16 Aprel 2018 13:15
4 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Astan Şahverdiyevin Qusar rayonunda vəfat etməsi ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan Teleqraf.com-un sorğusuna verilən cavabda bildirilib.

Nəlumatda deyilir ki, Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişməsi barədə sosial şəbəkədə yayılan məlumatlarla bağlı Respublika Prokurorluğunda araşdırma başlanıb.

Yayılan məlumatlarla bağlı prokurorluğun günün ikinci yarısında açıqlama yayacağı gözlənilir.

Astan Şahverdiyev aprelin 16-də Qusar rayonunda yerləşən "Chateau” otelində ürək tutmasından ölüb.

Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılıb.

Xatırladaq ki, Astan Şahverdiyev Nyu York elmlər akademiyasının həqiqi üzvü, Moskva Energetika İnstitutun professoru olub.

Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir.

Avropa universitetləri üçün nəzərdə tutulan «Günəş enerjisi» dərsliyinin müəlliflərindən biridir.

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.


Müəllif: Hacı Zeynalov