9 Avqust 2014 10:51
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Günel Anarqızının 1937.az-a müsahibəsini təqdim edir:

– Günel xanım, təzə nə yazırsınız?

– Mən yazıçılıqla yanaşı, həm də publisistəm. Çoxlu müsahibələrim, məqalələrim var. İndi fikrim var ki, bu müsahibələrimdən ibarət kitab nəşr etdirim. Jurnalistika fəaliyyətinə 2002-ci ildən başlamışam. Düşünürəm ki, bu on iki il ərzində araya-ərsəyə gələn müsahibələr, məqalələr bir toplu halında yığılsa, bu, həm özüm üçün, həm də oxucular üçün maraqlı olar.

Yaradıcılığa gəldikdə isə hazırda bir neçə layihəm var. Film ssenarisi üzərində işləmək istəyirəm. Başqa bir film də var ki, artıq sinopsisini hazırlamışam. Hələ bu barədə geniş məlumat vermək istəmirəm. Ancaq onu deyə bilərəm ki, filmin süjeti hekayəm əsasında qurulub. Tanınmış rejissorlarımızdan biri mənə təklif etdi ki, filmin ssenarisini də mən yazım. Yaxın gələcəkdə bu işləri planlaşdırıram. Yaxın keçmişə gəldikdə isə iyun ayında audio kitab buraxdıq. Bu Azərbaycan Yazıçılar Birliyinin qurultayına həsr olunmuş bir layihədir. Buraya dörd klassik şairimizin şeirləri daxil olunmuşdu. Həmin şeirləri tanınmış aktyorlarımız səsləndiriblər. Sözügedən albomu qurultayda qonaqlara təqdim etdik.

– Sizin “Atama məktub” hekayənizin plagiat olduğu barədə ittihamlar səngimək bilmir. Maraqlıdır, bu cür fikirlərin yayılmasının səbəbi nədir?

– Hesab edirəm ki, bu tip adamlar həmişə olub və olacaq. Gündəmdə olan hər kəsin başına bu cür hadisələr gəlib. İlk dəfə olanda mənə çox pis təsir etmişdi. Təsəvvür edin, siz bir övlad dünyaya gətirirsiniz. Sonra başqa bir adam bu övlada şərik çıxır. Deyir ki, yox bu, sənin deyil, mənimdir. Mən bu əsəri 2002-ci ildə yazmışam. Düzü, tam dəqiq vaxtı, hansı ayda, gündə yazdığımı bilmirəm. Ancaq o dövrdə internetdə forum var idi və bir çox tanınmış insanlar bu forumun istifadəçisi idi. Hardasa 2001-2002-ci illərdə o forumda ədəbiyyat bölümündə yazırdım. Bu hekayənin yaranmasının minlərlə şahidi var. Çünki həmin hekayələr bədahətən yaranırdı və o forumda birbaşa yazırdım. Qarabağ problemi bir vətəndaş kimi məni həmişə narahat edir. Ona görə də Qarabağ mövzusunda silsilə hekayələr yazmışam. Onlardan “Ağac”, “Qadın üzlü şəhər”, “Şuşa” və s. hekayələrinin adlarını çəkə bilərəm. Bununla yanaşı, əsərlərin mənim yazı üslubuma xas bəzi xüsusiyyətləri var. “Atama məktub”u ilk dəfə rusca yazmışam. Bu hekaye “Exo” qəzetində də dərc olunub. Yəni bütün bu sənədlər durur. Düzü, heç mənim sənədlərə-sübutlara ehtiyacım yoxdur. Allah eləsin hekayənin plagiat olduğunu iddia edən adamın vicdanı imkan versin ki, böhtan atdığını etiraf etsin. Yəqin ki, əsər çox xoşuna gəldiyi üçün bu cür addım atıb. Ola da bilsin ki, o, cavan adamdır məşhurlaşmaq istəyir. Bu hekayə internetdə çox yayılmışdı. Hətta ermənilər də “Anam Ermənistan” adlı hekayə ilə cavab yazmışdılar. Ola bilsin ki, həmin adam da bu əsəri internetdə görüb, təsirlənib. Sonradan onu tərcümə edib. Özü də deyim ki, çox zəif tərcümədir. Çünki mən həmin hekayəni tərcümə etmişəm. İndi ola bilsin ki, o, “Atama məktub”u tərcümə edib, dostları arasında yayıb. Sonradan isə bunun plagiat olduğunu deməyə utanıb. Hər halda, həmin adam Şuşalıdır və ümid edirəm ki, o, bu iddialarından əl çəkəcək.

