22 Fevral 2018 13:34
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd rejimin YPG terrorçuları ilə Afrin məsələsində razılığa gəlməsi ilə bağlı bir neçə gündür informasiyalar yayılmaqdadır.

Teleqraf.com xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Taha Dağlı Afrində baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Əsədin bu həmlələrində əsas məqsəd “Zeytun budağı” hərəkatının qarşısını almaqdır:

“Əsəd və onu idarə edən Rusiya və İranın Türkiyənin “Zeytun budağı” hərəkatına baxış bucaqları fərqlidir. Rusiya bu əməliyyatlara əngəl törətmədi. İran isə narahatlığını ilk mərhələdə ifadə etdi. Ancaq hər iki tərəf Əsədə bağlı qüvvələri Afrinə göndərməklə “Zeytun budağı” hərəkatını dayandıra bilməyəcəklərinin fərqindədirlər. Türkiyə bu cür qruplara görə geri çəkilməyəcəyini ilk cəhddə göstərdi. Dünən Afrinə girməyə çalışan Əsəd qüvvələrindən ibarət qrup məhv edildi”.

O bildirib ki, rusların Dəməşqlə dialoq çağırışı Afrinə milis qüvvələri göndərməklə əlaqəlidir:

“Rejimə sadiq milislərin Afrinə girməyə çalışdığı gün Rusiya Ankaranı sərhəd təhlükəsizliyi üçün Dəməşqlə dialoq qurmağa çağırıb. Afrində PKK-nın sonunun çatdığı aydındır. Rusiya PKK-dan sonra Afrində Türkiyə ilə böhran yaşamaq istəmir. Çünki ortada İdlib məsələsi var. Bu məsələdən çıxış yolu isə Ankara ilə Dəməşqi yaxınlaşdırmaqdır. Əsas məqsəd isə terrorçulardan azad edilən bölgələri Əsədin nəzarətinə verməkdir”.

Tahanın sözlərinə görə, Afrində suriyalı müxaliflərin olması Rusiya üçün arzuolunmazdır:

“Zeytun budağı” hərəkatına qədər Rusiyanın Afrində hərbi varlığı mövcud idi. Əməliyyat başlandığı gündən Rusiya əsgərlərini Afrindən geri çəkdi. PKK buna sərt reaksiya göstərdi. Ancaq Rusiya Azad Suriya Ordusunun da Afrində varlığından çox narahatdır. Moskvanın fikrincə, Afrini ancaq Dəməşq rejimi idarə etməlidir”.

Türkiyəli jurnalist Rusiyanın ötən ilin iyulunda PKK-ya xəbərdarlıq etdiyini də deyib:

“Afrin əməliyyatından bir neçə ay əvvəl Rusiya PKK/PYD silahlılarına xəbərdarlıq etmişdi. Moskva bildirmişdi ki, Türkiyə bu bölgəyə əməliyyat təşkil edəcək və Rusiya buna səssiz qalacaq. Bundan sonra Rusiya PKK-dan Afrindən geri çəkilməyi və nəzarəti rejim qüvvələrinə verməyi istəmişdi. İyulda edilən xəbərdarlığa terror təşkilatı “yox” cavabı vermişdi.

Türkiyə Afrində əməliyyatlarını uğurla davam etdirir. PKK bir neçə gün öncə Əsəd ilə azılığa gəlib və Türkiyəni bölgədən çıxarmaq istəsə də, buna nail olmadı. Əgər PKK bölgədən çəkilsə və Əsəd rejimi nəzarəti ələ alsa, Türkiyə bu vəziyyətdə Suriyadan zəmanət istəyəcək. Bu isə uzun müddət tələb edir. Afrinin Əsəd rejiminin nəzarətində olmasına zəmanət verilsə, Türkiyə Suriya torpaqlarından geri çəkiləcək”.


Müəllif: Samir