17 Mart 2018 15:10
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Altun Saray"da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Aqil Abbas, Adil Əliyev, Hikmət Babaoğlu, Eldar Ibrahimov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı və digər media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər, həmçinin nazirlik və komitələrin mətbuat xidməti rəhbərləri, icra başçıları, nazir müavinləri iştirak ediblər.

Tədbir aparıcıları qonaqları salamlayaraq onları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra KİVDF-nin fəaliyyətindən, jurnalistlərin, KİV-in potensialından, bu istiqamətdə görülmüş və görüləcək genişmiqyaslı işlərdən danışılıb.

KİVDF-nin sədri Vüqar Səfərli bildirib ki, fond jurnalistlərin mənzil-məişət səviyyəsinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib:

"Fondumuz KİV nümayəndələrinə daim diqqət ayırır. Ötən il ərzində 10-a yaxın belə müsabiqələr keçirilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb. Bu ilin ilk müsabiqəsi Novruz bayramına həsr edilib və müsabiqədə 65 KİV nümayəndəsi iştirak edib. Ümumilikdə müsabiqəyə 169 yazı verilib. 1-ci yerə 500 AZN, 2-ci yerə 400 AZN, 3-cü yerə isə 300 AZN dəyərində mükafat təyin edilib. Bu gün yalnız 1-ci yeri tutan 15 qalibə mükafat təqdim etmək üçün yığışmışıq".

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mükafatçıları təbrik edib:

"Mən hər zaman qeyd edirəm ki, jurnalistlər bu ölkənin ən güclü nümayəndələridir. Qələm əhlinin arasında olmaq çox gözəldir. Siz ölkə daxilində baş verən hadisələri dünyaya əks lətdirən güzgüsüz. Ötən il dövlətin, sosial həyatın, iqtisadiyyatın inkişafına həsr edilmiş çoxsaylı layihələr gerçəkləşdirilib. Cari ildə isə bizi gözəl layihələr gözləyir. Ən mühüm iş isə 11 aprel seçkilərdir. Artıq, seçkiqabagı təbliğat başlayacaq. Bu mövzuda da siz aktiv olmalısız. Seçkiləri müşahidə edəcək qurumlar öz müşahidələrini sizlərin vasitənizlə bütün dünyaya çatdıracaqlar.

Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. Jurnalistlərimiz bu istiqamətdə həyata keçiriləcək mühüm və əlamətdar layihələri cəmiyyətə çatdıracaqlar.

Bu gün burada iştirak edən jurnalistlərin timsalında bütün jurnalistləri, eləcə də onların təmsil etdikləri KİV orqanlarını təbrik edirəm. Bu gün respublikamızda jurnalistlərin qorunması, həyat və rifah şəraitinin yaxşılaşdırılması naminə verilən qərarlar, senzuradan azad mətbuatın təşəkkül tapması ölkədə medianın nə dərəcədə yüksəkdə durduğuna bariz nümunədir.

Düşünürəm ki, dövlətin sizə olan sədaqətini siz də öz fəaliyyətinizlə ona geri qaytaracaqsınız. Arzu edirəm ki, bu il Azərbaycanın işğal altında olan torpaqları azad olunsun və öz doğma yurd-yvasına dönmək istəyən əhali yenidən öz evlərinə qayıtsın".

Daha sonra Əli Həsənov qaliblərə KİVDF-nin diplomlarını təqdim edib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxış edərək, jurnalistləri təbrik edib və onların peşə fəaliyyətini yüksək qiymətləndirib: "Azərbaycanın ictimai televiziyasında yayımlanan verilişlərdə Azərbaycan həqiqətlərinin nümayişi sahəsində çox böyük maarifçilik işləri görülür. "Qarabağ həqiqətləri" proqramında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bütün faktlar ictimaiyyətə çatdırılır. Jurnalistlərimizi təbrik edir, onlara bu çətin yolda uğurlar arzu edirəm".

Rəsmi hissə bitdikdən sonra tədbir əyləncəli bədii proqramla davam edib.


Müəllif: Könül