16 Aprel 2018 10:05
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın böyük dövlətləri Suriyada artıq rəsmən yeni “soyuq müharibə”yə qədəm qoyublar. BMT-nin baş katibi özü də son çıxışında bunu elan etdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

O, qeyd edib ki, ABŞ və Rusiya artıq Suriyada müharibənin astanasındadır:

“Bunun əsas səbəbi Rusiya və Bəşər Əsədə bağlı qoşunların Suriyanın Şərqi Quta bölgəsində keçirdiyi əməliyyat olub. Belə ki, müxaliflər və Qərb dövlətləri bu əməliyyatda kimyəvi silahdan istifadə olunduğunu iddia edir. Bildiyiniz kimi, bu hadisə nəticəsində xeyli sayda insan həlak olub. Əməliyyatla ilgili bildirim ki, Rusiyanın Əsədlə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Rusiya Əsəddən başqa heç kimin Suriya üzərində hakimiyyətini tanımır və belə görünür, heç tanımaq da istəmir. Kimyəvi silah məsələsinə gəldikdə isə bu məsələdə vəziyyət günü-gündən pisləşir. Rusiyanın hadisəni beynəlxalq təşkilatların araşdırmasını təklif etməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bununla barışmaq niyyətində olmadığını, araşdırma aparmağın sadəcə boş vaxt itkisi olduğunu bildirərək ABŞ donanmasına məxsus 60 ədəd “Tomahavk” raketi ilə silahlanmış “Donald Kuk” esminesini Aralıq dənizi vasitəsilə Suriyanın sahilyanı rayonlarına yeritdi. Bu ərazidə Rusiya hərbi qüvvələri yerləşir və rus qırıcıları demək olar ki, hər gün ABŞ gəmilərinin üstündən uçuşlar həyata keçirir. Tərəflər bir-birinə təhdid dolu bəyanatlar səsləndirir”.

Bununla belə, Z.Əmrəliyev hesab edir ki, vəziyyətin hər nə qədər gərginləşməsinə baxmayaraq, Rusiya ABŞ-la açıq müharibəyə girməkdən çəkinəcək:

“Çünki Rusiyanın hazırda ABŞ-la müharibə aparacaq gücü yoxdur. Rubl dolların qarşısında hər ötən gün dəyərini xeyli itirir. Rusiya iqtisadiyyatı demək olar, ki uçurumun bir addımlığındadır. Bu baxımdan hazırkı qarşıdurmanın elə “soyuq” qalacağını, “isti” fazaya keçməyəcəyini düşünürəm. Baş verə biləcək “isti müharibə” isə regionun bütün ölkələri üçün ciddi təhlükə və yeni terror mənbəyi olacaq”.


Müəllif: Səxavət Həmid