20 Fevral 2018 09:00
3 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması YPG və PKK-nın birgə planıdır. Onlar uzun müddətdir ki, Əsədə müraciət edərək hökumət qoşunlarının Afrinə daxil olmasını xahiş edirdilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, bunun əvəzində B.Əsəd onlardan bütün silahlarını təhvil verməyi tələb edirdi:

“Əsəd yalnız bundan sonra hərbçilərinin Afrinə daxil olmasını təmin edəcəyini bildirirdi. Elə buradaca qeyd edim ki, Əsəd Afrini PYD/YPG güclərinə heç bir döyüş əməliyyatı olmadan təslim etmişdi. Yəni, Əsəd Suriyanın çox ağır vəziyyətdə olduğu dövrdə belə, Türkiyənin sərhədləri boyunca kürd yaraqlılarını yerləşdirməklə anti-türk siyasəti yürütməkdə davam edib. PYD və YPG-çilər Türkiyə Silahlı Qüvvələrinin sürətlə irəlilədiyini yaxşı başa düşürlər. Türkiyə ordusunun hərbi gücü çox böyükdür və terrorçu qruplar ciddi itkilərə məruz qalırlar. İndi onlar həm bir növ simalarını qoruyub saxlamağa çalışırlar. Yəni, demək istəyirlər ki, döyüşdən qaçmadıq, sadəcə olaraq ərazidən çıxdıq. Həm də Əsədlə sonrakı əlaqələri üçün Afrini döyüşsüz onun qoşunlarına verməyə razılaşıblar. Mən bu planın arxasında adlarını çəkmək istəmədiyim müxtəlif supergüclərin dayandığını istisna etmirəm. Amma bu, kifayət qədər problemli məsələdir. Belə ki, Afrin 4 tərəfdən mühasirəyə alınıb. Əsəd qoşunlarının ora necə daxil olacağı çox ciddi məsələdir. Türkiyə ordusu ilə toqquşmadan buna nail olmaq çətindir. Bu, mütləq Türkiyə ilə razılaşdırılmalıdır. Türkiyə isə Afrinə öz ölkəsində olan qaçqınların yerləşdiriləcəyini bildirir. Üstəlik, Türkiyənin siyasi xətti Menbiç rayonuna da Türkiyədə olan qaçqınları yerləşdirməkdən ibarətdir”.

Q.Hüseynli qeyd edib ki, kürd terrorçuların müxtəlif variantlara əl atması və Bəşər Əsədin buna şərait yaratması bölgədə hadisələri daha da gərginləşdirə bilər:

“Mən bu hadisələrin baş tutacağının perspektivinə inanmıram. Çünki artıq neçə gündür Bəşər Əsəd qoşunlarının Afrinin mərkəzində olduğunu iddia edilir. Bunların hamısının dezinformasiya olduğu ortaya çıxdı. Türkiyənin Bəşər Əsəd qoşunlarının Afrinə girməsinə imkan verəcəyinə də inanmaq çətindir. Düzdür, vəziyyət mürəkkəbləşə bilər. Məsələn, Rusiya bu proseslərin arxasında dayansa və ona “hə” desə, o zaman Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatda üstünlüyü təmin etməsi çətinləşəcək. Amma bütün bunlara baxmayaraq, Hərbi Hava Qüvvələrinin yardımı olmadan da Türkiyənin quru qoşunları Afrin əməliyyatını artıq başa çatdırmaq üzrədir. Afrin tamamilə mühasirədədir. Üstəlik, Bəşər Əsəd qoşunlarının bura daxil olması çox çətin məsələdir. Bunlar hamısı siyasi manevrlərdir”.

Qeyd edək ki, Suriya Dövlət Televiziyası PYD/YPG gücləri və Suriya prezidenti B.Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən Əsədə sadiq qüvvələrin Afrinə daxil olacağı barədə xəbər yayıb. Məsələyə münasibət bildirən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İordaniyaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.

Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M.Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur:

“Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.


Müəllif: Səxavət Həmid