16 Fevral 2018 08:46
7 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə Azərbaycan Cümhuriyyətinin istiqlalının elan edildiyi binanı ziyarət etdikdən sonra Fətəli xan Xoyski və Həsən bəy Ağayevin dəfn olunduğu müsəlman qəbiristanlığına yola düşdük.

Botanika bağında yerləşən bu məzarlıq xəritədə və işarələrdə “Azərbaycan panteonu” olaraq qeyd edilib. Çünki burada Cümhuriyyət liderləri ilə yanaşı Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov kimi modern Azərbaycan ədəbiyyatının yaradıcıları da dəfn olunub.

Həsən bəy Ağayev kim idi?

Həsən bəy 1875-ci ildə Gəncədə doğulub, orta təhsilini Gəncədəki klassik gimnaziyada alıb. 1901-ci ildə Moskva Universitetinin tibb fakültəsini bitirib. Həkimliklə yanaşı, ictimai fəaliyyətlə məşğul olub, “Hümmət” təşkilatının tapşırığı ilə “Silk, sinif, firqə” kitabçasını dilimizə çevirib. Bu əsər Tiflisdə Cəlil Məhəmmədquluzadənin “Qeyrət” mətbəəsində çap olunduqdan sonra, təqiblərə məruz qalıb, bir müddət Qacar dövlətinə sığınıb. Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinin redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olub. 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətini yaradıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabından sonra yaradılan, Nəsib bəy Yusifbəylinin sədri olduğu Türk Ədəmi-Mərkəziyyət Partiyasının qurucularından olub. Həsən bəy 1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanları qurultayında iştirak edib, Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin tərəfdarı olub.

Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-31-də keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilib.

1918-ci il mayın 27-də Azərbaycan Milli Şurası elan edilərkən Həsən bəy Ağayev Şura sədrinin müavini seçilib. Bir gün sonra Milli Şuranın sədri Rəsulzadə Tiflisdə olmadığı üçün Həsən bəyin rəhbərliyi ilə iclas keçirilib və Azərbaycan Cümhuriyyəti yaradılıb. İstiqlal bəyannaməsini də ilk olaraq Həsən bəy imzalayıb. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışıb.

Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilib.

Cümhuriyyətin işğalından sonra (27 aprel, 1920) Həsən bəy Ağayev mübarizəni davam etdirmək üçün Tiflisə mühacirət edib, lakin həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilib.

Cümhuriyyətin ilk baş naziri

Fətəli xan Xoyski 1875-ci ildə Şəkidə doğulub. Ulu babası Cəfərqulu xan Cənubi Azərbaycanda Xoyun hakimi, babası İsmayıl xan 1807-1810-cu illərdə Şəki xanı olmaqla rus ordusunun general-leytenantı olub.

Xoyski orta təhsilini Gəncə Klassik Gimnaziyasında alıb, 1901-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib.

1901-1916-cı illərdə Gəncə, Suxum, Batum, Kutais, Bakı məhkəmələrində vəkil olub. Yekaterinodarda prokurorun köməkçisi, ikinci Dövlət Dumasının deputatı kimi fəaliyyət göstərib. 1917-ci ildə Rusiyada fevral inqilabından sonra Xoyski Zaqafqaziya seyminə daxil olub. Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra yaradılan ilk hökumətdə baş nazir və daxili işlər naziri vəzifəsini daşıyıb.

Xoyski hökumətinin gördüyü işlər

Fətəli xan Xoyski Hökumətinin Gəncədə 1918-ci il iyunun 19-da qəbul etdiyi ilk qərar bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olub. Buna səbəb S.Şaumyanın başçılığı ilə Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Xalq Komissarları Sovetinin tabeliyində olan 18 min nəfərlik daşnaklardan ibarət olan 1-ci Qafqaz Qırmızı korpusunun 1918-ci il iyunun 10-dan Gəncəyə doğru yürüşə başlaması təhlükəsi idi. Hərbi vəziyyətın elan olunması ilə əlaqədar olaraq iyunun 23-də “Hərb dövrü üçün qanunların tətbiqi” haqqında qərar qəbul edilib.

Bu dövrdə ən mühüm addım Azərbaycan Milli Ordusunun yaradılması olub. İlk hökumət kabinəsində hərbi nazirlik olsa da, ikinci kabinədə bu vəzifə ləğv edilib, ordu ilə bağlı səlahiyyət Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunub. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunub, İsmayıl xan Ziyadxanov bu vəzifəyə təyin edilib.

1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə ordunun ilkin əsası olan Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırılıb, bununla da Azərbaycan ordusu yaradılıb. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri təyin edilib.

İyunun 27-də Fətəli xan Xoyski Hökuməti tərəfindən türk dili bütün ölkə ərazisində dövlət dili elan edilib. Lakin bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilib. Azərbaycan Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi.

Avqustun 11-də ümumi səfərbərlik elan edilib. 1894-1899 illərdə anadan olmuş kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırılıb.

Xoyski Hökumətinin Gəncə dövründə qəbul etdiyi ən mühüm qərarlardan biri də 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Bu qərara əsasən I Dünya müharibəsi (1914-1918) illərində Cənubi Qafqaz ərazisində yerli türk əhalisinə qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklər və onların əmlaklarına qəsd ilə bağlı məsələlər araşdırılmalı, bu işdə günahkar olan şəxslər aşkar olunub, cinayət məsuliyyətinə cəlb edilməli idilər.

Xoyski ikinci hökumətdə (17 iyun 1918-7 dekabr 1918) Nazirlər Şurasının sədri və ədliyyə naziri, üçüncü hökumət kabinetində (26 dekabr 1918 – 14 aprel 1919) Nazirlər Şurasının sədri və xarici işlər naziri, beşinci hökumət kabinetində isə (22 dekabr 1919 – 30 mart 1920) Xarici işlər naziri vəzifəsini tutub.

Cümhuriyyətin işğalından sonra Həsən bəy Ağayev kimi o da Tiflisə gedib, 1920-ci ilin iyunun 19-da erməni terrorçuları tərəfindən qətlə yetirilib.

Teleqraf.com Cümhuriyyət liderlərinin dəfn edildiyi məzarlıqdan foto və videonu təqdim edir:


Müəllif: Dilqəm Əhməd