26 Aprel 2018 15:43
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uluslararası İşbirliyi Platformunun təşkilatçılığı ilə bu gün Antalyada “Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” mövzusunda keçirilən konfrans zamanı professor İlham Rəhimov Türkiyənin bir çox media qurumuna müsahibə verdi. Xatırladaq ki, sözügedən tədbirə ev sahibliyi edən, media dəstəyi verən qurumlar arasında “Yeni Müsavat” Media Qrupu da var.

Teleqraf.com xəbər verir ki, müsahibədə “Dünya” qəzetindən Aydın Çaynak, eləcə də “Daily Sabah”, “Star” qəzetləri, Anadolu Agentliyindən nümayəndələr iştirak edib. Türkiyə-Rusiya münasibətləri, təyyarə böhranından sonra bu iki ölkə arasındakı münasibətlərin düzəldilməsi prosesində İ.Rəhimovun iştirakına, eləcə də Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə dair suallar verilib.

- Professor, siz Türkiyə-Rusiya münasibətlərinin indiki durumunu necə dəyərləndirirsiniz?

- Çox yüksək dəyərləndirirəm. Asanlıqla deyə bilərik ki, bu münasibətlər yüksəliş dövrünü yaşayır. Fikir vermisinizsə, İki ölkə arasında münasibətlərin istiləşməsi Vladimir Putin hakimiyyətə gələndən sonra başladı. Məhz o, baş nazir olaraq iki ölkə arasında uzun illər davam edən buzları əridərək Türkiyəyə səfər etdi. Bu siyasət onun prezidentliyi dönəmində də davam etdi və bu gün gördüyümüz mənzərə xeyli ürəkaçandır. Prezident Ərdoğanın da bu məsələdə mövqeyi yüksək qiymətləndirilməlidir. Hər iki liderin yaxınlaşma siyasəti artıq öz bəhrəsini verməkdədir. Tarixdə də iki xalq arasında münasibətlərin çox yaxın olduğunu görə bilərik. Hətta aralarında bir neçə dəfə qanlı savaşlar olmasına baxmayaraq... Hakimiyyətlər arşında münasibətlər soyuq olduqda belə iki xalq iç-içə yaşamını davam etdirib. İki ölkə iş dünyasının zirvə görüşünə ev sahibliyi edən Antalya şəhəri xalqlar arasında isti münasibətlərin simvolu sayıla bilər. Ortaq nikahlar, iş, sənət dünyasındakı münasibətlər rus-türk ilişkilərinin yüksələn xəttə üzrə davam etdiyini sübut edir. 2029-cu ildə ticarət həcminin 1 milyard dollara çatdırılması hədəfi var. Buna çatmaq üçün iş dünyası təmsilçilərinin göstərdiyi səylər diqqətəlayiqdir. Görünür, bu səbəbdən də Türkiyə-Rusiya münasibətlərini gərginlik həddində saxlamaq istəyən qüvvələrin cəhdləri boşa çıxmaqdadır.

- Amerika Birləşmiş Ştatlarının Rusiyaya tətbiq etdiyi embarqolar rus iş adamlarının biznesinə ciddi təsir göstərməkdədir. Siz iş adamı kimi bu embarqolardan nə qədər ziyan çəkiriniz?

- Ortaqlarım Rusiya vətəndaşları olduqları üçün ABŞ-ın embarqo siyahısında onların da adı var. Mən Azərbaycan vətəndaşı olduğum üçün Maqnitski siyahısından kənaram.

- Ortaqlarınız hansı fəaliyyətlərinə görə bu siyahıdadırlar?

- Ümumiyyətlə, bu siyahının hansı əsaslarla hazırlandığını anlamaqda çətinlik çəkirəm. Çünki Rusiyadan o siyahıya elə adamların adı salınıb ki, siyasətdən tamamilə kənardırlar. Sadəcə, kimin 1 milyard dollardan artıq vəsaiti var, adı Maqnitski siyahısına salınıb. Bu, absurddur.

- Türkiyə iki ölkə arasında münasibətlərdə hansı həssas nöqtələrə diqqət etməlidir ki, yüksələn xətt qırılmasın?

