12 Avqust 2014 16:43
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Qardaşlaşmış məktəblər” layihəsinə başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət ayırması bir çox layihələrin gürçəkləşdirilməsinə təkan verir. Bu layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun santyabrın əvvəllərindən "İlboyu bilik” şüarı ilə start götürəcək "Qardaşlaşmiş məktəblər” layihəsidir.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Teleqraf.com-a verilən məlumata görə, layihə ilk mərhələdə 15 sentyabr - "Bilik günü”nə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcəkdir. Qloballaşan, informasiyanın, biliyin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi dünyada gənc nəslin müasir standartlara uyğun biliklərə, bacarıqlara və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması, azərbaycançılıq məfkurəsi və vətənpərvərlik ruhunda tərbiyə olunması, fərqli milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşması, sağlam həyat tərzi keçirməsi, ətraf mühitin mühafizəsinə hazır olması, Azərbaycan tarixi və mədəniyyətini bilməsi dövlətimizin qarşıya qoyduğu mühüm məsələlərdəndir.

Azərbaycan prezidenti cənab İlham Əliyevin bu tapşığı Bilik Fondu tərəfindən bir sıra layihələrin, o cümlədən geniş şagird kütləsini əhatə edə biləcək, məktəblilərin fəal və yaradıcı şəxs kimi inkişafını nəzərdə tutan "Qardaşlaşmış məktəblər” layihəsinin icrasını labüd edir.

Layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan ye­niyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mə­­dəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Layihənin vəzifələri isə aşağı­da­kı­lar­­dan ibarətdir: müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü”nün yara­dıl­ma­sı, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intel­lek­tual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənc­lərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunması.

Layihənin rəhbəri Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənovun sözlərinə görə, layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta ümumtəhsil məktəb şagirdlərinin faydalanması nəzərdə tutulur. Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər.

Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq "Qardaşlaşma haqqında Saziş” imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Professor Rəfail Həsənov: "Layihə çərçivəsində məktəblilərin mədəni-tarixi yerlərə ekskursiyası təşkil olunacaqdır, məsələn, Qubaya qonaq gələn məktəblilər soyqırımı memorial kompleksini ziyarət edəcəklər. "Qardaşlaşmış məktəblər” layihəsi, xüsusilə, etnik müxtəlifliyi ilə seçilən regionlarda şagirdlər arasında bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülük aşılayacaq, azərbaycançılıq məfkurəsinin dərin kök salmasına xidmət edəcəkdir.

Şagirdlərin cəbhə bölgələrinə yaxın rayonlarda yerli əhali və ya mümkün olduqda əsgərlərimizlə görüşü isə onlarda vətənpərvərlik hisslərinin formalaşmasına təkan verəcəkdir. Onu da qeyd edim ki, layihə təkcə məktəbliləri əhatə etmir, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulur”.
"Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 15-də "Bilik günü” münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək "İlk dərs”lə davam edəcək.

Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.
Tədris ilinin ikinci yarısında layihənin davamı olaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur.

Növbəti tədris ilində Bilik Fondu "Qardaşlaşmış məktəblər” layihəsini digər regionlarda da davam etdirəcəkdir.

Xatırladaq ki, Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" adlı ilk layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

Layihənin rəhbəri Hacı Abdullayev və icraçıları Bərdə İmamzadəsində olub, abidənin foto və video çəkilişlərini həyata keçirib, din və ictimaiyyət xadimləri ilə görüşərək, ilkin araşdırmalar aparıblar.


Müəllif: