17 Aprel 2018 09:43
3 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, akademikin 80 yaşı tamam olur.

Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib.

1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib. 1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib. 1983-cü ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub. 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.

1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. İki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, 2008-ci ildə “İstiqlal”, 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

2008-ci ildə 70 illik yubleyi ilə bağlı “İstiqlal” ordeninin təqdimat mərasimində özünün bütün uğurlarına görə ulu öndər Heydər Əliyevə borclu olduğunu deyib: “Ola bilsin, mən nadir insanlardan biriyəm ki, çox xoşbəxtəm. O mənada ki, birincisi, mən möhtərəm prezident Heydər Əliyevlə uzun illər çalışmışam və mənim bütün fəaliyyətimdə, ümumiyyətlə həyatımda Heydər Əliyevin rolu çox böyük olub. Demək olar ki, Heydər Əliyevin dövlətçilik təfəkkürü, dövlətçilik məktəbi, ümumiyyətlə prinsipləri, onun dünyaya baxışı – bütün bunlar mənim üçün böyük bir məktəb olub. Mən bu illər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam və bacardığımı etmişəm. Çalışmışam ki, onun etimadını doğruldum”.

R.Mehdiyevin təltifləri sırasında Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı da var. O bu medalla 2011-ci ildə təltif olunub.

R.Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. R.Mehdiyev Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının həqiqi dövlət müşaviridir. Sayı 100-dən çox olan elmi məqalənin, həmçinin milli və sosial-siyasi münasibətlərə, müasir Azərbaycan dövləti və cəmiyyətinin inkişafına dair kitabların müəllifidir.

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilib.

Evlidir, bir qızı, bir oğlu var.


Müəllif: Səxavət Həmid