- Təyyarə böhranından sonra çoxları elə düşünürdü ki, Rusiya-Türkiyə ilişkilərini normallaşdırmaq artıq mümkün olmayacaq. Ancaq iki lider çox olumlu davranaraq təkcə iki ölkə deyil, bütün region üçün çox önəmli yaxınlaşma qərarı verdilər. Münasibətlərə iki yöndən – siyasi və iqtisadi prizmadan baxmaq gərəkdir. Artıq iqtisadi münasibətlər də həmin yüksələn xəttə siyasi münasibətləri təqib edir. Avropanın qazla təmin edəcək boru xətti ilə 2019-cu ildə işə düşəcək, bundan başqa, atom enerjisi sahəsində işbirliyi, bundan başqa kənd təsərrüfatı məhsullarının ticarətində yaxınlaşma onu deməyə əsas verir ki, bu prosesi dayandırmaq mümkün olmayacaq. Enerji layihələri ölkələri bir-birinə uzunmüddətli, özü də sıx bağlayan iqtisadi tellərdir, bu ilişkiləri pozmaq faktiki mümkün deyil. Ona görə də yaxın gələcəkdə iki ölkənin iqtisadi münasibətlərinin yalnız dərinləşməsi ilə bağlı proqnoz vermək olar. Siyasi tərəf isə sözsüz ki, qlobal proseslərə bağlı məsələdir. Ola bilər, iki ölkənin hansısa məsələyə baxışı fərqlidir. Bu, təbiidir, ancaq iqtisadi proseslərin bu siyasi gərilmələri də önləyəcəyi düşüncəsindəyəm. Rusiya-Türkiyə arasında qlobal problem olacağı ehtimalı çox azdır.

- Türkiyənin bu gün Suriya məsələsində tutduğu mövqeni Rusiya necə qəbul edir?

- Əgər bu siyasət Rusiyanı qane etməsəydi, Kreml mövqeyini ortaya qoyardı. Görünür, atılan addımlarla bağlı razılaşma var. Ümumiyyətlə, mənə görə, Rusiya ilə Türkiyə Suriya məsələsində qarşılıqlı müzakirə əsasında hərəkət etməlidir. Çünki, Suriya iki ölkə arasında həssas nöqtədir.

- Siz iş adamı olaraq Suriyanın yenidən qurulması prosesinə qatılmağı düşünürsünüzmü?

- Mən tikinti ilə bir o qədər ciddi məşğul deyiləm. Bundan başqa, indi Suriyada yenidənqurma işləri ilə bağlı fikirləşmək çox tezdir. Ola bilər ki, gələcəkdə Suriyada inşaatdan başqa hansısa işlər meydana çıxar və bu, bizim gündəmimizə gələ bilər. Yaxın dönəmdə Rusiyanın iri şirkətləri Suriya ilə enerji müqavilələri bağlayıb. Hələlik Suriyada hər hansı iş qurmaq mənim və ortaqlarımın gündəliyində yoxdur. Unutmayaq ki, ortaqlarım yəhudi əsilli Rusiya iş adamlarıdır. Onların Suriyanın iş dünyasında təmsilçiliyə isti baxacağını yaxın dönəm üçün real saymıram. Bizim şirkət ortaqlığımızın hüquqi əsaslarına görə, hər üçümüz – mən, ortaqlarım Qod Nisanov və Zahar İliyev bir məsələ ilə bağlı müsbət qərar verməsək, həmin işin həyata keçirilməsi mümkünsüzdür.

- Bu gün Amerika Birləşmiş Ştatlarında Rusiyanın son seçkiləri Donald Trampın xeyrinə saxtalaşdırması ilə bağlı hüquqi araşdırmalar davam edir. Rusiyanın, özəlliklə prezident Putinin bu haqda düşüncələrini bizə açıqlaya bilərsinizmi?

- Bu iddialar tamamilə əsassızdır. Bu fikri prezident Putin dəfələrlə səsləndirib. Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı iddiaları sübut edəcək bir fakt belə yoxdur. Mən özüm də bu müdaxilənin necə olacağını təsəvvür edə bilmirəm. Əslində, Rusiya üçün Trampın, yoxsa xanım Klintonun seçkidə qalib gəlməsinin heç bir fərqi yox idi. İki qlobal gücün münasibətləri yalnız prezidentlərin kim olmasından asılı məsələ deyil.

- Uçaq böhranından, Rusiyanın Ankara səfirinin qətlindən sonra Rusiya-Türkiyə münasibətləri dünya üçün çox gölənilməz axarda yürüdü. Ümumiyyətlə, iki ölkə arasında münasibətlər istiləşən kimi Qərb əks addımlar atır. Sizcə, Qərb münasibətlərin qırılması üçün hansı addımları ortaya ata bilər?

- Genəl olaraq götürsək, bu gün Rusiyanın da, Türkiyənin də Qərblə münasibətləri aşağı-yuxarı eynidir. Bəlkə, Rusiyaya basqı bir qədər artıqdır. Bir məsələni anlamaq gərəkdir ki, Qərb nə Rusiyanın, nə də Türkiyənin dünyada söz sahibi olmasını istəmir və bunun üçün çalışır. Bu durumda sıxışdırılan tərəf özünə dost, tərəfdaş axtarışında olur. Ona görə də, iki ölkənin yaxınlaşmasının tətikçisi həm də Qərbdir.


Müəllif: Teleqraf.com