17 Aprel 2018 16:36
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Erməni Araşdırmaları Elmi-təhqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi ilə müsahibəni təqdim edir.

- İsmayıl müəllim, İrəvanda baş verən mitinqlərlə bağlı dəyərləndirməniz nədən ibarətdir?

- Ermənistanda vəziyyət gərgindir, hazırda aksiyalar davam edir. Bəzi erməni deputatlar aksiyanı dayandırmaq üçün çağırışlar edib. Artıq Ermənistan parlamentində Serj Sərkisyanın baş nazirliyə alternativsiz namizədliyi təsdiqlənmək üzrədir. Digər partiyalar baş nazir olmaq üçün namizədlərini irəli sürməyib. Əsasən, Daşnaksütyun və Respublikaçılar partiyası Sərkisiyanın namizədliyini səsverməyə çıxarıb. Digər partiyalar buna ciddi reaksiya vermir. Amma paralel olaraq, mitinqlər davam edir. Bu aksiyaların təşkilatçısı olan Nikol Paşinyan tərəfdarları ilə meydanlara toplaşıb və sona qədər gedəcəklərini elan edib. Vəziyyət gərgin olaraq qalır. Gümrü şəhərindən İrəvandakı mitinqlərə dəstək məqsədilə insanlar gəlib. Digər regionlardan da insanlar Nikol Paşinyana dəstək verir. İrəvanda Azadlıq körpüsünün üzərində polislər post qoyub və regiondan aksiyaya dəstəyə gələn insanları şəhərə buraxmır. Real vəziyyət bundan ibarətdir.

- İrəvanda davam edən etiraz aksiyalarının məntiqi sonluğa çatma imkanları, Sərkisyanın baş nazirliyinin qarşısını almaq üçün erməni cəmiyyətinin potensialı varmı?

- Açığını deyim ki, Sərkisyanın baş nazirliyə gedəcək yolunun qarşısının alınacağı real görünmür. Deputatlardan biri açıq deyib ki, bu, Putinin göstərişidir və yerinə yetirilməlidir. Hətta aksiya iştirakçıları da bunu bilirlər, onlara deyilib ki, sizin etirazlarınız boş və mənasız işdir.

- İrəvanda aksiyalar Rusiya, Azərbaycan və Ermənistanda keçirilən prezident seçkilərindən sonraya təsadüf edib. Bu aksiyanın məhz Ermənistanda yaşanması nə ilə əlaqəlidir: erməni cəmiyyətinin etiraz potensialı yüksəkdir, yoxsa bu, məkrli erməni siyasətinin ölkədə demokratiyanın olduğuna hesablanan görüntüsüdür?

- Erməni xalqının etiraz potensialı siz deyən qədər güclü deyil. İnsanların əksəriyyəti ümidsizdir, çoxluq aksiyanı kənardan müşahidə edərək gedir. Dünənki hesablamalara görə, müxaliflərin İrəvanda cəmi 45 minə qədər tərəfdarı ola bilər. Bu hesablamanı “Azadlıq” radiosunun erməni xidməti aparıb.

İki il əvvəl nümayişlər baş verdi, amma zamanla bu etirazlar sönüb getdi. Fikrimcə, bu aksiyalar da bir müddətdən sonra sönəcək. Bizim bəzi politoloqlar qeyd edirlər ki, Ermənistanda güclü qarşıdurma olacaq, qan töküləcək, müxalifət ciddi müqavimət göstərəcək və s. Mən bunu real proqnoz kimi qəbul etmirəm. Bu gün səhər saatlarında polislərdən biri müxalifətçilərin əlinə keçib. Bir-iki nəfər polisi vurmaq istəsə də, əksəriyyət polisi azad etdi. Bu mənada ermənilərdə qarşıdurmanın olması çətin ağlabatandır. 1 mart hadisələrindən sonra həm erməni cəmiyyəti hökumətdən, həm də hökumət cəmiyyətdən ehtiyat edir. Nəzərə alınmalıdır ki, 1 mart hadisələrinin cəzalandırılmayan tərəfləri hələ də araşdırılır. Qırğın baş verməsi inandırıcı deyil. Fikrimcə, etirazçılar etiraz qazını çıxardıqdan sonra dağılışacaq.

- İrəvanda Sərkisyana qarşı müşahidə edilən xalq etirazı təbii etirazdır, yoxsa süni?

