18 Aprel 2018 14:16
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda siyasi vəziyyət getdikcə daha da gərginləşir. Seçkilərdən cəmi 5 ay keçməsinə baxmayaraq, keçmiş prezident Almazbek Atambayevlə indiki prezident Sooronbay Jeenbekov arasında kəskin siyasi qarşudurma başlayıb.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, yaranan qarşıdurmanın çox sadə səbəbi var:

“Məsələ ondadır ki, Atambayev Jeenbekova hakimiyyəti deyil, yalnız prezident kürsüsünü vermişdi. Ən azı Atambayev belə düşünürdü. Eks-prezident açıq şəkildə bütün iplərin ucunu öz əlində tutmaq istəyirdi. Ancaq hər şey onun istədiyi kimi cərəyan etmədi. Jeenbekov sələfinin bütün planlarını pozdu. Qırğızıstanda əsas problem korrupsiyadır və etiraf etmək lazımdır ki, Jeenbekov bu məsələdə Atambayevdən çox iş görüb. Ötən 5 ayda dövlət aparatında korrupsiyaya bulaşmış bir çox məmurlar vəzifələrindən azad edildilər. Bu isə sözsüz ki, Atambayevin xoşuna gəlmədi. Çünki bu insanlar ona çox yaxın olan və onun vəzifəyə gətirdiyi adamlar idi. Jeenbekov son olaraq eks-prezidentin ən güclü kadrlarından olan baş prokuror İndira Jaldubayevanı vəzifəsindən azad etdi. Görünən budur ki, Jeenbekov öz komandasını qurmaq arzusundadır. Ancaq zənnimcə, bunun üçün bir qədər tələsir. Gərək, Atambayevi belə tez öz rəqibinə çevirməyəydi, onun gücünü asta-asta zəiflədərdi”.

Z.Əmrəliyev qeyd edib ki, hazırda iqtidar partiyasında A.Atambayevin gücü çoxdur:

“Elə buna görə də hakim Sosial-Demokrat Partiyasında parçalanma başlayıb. 2020-ci ildə Qırğıstanda parlament seçkiləri keçiriləcək. Atambayev buna qədər öz qrupunu tam şəkildə formalaşdırıb seçkiyə qatılsa, yaxşı nəticə əldə edə, hətta baş nazir seçilib ölkənin sükanını yenidən ələ ala bilər. Ancaq geciksə, bu onun siyasi karyerasının sonu olacaq. Çünki Sooronbay Jeenbekov getdikcə öz mövqeyini gücləndirərək bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışacaq. Bir məqamı da nəzərə almaq lazımdır ki, Jeenbekov Qazaxıstan başda olmaqla region ölkələrinə Atambayevdən daha çox sərf edir. Çünki Atambayev çox qalmaqallı fiqurdur. Prezidentliyinin son dönəmində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə arasında yaranmış gərginlik buna misal ola bilər. Bir məsələni də qeyd edim ki, bu qarşudurma sosial-demokratların əsas rəqibi olan prezdentliyə keçmiş namizəd və keçmiş baş nazir Ömürbəy Babanovun əlini gücləndirir. Atambayevlə Jeenbekov arasında yaşanan bu gərginlik nəticəsində 48 yaşlı Babanov Qırğıstanın gələcək liderinə çevrilməkdədir”.


Müəllif: Səxavət Həmid