19 Aprel 2018 08:42
2 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildən Suriyada başlayan daxili müharibə artıq bu ölkənin sərhədlərindən kənara çıxmağa başlayıb.

Hazırda Suriya böhranı ABŞ və Rusiya arasında gərginliyi artıran ən başlıca səbəblərdən biridir. Bu məsələdə böyük rol oynayan tərəflərdən biri də Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada kürd terrorçular üzərində qələbə qazanmağa çalışır. Bu məsələdə onu rəsmi Moskva tam dəstəkləsə də, ABŞ kürd silahlılara müttəfiq kimi baxır. Rusiya ilə münasibətləri normallaşdıran Türkiyə digər tərəfdən NATO üzvüdür və bu o deməkdir ki, Ankara formal olaraq Vaşinqtonun tərəfdaşıdır. Bütün baş verənləri nəzərə alsaq, Türkiyənin sonda tərəflərdən birini seçməli olduğunu demək mümkündür.

Bir müddət öncə türk ordusu Rusiyanın dəstəyi ilə Afrində kürd terrorçuları üzərində qələbə qazandı. Əgər Ərdoğan kürd terrorçuları tamamilə məhv etmək istəyirsə, Rusiya ilə münasibətləri qaydasında saxlamalıdır. Rusiya isə öz növbəsində Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyir. Bu isə Türkiyənin də Əsədi dəstəkləməsi anlamına gəlir. ABŞ və Avropa Birliyi Suriyanın gələcəyində Əsədin yerinin olmadığını açıqlayıb.

Rusiya ilə ABŞ arasında hər hansı konfrontasiya baş versə, NATO Türkiyədən Qərbin tərəfində durmağı tələb edəcək. Bu isə Putinlə Ərdoğan arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər.

Bu vəziyyətdən bir çıxış yolu var: Moskva münaqişədən qaçmalı, Putin isə danışıqlar masasına əyləşməlidir.


Müəllif: Samir İsayev