24 Aprel 2018 15:04
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə Türkiyənin Gürcüstandakı səfirliyinin yaxınlığında qondarma erməni soyqırımının 103-cü ildönümü ilə bağlı aksiya keçirilib.

Gürcüstanın erməni icmasının təşkil etdiyi aksiyada Ermənistan və Gürcüstanın bayraqları dalğalandırılıb. Aksiya iştirakçıları qondarma soyqırımının tanınmasını tələb edərək, Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Türkiyə səfirliyi ermənilərin aksiyasına cavab aksiyası təşkil edib. Səfirliyə gəlmiş Gürcüstanda yaşayan türkiyəli və azərbaycanlı gənclər, iş adamları Türkiyəyə dəstək ifadə ediblər.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, ermənilər yalanlarından əl çəkmirlər. Diplomat Türkiyəyə dəstək göstərən azərbaycanlılara təşəkkür edib. Səfirlik qarşısında erməni terrorçularının qətlə yetirdikləri türk diplomatlarının fotoları sərgilənib.

Dəstək aksiyasının iştirakçıları Türkiyə, Azərbaycan və Gürcüstan bayraqları dalğalandırıblar. Aksiya "Erməni yalanlarına son!", "Ermənilərin Qarabağdakı soyqırımlarını unutmadıq!" şüarları ilə keçirilib.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib ki, Azərbaycan və Gürcüstan xalqına qarşı əsil soyqırımı ermənilər törədib.

Aksiyalarda təhlükəsizliyin təmin olunmasına çoxlu sayda polis cəlb olunub./APA/


Müəllif: Teleqraf.com