– Günel xanım, bəzən eyni ittihamı atanıza qarşı da irəli sürürlər. Deyirlər ki, atanız Kamüdən, Sartrdan təsirlənib.

– Sözsüz, hər bir yaradıcı insan ilk növbədə insandır. Biz musiqidən, kinodan, kitabdan təsirlənirik. Əgər robot olsaydıq, mən deyə bilərdim ki, heç nədən təsirlənmirik, bu hiss bizə yaddır. Mən də, atam da çox güman ki, oxuduğumuz kitablardan təsirlənmişik. Hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, mən yalnız hansısa eserden təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərindən təsirlənsəm də, tənqidçilər də bunu deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. “Altıncı” povestim var ki, Anar müəllimin “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamıdır. Təbii olaraq obrazlar da, hisslər də, üslub da eynidir. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq əgər sən kiminsə əsərini götürüb mənimsəsən, plagiat olar. Mənim vicdanım isə buna heç vaxt yol verməz.

– Bir çoxları düşünür ki, siz Azərbaycan Yazıçılar Birliyinin üzvü deyilsiniz.

– Mən Yazıçılar Birliyinin üzvüyəm. Ancaq mənim üçün xüsusi fərqi yoxdur ki, oranın üzvüyəm, ya yox. Yazıçılar Birliyinin imtiyazlarından istifadə etmirəm və gələcəkdə də etməyəcəyəm. Min beş yüz üzvdən biri də mənəm.

– Ümumiyyətlə, Yazıçılar Birliyinə gedirsinizmi?

– Yazıçılar Birliyinə arada gedirəm, o da atamla görüşməyə, digər yazıçı dostlarımla söhbət etməyə.

– İstər Anar müəllimi, istərsə də rəhbərlik etdiyi Yazıçılar Birliyini tez-tez tənqid edirlər. Bu tənqidlərə münasibətiniz necədir?

– Bizim ailə haqsız tənqidlərə çoxdan vərdiş edib. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmetleri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqətən belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun. Ən azı o, fikir deyəndə düşünək ki, bu adamın bu tənqidə həqiqətən haqqı çatır. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin de bir səviyyəsi olmalıdır. Səviyyəsiz, özü ortaya heç nə qoymayan adamın durub nəsə deməyi gülməli görünür.

– Bəs siz özünüz atanızı tənqid edirsinizmi?

– Mən atamı daha çox tənqid edirəm ki, bütün bu yazılanlara cavab verməsin. Görürəm ki, o, bu tənqidlərə görə narahat olur, əsəbiləşir. Anar müəllimin qızı olaraq mənə onun səhhəti daha vacibdir, nəinki yazılara cavab verməyi. Ümumiyyətlə, şərə və böhtana cavab verməyin tərəfdarı deyiləm. Özümə bunu yaraşdırmıram. Həmişə də atama bu barədə narazılığımı bildirirəm.

- Düşünmürsünüzmü ki, Yazıçılar Birliyində hansısa dəyişikliyə ehtiyac var?

– Hər işdə reformlar lazımdır. Ancaq bu yeniliklər ənənələrə söykənməlidir. Hər küçədən keçən gəlib deyə bilməz ki, mən dəyişiklik edəcəyəm. Dəfələrlə olub ki, bu tip adamlar gəlirlər, görürlər ki, heç nə edə bilmirlər. Odur ki, yeniliklər düşünülmüş olmalıdır. Bu cür reformlara ehtiyac var. Yazıçılar Birliyinin daxilində də gənclər var və müəyyən işlər görülür. Tənqid etmək asandır. Bir də demək istəyirəm ki, bizdə mətbuat çalışır ki, bir qalmaqaldan yapışıb, tez onu şişirtsin. Araşdırmadan yayımlayırlar, təki reytinqləri qalxsın. Qalmaqal olanda da birinci növbədə dəqiqləşdirmək lazımdır. Ləkələmək çox asandır. Müəyyən dəyərləri saxlamaq lazımdır. Anar bu xalqın dəyəridir.

– Rusdilli yazıçı olaraq xarici bazara çıxmaq şansınız daha böyükdür. Buna cəhd etmisinizmi?

– Qarabağ haqqında altı hekayədən ibarət audio kitab buraxmışdıq. Bu kitablar uğurla satıldı. Sonra alman, rus, fransız dillərinə tərcümə olundu. İndinin özündə də kitablarım mağazalarda olmalıdır. Sözün düzü, mən bu işlə məşğul olmuram. Bunun üçün nəşriyyatlar, ədəbi agentlər olmalıdır. Mənim üçün əsas yazmaqdır. Özümü uğursuz marketoloq hesab edirəm.

