24 Aprel 2018 12:53
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan hüquqları üzrə müvəkkilin gördüyü işləri yüksək dəyərləndirirəm. Təklif edirəm ki, ombusdman kredit borcları, şəhid ailələri ilə bağlı ayrılan vəsaitlərin ödənişindəki problemlərin həllinə də dəstək olsun.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Tahir Kərimli Ombusdmanın illik hesabatına münasibət bildirərkən deyib:

“Şəhid ailələrinə ödəniləcək vəsaitlər barədə Prezidentin verdiyi sərəncamlar bəzən yerinə yetirilmir. Onlar rayon icra hakimiyyətlərində qeydiyyatdan keçmələrinə baxmayaraq, bəzən problemlər həll olunmur”.

Millət vəkili bundan sonra bütün qanunvericilik aktlarının əvvəldən insan haqları üzrə müvəkkilə göndərilməsini də təklif edib.

Millət vəkillərinin çıxışından sonra Ombusdmanın illik hesabatı səs qoyularaq qəbul edilib.

***

Ötən il dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına imkan yaradıb. 221 min yeni, 177 min daimi iş yeri açılıb. Bununla da işsizlik 5 faizə, yoxsulluq 5.4 faizə enib.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Ombudsman Elmira Süleymanova Milli Məclisin plenar iclasında hesabat verərkən deyib.

Ombudsman illərdir aliment fondunun yaradılmamasının ortaya çıxardığı problemlərdən də danışıb:

“Fəaliyyətim dövründə 600-dən çox müraciət daxil olub, onların yarısı həllini tapıb. Pozulmuş hüquqların bərpası istiqamətində dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurulub. Əvvəlki illə müqayisədə yalnız müraciətlərin sayında deyil, formasında da dəyişiklik müşahidə edilib.

Məhkəmə qərarlarından narazılıq, iştirakçılara qarşı süründürməçilik halları ilə bağlı da ombudsmana müraciətlər olub. Bəzən məhkəmə qərarının vaxtında göndərilməməsi bəzi şəxsləri təkrar məhkəməyə müraciət etmək hüququndan məhrum edib. Aliment üzrə cərimə və ya inzibati cəza da problemi həll etmədi, daha da ağırlaşdırdı. Çünki polis tərəfindən saxlanılan şəxsin aliment ödəmə imkanı daha da məhdudlaşdırılıb. Alimentin ödənilməsinə dəstək məqsədilə Aliment fondu və ya başqa səmərəli mexanizm tətbiq edilə bilər. Aliment fondu məsələsi illərdir həllini tapmadığından başqa bir üsulun tətbiqi səmərəli ola bilər”.

E.Süleymanova 65 yaşı tamam olan, lakin işləmək qabiliyyətinə malik şəxslərə əlavə 1 il işləmək imkanının yaradılması məsələsinə də yenidən baxılmasını təklif edib:
“Hesab edirəm ki, 1 il azdır. Ona görə də ilk mərhələdə bu iki il ola bilər. Daha sonrakı mərhələdə ehtiyac olarsa, müddət 1 il artırıla bilər”.

Ombudsman bildirib ki, bir sıra sahələrdə olduğu kimi, işğaldan azad edilən ərazilərdə də canlanma müşahidə edilib: “Bu gün Cocuq Mərcanlıda həyat dəyişib. Bir neçə il əvvəl orada müharibə şəraiti var idi, hər yer dağılmışdı, bu gün orda qaynar həyat var”.

***

12:10

MIlli Məclisin plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, siker Oqtay Əsədov əvvəlcə hökümətdə təmsil olunan millət vəkillərini təbrik edib:

“Prezidentin sərəncamları ilə bir sıra həmkarlarımız yeni hökümətdə təmsil olunacaq. Hər birimiz adından həmkarlarımızı yeni hökümətdə təmsil olunmaları münasibətilə təbrik edirəm. Buna görə də ölkə prezidentinə minnətdarlığımızı bildirək. Həmkarlarımızın hər birini təbrik edirik”.

Spiker bildirib ki, gündəliyə 20 məsələ daxildir. Bundan başqa "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihəsi də əlavə edilib.


Müəllif: Gülxar