25 Aprel 2018 16:05
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:12

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib.

Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

***

Aprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.

***

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Görüşdə İsmayıl Qəhrəman Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirdi. Türkiyə parlamentinin sədri dövlətimizin başçısının prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq dedi: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğuladı.

Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olundu.

***

Aprelin 25-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

***

Aprelin 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

***

Aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı”nı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol”u Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar imzaladılar.

***

Aprelin 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.


Müəllif: Teleqraf.com