– Yerli müəlliflərdən kimləri oxuyursunuz?

– Müxtəlif imzaları oxuyuram. Mənə xüsusi təsir edən əsər olmayıb. Ola bilsin ki, mən kiminsə əsərləri ilə tanış deyiləm. Bəziləri var, onların yazdıqlarını prinsipial olaraq oxumaq istəmirəm. O adamlara hörmət etmədiyim üçün onların yazdıqlarına da vaxt sərf etmək istəmirəm. Bununla yanaşı, maraqlı müəlliflərimiz də var. Bir problem var ki, yaxşı ədəbiyyat üzərində formalaşan bir adam kimi, yazıçıların fikirlərinin, dünya görüşlərinin məhdudluğu məni sıxır. Bəziləri postmodernizm anlayışından istifadə edirlər. Ancaq postmodernizmdən çox uzaqdırlar. Sadəcə olaraq, düşünürlər ki, nə qədər anlaşılmaz yazsalar, bir o qədər sirli qalarlar. Oxucular da düşünsün ki, burada nəsə dahi fikir var, sadəcə, bizə çatmır. Əslində, belə deyil. Ancaq hazırlıqsız oxucu belə hesab edə bilər.

– Nicat Məmmədov müsahibəsində demişdi ki, Azərbaycan dilində yazan müəlliflər rusdillilərə nisbətən daha çox inkişaf ediblər. Bu fikrə münasibətinizi bilmək istərdim.

– Mən rusdilli müəlliflərin arasında da çox maraqlı əsərlər görmüşəm. Hər şey istedada bağlıdır. Nə fərqi var ki, hansı dildə yazırsan? Mən şəxsən iki dildə yazıram. Təhsilimi Azərbaycan dilində almışam. Amma rus dilini dəyaxşı bilirəm. Çünki mütaliəm hem de bu dildə olub. Elə insanlar var ki, fikirleri belə rus dilindədir. Bununla belə, bizim yazıçılardan geridə qalmır. Çingiz Abdullayev də rus dilində yazır. İndi bu, o deməkdir ki, Xalq yazıçısı deyil? Ancaq burda adı heç kimə bəlli olmayan müəllif iddia edir ki, mən Çingiz Abdullayevdən yaxşı yazıram.

– Siz yazıçı ailəsində doğulmusunuz, elə atanız da. Hər halda, atanızı da məhz buna görə tez-tez ittiham edirlər. Belə fikir var ki, yazıçı gərək həyatdan gəlsin, kitabdan yox.

– Mən bunun tam mənasız olduğunu düşünürəm. Bu sırf sovet dövrünün şüarıdır ki, kim çətinlik görməyibsə, yaxşı yazıçı ola bilməz. Elə adamlar var ki, ömür boyu bir otaqda yaşayıblar. O da çətinliyi içində çəkib. Yüzlərlə yazıçı var ki, gedib müharibədə iştirak ediblər, yaralanıblar. Ancaq bir köpüklük dəyərləri olmayıb.

– Şəxsi sual kimi qəbul etməyinizi istəməzdim. Sadəcə, bilmək istəyirəm ki, yaradıcı insanın həyatında sevgi mütləq olmalıdırmı?

– İstər kişi olsun, istər qadın müəyyən bir vurğunluğu olmalıdır. Konkret bir ilham mənbəyi olmaya da bilər. Sadəcə, həyat eşqi olmalıdır. Onsuz mümkün deyil. Ona görə deyirlər ki, ən yaxşı əsərlər nəyəsə aşiq olduğun vaxt yaranır. Ola bilər ki, platonik bir eşq yaşayasan. Mən Qarabağ haqqında yazanda yeganə qayəm bu torpağa olan münasibətimi göstərmək idi. Bir vətəndaş kimi torpağı istəməyə bilmərəm. Ona görə də bu torpağa vurğunluğumu ifadə etməliyəm.

Məndən atamla bağlı tez-tez soruşurlar ki, “Beş mərtəbəli evin altıncı mərtəbəsi” yazılanda o, hansısa eşq yaşayıbmı? Həmişə də atam deyib ki, yox, elə olmayıb. Sadəcə, insan həyatda görür, başqalarından eşidir və müəyyən müddət sonra bu, əsərə çevrilir.


Müəllif: