bütövlüyünü qorumağın vacibliyini önə çəkdiyini vurğulayaraq;

- Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa edilməsinin milli varlığımız üçün həyati əhəmiyyət kəsb etdiyini xatırladaraq;

- ölkədə siyasi, hüquqi, iqtisadi islahatların dərinləşdirilməsinin, iqtisadiyyatın enerji sektorundan asılılığına son qoyulmasının zəruri olduğunu əsas götürərək;

- seçkilərin cəmiyyətdə baş vermiş siyasi dəyişikliklərin hüquq müstəvisində rəsmiləşdirilməsi vasitəsi olduğunu vurğulayaraq;

- bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ay
ərzində nail ola bilmədikləri dəyişikliklərə son 6 ayda nail ola biləcəklərini iddia edərək növbədənkənar prezident seçkilərinə qatılmadıqlarını, bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaratdıqlarını təəssüflə qeyd edərək;

- dünyada və regionda mürəkkəb proseslərin baş verdiyini, belə bir şəraitdə ölkədə siyasi sabitliyin qorunmasının, təhlükəsiliyin təmin edilməsinin, kənar müdaxilələrin qarşısının alınmasının önəmini anlayan bir siyasi partiya kimi Azərbaycan xalqı və dövlətçiliyi qarşısında məsuliyyətini dərk edərək;

- Prezident seçkilərində vahid namizədlə iştirakla bağlı bir sıra partiyalarla aparılan müzakirələrin hələlik yekun nəticəyə varmadığını, seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək, Azərbaycan
Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi ilə
qatıldığını və partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir.

BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir”.

Qeyd edək ki, BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul edilib. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.

Bu gün BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub".


Müəllif: Teleqraf.com
Загрузка...