19 Aprel 2018 18:37
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonra ilk fərmanıdır. Bu sənəd bir daha göstərir ki, dövlət başçısı öz fəaliyyətində vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılamsını daim diqqətdə saxlayıb və saxlayacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi İlham Əliyevin, o cümlədən hər bir vətəndaşın yanında olduqca qiymətlidir:
“Şəhid və itkin düşənlərin ailələrinə dövlət tərəfindən maddi yardımın verilməsi buna bariz nümunədir. Qeyd edim ki, Azərbaycan Prezidentinin fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə ödəniləcək 11.000 manat böyük rəqəmdir. Dövlətin büdcəsində bu, əhəmiyyətli yer tutacaq.

Ancaq Azərbaycan üçün büdcədən nə qədər vəsaitin gedəcəyi əsas deyil. Əsas olan həyatını vətən uğrunda quban verənlərin ailələri qarşısında dövlətin öz üzərinə götürdüyü borcu yerinə yetirməsidir”.

Aydın Mirzəzadə bildirib ki, şəhid və itkin düşənlərin ailələrinə dövlət daim yardım edib:
“Onların ailələri mənzillə təmin edilib. Övladları ali məktəbdə təhsil haqqından azad olunub, işlə təmin edilib, sosial problemləri yerli icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılıb. Şəhid və itkin düşənlərin adları əbədiləşdirilib, onlar haqqında film çəkilib və kitablar yazılıb. Dövlətin imkanları artdıqca, bu tip digər addımların atılması baş verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.


Müəllif: İlhamə Əbülfət