23 Aprel 2018 16:59
3 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetindəki Ermənişünaslıq bölümünün başqanı, professor Qafar Çaxmaqlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Qafar müəllim, Ermənistanın baş naziri Serj Sərkisyanın istefasına münasibət bildirməyinizi istərdik...

– Serj Sərkisyanın istefa verməsi vəziyyəti daha da gərginləşdirəcək. Ortaya yeni siyasi və xaotik durum çıxır. Əgər qərbyönlü qüvvələr hakimiyyəti ələ almağa çalışsalar o zaman vətəndaş müharibəsi qaçılmazdır. Yerli xalqla Qarabağ erməniləri arsında gərginlik də ola bilər. Onun yerinə yeni bir Rusiyayönlü adamı, konkret olaraq Qaqik Tsarukyanı hakimiyyətə gətirmək istəyəcəklər. Bu isə daha böyük narazılıqlara yol açacaq. Biz bu fürsəti dəyərləndirməliyik.

– Fürsəti dəyərləndirmək deyərkən nəyi nəzərdə tutursunuz?

– Biz hər ehtimala qarşı bu prosesləri izləməliyik. Çünki Ermənistandakı proseslərə bizim təsir imkanlarımız yoxdur. Amma Ermənistandakı prosesləri izləməli, zamanı, məqamı yetişərsə, öz problemimizi həll etmək üçün bu fürsətləri dəyərləndirməliyik. Əgər Ermənistanda çox ciddi mənada qarışıqlıqlar, qarşıdurmalar olarsa, Azərbaycan heç gözləmədən Dağlıq Qarabağda əməliyyatlara başlamalıdır. Bir neçə dəfə belə imkanlar olub, amma Azərbaycan buna getməyib. Xarici qüvvələrin təsiri olub.

2016-cı ilin aprel döyüşləri zamanı da bildiyiniz kimi bizi daha irəliyə getməyə buraxmadılar. Əgər belə olsa, Azərbaycanın haqqı var ki, öz ərazisində – Dağlıq Qarabağda antiterror əməliyyatları düzənləsin. Bunu da çox ciddi götür-qoy etmək lazımdır. Bəzi ölkələri, hətta beynəlxalq qüvvələri bitərəf etmək, yəni, onların tərəfsizliyinə çalışmaq lazımdır. Onlar bu işə qarışmasınlar, Azərbaycanın haqlarını yerinə yetirməsinə mane olmasınlar.

- Proseslərin bu məcrada inkişaf edəcəyini gözləyirdinizmi?

– Ermənistanda baş verən hadisələr şəxsən mənim üçün gözlənilən idi. Çünki orda çox ciddi, gərgin ortam yaranmışdı. Demokratik olmayan hərəkətlərə yol verilirdi. Ermənistan onsuz da demokratik ölkə deyil. Dövlət başçısı təyin olunur. Təyinatını da başqa ölkələr edir. İndiki halda Ermənistanda konstitusiya dəyişikliyi edilməsini və Serj Sərkisyanın hakimiyyətini davam etdirməsini Rusiya istəyir.

Burda bir qarşı tərəf də var. Qarşı tərəf Qərbi Avropa ölkələri və ABŞ-dır. Uzun müddətdir ki, Rusiya ilə ABŞ arasında Ermənistan uğrunda mübarizə gedir. ABŞ Ermənistanı öz tərəfinə çəkməyi düşünür və bu məqsədlə zaman-zaman Ermənistanda bəzi siyasi qüvvələri özünə yaxınlaşdırır. Ötən illər bu iqtiqamətdə çox da uğurlu addımlar atılmadı. Məsələn, Ter-Petrosyanın başçılığı ilə Erməni Milli Konqresi, Raffi Ovannesyanın “İrs” Partiyası ortaya çıxsa da uğursuzluğa düçar oldular.

Ancaq indi düşünürlər ki, Ermənistanda hakimiyyəti dəyişdirmək üçün güc tətbiq etmək, iğtişaşlar törətmək lazımdır. Bu, həm də bir sınaq kimi öndə durur. Yəni, bu variantı sınasınlar, görsünlər bundan bir şey çıxırmı? Müəyyən mənada Qərbə bağlı siyasi qüvvələr, QHT-lər, xüsusən də gənclər bu işdə fəallıq göstərirlər. Artıq neçə gündür Ermənistanda aksiyalar keçirlir.

