26 Aprel 2018 14:30
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın liderliyi ilə küçə aksiyaları davam edir.

Hazırda etirazçıların təntənəli yürüşü Komitas prospektinə çatıb.

Digər bir xəbərə görə, Daşnaksütyun Partiyasının Ermənistan hökumətində təmsil olunan bütün nazirləri istefaya gedib. Partiya həmçinin Ermənistan vilayətlərində qubernator olan nümayəndələrinin də istefaya getdiyini bildirib.

Xatırladaq ki, dünən Ermənistanda hakim koalisiya dağılıb. Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.

***

Nikol Paşinyanın başçılığı ilə etiraz aksiyası "Lambada" körpüsünün yaxınlığından başlayıb. Müxalifət lideri paytaxt küçələrinin bağlanmasını müvəqqəti dayandırmağa çağırıb

O qeyd edib ki, İrəvanda böyük miqdarda nömrəsiz və ya bağlı nömrələrlə avtomobillərin olduğuna dair həyəcanlı məlumatlar var.

"Onlar yol hərəkəti qaydalarını pozurlar və insanlar üçün təhlükə yaradırlar. Paytaxtda hərəkətin bərpası üçün küçələrin bağlanmasını müvəqqəti dayandırmağa çağırıram. İmkan vermək olmaz ki, hansısa insanlar bütün bunları qarşısıalınmaz prosesə çevirməyə çalışsınlar. Küçələrdə nömrəsiz heç bir maşın olmamalıdır. Küçələrin bağlanması üzrə aksiyanı nömrəsiz və ya bağlı nömrəli maşınlarla mübarizə üzrə aksiya ilə əvəz edirik", - Paşinyan əlavə edib.

***

“Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı, parlamentin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları bu gün davam edəcək.

Bu haqda Nikol Paşinyan bildirib.

O yeni güclə tətilləri davam etməyə çağırıb.

“Hələ atacağımız addımlar var və bu, tarixi başa çatdıracağıq”, - müxalifət lideri deyib.

Paşinanın sözlərinə görə, paytaxtın küçələrini bloklamaq üçün İrəvan-Sevan yolunda 80 yük avtomobili gözləyir. Bu gün keçiriləcək aksiyalar zamanı aksiyaların keçirildiyi ərazilər arasındakı yollar və körpülərin mühasirəyə alınması nəzərdə tutulur.

Paşinyanın özü Lambada körpüsündən şəhər üzrə növbəti təntənəli yürüşə başlamaq niyyətindədir. Aprelin 26-da saat 12:05-də bütün sürücülərə hərəkəti dayandırmaq və 20 dəqiqə ərzində hərəkət etməmək barədə göstəriş verilib.

Saat 19:00-a isə Respublika meydanında mitinq olacaq.

Xatırladak ki, dünən Nikol Paşinyanla Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyan arasında “Armeniya-Mariott” mehmanxanasında görüş başlamalı idi. Lakin danışıqlar ləğv edilib.

Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib ki, müxalifət danışıqların yalnız konkret məsələlər ətrafında aparılmasında təkid edir. Bunlar hakimiyyətin dinc yolla ötürülməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və Respublika Partiyasından heç kimin müvəqqəti hökumətin rəhbərliyinə buraxılmamasıdır. Avinyan bildirib ki, hakim Respublika Partiyası sonuncu məsələnin qoyuluşuna etiraz edir.

Karen Karapetyan bildirib ki, Nikol Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Paşinyan, öz növbəsində, qeyd edib ki, onlar etiraz aksiyasına yenidən başlayırlar, çünki Ermənistanın hakim Respublika Partiyası Serj Sərkisyanın istefasının əvəzində hakimiyyəti əlində saxlamaq istəyir. Müxalifət lideri heç bir halda hakim partiyanın rəhbərliyi altında növbədənkənar seçkilərə getməyəcəklərini bəyan edib.

“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanı idarə edə bilməz. Serj Sərkisyan istefa verdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”, - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanda Serj Sərkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları aprelin 3-də başlayıb. Aprelin 23-də Sərkisyan postu tərk edib. Onun ardınca hökumət istefaya gedib. Sərkisyanın istefasına baxmayaraq, nümayişlər davam edir. Dünən isə müxalifət Ermənistan hakim partiyasının qeyd-şərtsiz kapitulyasiyasını tələb edib./Publika.az/


Müəllif: Teleqraf.com