- Baxır buna hansı tərəfdən yanaşırıq. Məncə, bu aksiyaların təbii tərəfləri ilə paralel süni hissəsi də var. Təbii tərəfinə baxdıqda Nikol Paşinyan elan edib ki, bu etirazları təşkil etməkdə israrlıdır və Serj Sərkisyan hakimiyyətdən getməyənə qədər prosesi aparacaq. Dünən Paşinyan aksiya zamanı yaralanıb, xəstəxanaya aparılıb. 12 gündür bu adam yatmır və insanları aksiyaya dəvət edir. İnsanların çoxu da anlayır ki, Moskvanın dəstək verdiyi Sərkisyanın qarşısını almaq mümkün olmayacaq. Yəni insanlar anlayır ki, mübarizə boş yerə aparılır. İki il əvvəl İrs Partiyasının rəhbəri də günlərlə aksiya təşkil etdi, amma nəticəsi olmadı. İndiki aksiyada təxminən “İrs”in təşkil etdiyi aksiyaya bənzəyəcək.

- Ermənistandakı etiraz aksiyaları Rusiyanı ssenarisidir, yoxsa Qərbin?

- Məncə, daha çox Qərbin ssenarisinə oxşayır. Dünən “İzvestiya” qəzetinin müxbiri Serj Sərkisyandan müsahibə alıb. Sərkisyan bəyan edib ki, İrəvanda hadisələrin indiki gedişi davam etsə və hətta Qarabağda müharibəsi başlasa, itkilərin çox olmasına rəğmən, Qarabağ məsələsində dediyimizdən dönməyəcəyik. Guya Qarabağda ermənilər min ildir yaşayır və haqları var ki, müstəqil yaşasınlar. Təxminən bu tipli müsahibə verib. Hazırda Rusiyanın başı nə qədər özünə və Qərblə qarşıdurmaya qarışsa da, Moskva rəsmi İrəvanı dəstəkləyir. Rusiya yalnız Moskva-Vaşinqton qarşıdurmasının daha kəskinləşməsi zamanı İrəvanı “azad” buraxa bilər. Erməni politoloq Martirosiyan deyir ki, ABŞ-Rusiya arasında ciddi münaqişə yaransa, bundan ən çox ziyan görən tərəf Ermənistan olacaq. Guya bu hala Ermənistana ən ciddi zərbə Naxçıvandan vurula bilər. Bu səbəbdən də bir neçə hərbi hissəni Naxçıvanla sərhədləri möhkəmləndirmək məqsədilə dislokasiya ediblər.

- Əgər, bu layihəni Qərb stimullaşdırırsa, məqsədi nədir?

- Qərb sadəcə, Ermənistanın Rusiyadan aralanmasını istəyir. Ancaq Qərb zamanında Gürcüstana söz versə də, onu sona qədər müdafiə etmədi. Erməni politoloqları da deyirlər ki, Qərb Gürcüstanı aldatdığı kimi, gec-tez Ermənistanı da aldadacaq. Odur ki, Ermənistanın nicat yolu Rusiyadır. Üstəlik nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyaya çox bağlıdır. Məsələn, İrəvanda Rusiyaya qarşı ciddi çıxışlar olanda Moskva xəbərdarlıq edir ki, Türkiyə ilə sərhəddən ordunu çəkir, gedin Qarabağ məsələsini özünüz həll edin. Erməni başbilənləri də bundan qorxaraq Rusiyadan ikiəlli yapışırlar.

- Erməni diasporu bu qarşıdurmada hansı tərəfi müdafiə edir?

- Erməni diasporu müxalifəti dəstəkləyib. Bəyanat verib ki, Sərkisyan hakimiyyətdən gedərsə, maliyyə ayıraraq Ermənistanda vəziyyəti düzəldəcək. Lakin Rusiya faktoru var və Sərkisyan niyyətindən dönmür. Diaspor da deyir ki, Sərkisyan hakimiyyətdə olduğu təqdirdə pul verməyəcək. Çünki bu pulları boş yerə xərcləyir.

- Aksiyalar səngiyəndən və Sərkisyan baş nazir postunu tutdandan sonra Ermənistanın gələcəyi necə olacaq?

- İndiyə qədər necə olubsa, bundan sonra da elə olacaq. İnkişaf gözlənilmir, Ermənistan boşalmaqda davam edəcək, insanlar xaricə gedəcək. Müxalifətdə olan deputatlar açıq deyir ki, Sərkisyan baş nazir olsa, ölkə boşalacaq, vəziyyət daha pisliyə doğru inkişaf edəcək. Yəni hər hansı bir inkişafdan danışmağa dəyməz. Hadisələr də göstərir ki, Sərkisyan mövqelərini qoruyacaq. Ancaq hansısa məqamda geniş xalq kütlələri aksiyalara qoşula və Sərkisyan devrilə bilər. Bu isə gələcəyin işidir.


Müəllif: Cavad