Bu işdə Ter-Petrosyanın əli yoxdur. Sabiq prezident tamamilə geri çəkilib. Serj Sərkisyanın hakimiyyətini istəməyən qüvvələr bunu edirlər. Onların da bir qolu müəyyən mənada Qərbə bağlıdır. Qərbə bağlı olmasını ondan görürük ki, bu işdə müəyyən fondlar, həm də erməni diasporunun təmsilçiləri fəallıq göstəriblər. Biz zaman-zaman bu fəallığı hiss etmişik. İndi də davam etməkdədirlər.

– Hərbçilərin aksiyaya qoşulmasını necə şərh edərdiniz?

– Mən bu səhər Ermənistanın Müdafiə nazirinin “Azatutyun” (“Azadlıq”-S.Həmid) radiosuna verdiyi müsahibəni dinlədim. Əslində hərbçilər bu işə qoşulmayıblar. Mitinqlərdə göstərilən hərbi paltardakı adamlar fiksiyadır. Yəni, sadəcə aksiya iştirakçıları hərbi paltar geyinərək mitinqə çıxıblar. Dağlıq Qarabağdan tankların Ermənistana gətirilməsinə dair yayılan informasiya da yalandır. Belə hallarda piar rol oynayır. Hərbçilər bu prosesdə yoxdur.

Mən Ermənistandakı prosesləri uzun zaman təhlil edən bir insan kimi bu etiraz aksiyalarının bir sonuc gətirəcəyinə inanırdım. Serj Sərkisyan konstitusiyanı özbaşına dəyişməyib, özbaşına baş nazir kimi görəvə gətirilməyib. Bunu edən Rusiyadır. Rusiya da hələ Ermənistanda güclüdür, söz sahibidir.

– Beynəlxalq təşkilatlar nəyə görə Ermənistanda baş verənlərə münasibət bildirmir?

– Beynəlxalq təşkilatlar Ermənistanda “demokratiyanın təntənəsi”ni, yəni xalqın istəyinə uyğun hərəkət edilməsini istəyirlər. Amma proseslər hakimiyyətin nəzarətindən çıxarsa Rusiya müdaxilə edəcək. Rusiya imkan verməz ki, Ermənistanda hakimiyyət köklü mənada dəyişilsin. Çünki Rusiyanın bu ölkədə çox böyük maraqları var. Ermənistan Rusiyanın Yaxın Şərqdə ən böyük forpostu, Yaxın Şərqə açılan ən yaxın yoludur. Burda Rusiyanın hərbi bazası var. Özü də hazırda ABŞ-la Rusiya arasında gərginlik var. Bu anda Rusiya imkan verməz ki, Amerika Rusiya tərəf bir qədər də yaxınlaşsın.

– Ermənistan 1992-ci ilin Azərbaycanına bənzəyir. Həmin ilin yayında hərbçilərin Bakıdakı siyasi proseslərə qarışması nəticəsində Şuşa, Laçın işğal olundu. Eyni proses Ermənistanda da yaşana bilərmi?

– Qeyd etdiyim kimi hərbçilərin bu prosesə qoşulması o qədər də inandırıcı deyil. Düzdür, Sərkisyan istefa verib. Ancaq aksiyadakılar hərbi paltar geyinmiş gənclərdir. Ermənistanın müdafiə naziri ordunun tərəfsiz qalacağını bildirdi. Ancaq bilirsiniz ki, Ermənistanda hərbi təşkilatlar var. Onlar hərbi paltar geyinib görünə bilərlər. Əgər belə bir ehtimal olarsa, yəni hərbçilər prosesə qarışarlarsa, o zaman biz heç gözləmədən Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamalıyıq. Bu da az ehtimal olunandır. Biz hər halda yenə də prosesləri təhlil etməli, hadisələri dəyərləndirməliyik.


Müəllif: Səxavət Həmid