8 Avqust 2014 20:06
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donetsk və Luqanskda yaşayan azərbaycanlılar oranı tərk edirlər. Amma separatçılar şəhərdən çıxmağa imkan vermir”


Bu sözləri Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Azərbaycanın bu ölkədəki səfirliyin azərbaycanlılara çağırışını şərh edərkən deyib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıları həmin bölgəni təcili tərk etməyə çağırıb. Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi Şahin Ocaqov bildirib ki, müraciətdə münaqişə bölgəsində yaşayan azərbaycanlılara oranı tərk edərək ən azı Ukraynanın qərbinə köçmələri məsləhət görülüb. O, deyib ki, həmin bölgənin bir hissəsi tamamilə nəzarətdən çıxdığı üçün orada baş verən hansısa hadisənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılmasına yardım etmək mümkün deyil.

Akif Gülməmmədov Donetsk və Luqansk vilayətlərində vəziyyətin gərgin olaraq qaldığını bildirib: “Hökumət separatçıları sıxışdırıb. Onlar da insanların yaşadığı yerləri, uşaq bağçalarını, məktəbləri bombalamağa başlayıblar”.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri separatçıların girovluğunda olan azərbaycanlılar barəsində də danışıb: “Separatçıların əlində olan azərbaycanlı girovlarla bağlı yeni heç bir məlumat yoxdur. Çünki, separatçılar bir girovun qaytarılması üçün özlərinin 10 girovunu tələb edir. Hazırda danışıqlar getsə də, heç bir nəticə əldə olunmayıb”.

/ Publika.az/


Müəllif: