16 Aprel 09:27

ABŞ-ın böyük hərbi qüdrətinin olmasına və Suriyada istənilən vaxt təkbaşına hərbi əməliyyat keçirməsinin mümkünlüyünə rəğmən, Böyük Britaniya və Fransanı da bu prosesə cəlb etməsi səbəbsiz deyil.

Bunu üç ölkənin Suriyada həyata keçirdiyi son hərbi əməliyyatı Teleqraf.com-a şərh edən siyasi şərhçi Turan Rzayev deyib.

O qeyd edib ki, ABŞ-ın bu addımı təkbaşına atması riskli olardı:

“Beynəlxalq aləmdə narazılıqların artdığı bir dövrdə ABŞ-ın təkbaşına belə bir addım atması Vaşinqtonun Rusiya əleyhinə apardığı qaralama kampaniyasını ona özünə qarşı çevirə bilərdi. Birləşmiş Ştatlar Fransa və Böyük Britaniyanı əməliyyata cəlb etməklə bu təhlükədən yan keçmiş oldu”.

T.Rzayev əlavə edib ki, diqqət yetirilməli olan digər bir məqam da var:

“Böyük Britanya və Fransa arasında siyasi əlaqələr Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından sonra xeyli soyumuşdu. Bu isə olduqca ciddi problem idi. Çünki Avropa İttifaqı daxilində çatların görünməsi Rusiya, Çin, Türkiyə və İran kimi ölkələri siyasi üstünlük əldə etmək üçün səylərini artırmaqda motivasiya edə bilər. ABŞ Fransa və Böyük Britaniyanı əməliyyatlara cəlb etməklə həm Paris-London hərbi-siyasi əməkdaşlığına yeni nəfəs, həm də Rusiyaya göz dağı vermək məqsədi güdür”.

Həmsöhbətimiz bildirib ki, əməliyyatlar başa çatandan sonra xalqa müraciət edən ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana söz atmaqdan yan keçməyib:

“ABŞ lideri öz çıxışında Suriya rejiminə hərbi dəstək verən İran və Rusiyaya mesaj göndərdi. Donald Tramp “Bu gün cinayətkar Suriya rejiminə ən çox hərbi avadanlıq, maliyyə verən və onu dəstəkləyən iki dövlətə – İran və Rusiyaya mesajım var; hansı millət günahsız qadın, uşaq və kişiləri kütləvi şəkildə qətlə yetirən cinayətkarla əlaqəli olmaq istəyər? Cəmiyyətlər dostluqlarını davam etdirdikləri ölkələrlə qiymətləndirilir. Heç bir dövlət vəhşi diktatorları dəstəkləyərək uzun müddət duruş gətirə bilməz. Rusiya indiki qaranlıq yolda yürüməyə davam edəcəyinə, yoxsa mədəni millətlər arasında sabitlik və sülh üçün bir güc olacağına qərar verməlidir”, - deyərək əslində həmin ölkələrin xalqlarına ismarıc göndərdi. Beləliklə, ABŞ, Fransa və Böyük Britaniya bu əməliyyatla Rusiyaya göz dağı vermək məqsədinə nail oldular. Bu əməliyat nəticəsində ABŞ regionda daha bir müddət qalmaq və möhkəmlənmək şansı əldə etdi. Ən böyük qazanc isə Fransa və Böyük Britaniyanın yenidən ortaq hərəkət etmək məcburiyyətində qalması ilə bağlıdır. Zənnimcə, bu ABŞ diplomatiyasının növbəti qələbəsidir”.


Müəllif: Səxavət Həmid
Загрузка...