12 Mart 2018 10:38
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlbəttə, seçkinin favoriti indiki Prezident İlham Əliyevdir, bu, aydındır. İlham Əliyevin son vaxtlar apardığı siyasət, xüsusilə də iqtisadi islahatlara start verilməsi - baxmayaraq ki, dünyada çox ciddi böhranlar yaşanıb - 2016-cı ildə Azərbaycanda Strateji Yol Xəritəsinin qəbul edilməsi, 2017-ci ildə ölkədə iqtisadi inkişafda ciddi addımların atılması, kadr, struktur, institusional islahatların aparılması ölkə əhalisi tərəfindən müsbət qarşılanıb. Xüsusilə kənd təsərrüfatı, sənaye sahəsində görülən işlər Azərbaycanda İlham Əliyevin prezident seçilməsini daha da labüd edib. İkincisi, başlanan işlərin axıra çatdırılması üçün əlbəttə, Azərbaycan əhalisi İlham Əliyevi prezident postunda görür və yəqin ki, əhali İlham Əliyevə səs verəcək.

Bu sözləri millət vəkili Vahid Əhmədov Musavat.com-a deyib. V.Əhmədov prezident seçkisindən sonra kadr islahatlarının mümkünlüyünə də diqqət çəkib:

“Azərbaycanda artıq islahatlara start verilib və bu, davam etdiriləcək. Biz müəyyən kadr islahatlarının da şahidi olacağıq. Həmçinin bəzi dövlət orqanlarının birləşdirilməsi, ləğvi baş verəcək. Çünki İlham Əliyevin prezidentliyi dövründə biz vaxtaşırı bunların şahidi olmuşuq. 2018-ci il prezident seçkilərindən sonra, ola bilər, Konstitusiyaya uyğun olaraq yeni hökumətin tərkibi qurulsun, müəyyən kadr dəyişiklikləri həyata keçirilsin. Əlbəttə, bütün bunlar cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Bu addımlar da ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərəcək”.

Millət vəkili Baş nazir Artur Rasizadənin istefaya göndərilməsi barədə sualı da cavablandırıb.

“Birincisi, Artur Rasizadə kifayət qədər təcrübəli şəxsiyyətdir. Mən uzun müddət onunla bir yerdə, maşınqayırma sahəsində işləmişəm və həmişə də yaxın münasibətlərimiz olub. İndi də yaxın münasibətlərimiz var. Baş nazir kimi, əlbəttə, işlədiyi dövr ərzində öz fəaliyyəti ilə iqtisadiyyatımıza müsbət təsirini göstərib. Amma yaş hər şeyi həll edir. İnsanın fiziki göstəriciləri, işləmə müddəti var. Mən Artur müəllimlə mütəmadi olaraq əlaqə saxlayıram, həftədə bir dəfə, ayda 2-3 dəfə telefonla danışırıq, bəzi məsələləri müzakirə edirik. Kifayət qədər ağlı, savadı yerində olan bir şəxsdir və onda elə bir narahatlıq hiss etmirəm. Amma yenə deyirəm, sağlamlığı ilə əlaqədar hansısa məsələlər ola bilər. İkincisi də, cənab prezidentin səlahiyyətində olan məsələdir, yeni hökumət mütləq qurulmalıdır. Fikir verirsinizsə, son vaxtlar gənclərə çox böyük üstünlük verilir, cavan nazirlər təyin olunur, onların arasında özünü doğruldanlar da, doğrultmayanlar da var. Lakin yaşlı nəsildən də istifadə etmək lazımdır, çünki təcrübə çox böyük əhəmiyyət kəsb edir. Artur Rasizadənin uzun müddət işləməsində də məhz onun islahatdan hökumətə gəlməsi və uzun müddət Heydər Əliyevlə bir yerdə çalışmasının rolu olub”.


Müəllif: Teleqraf.com