16 May 2018 09:04
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda keçirilən parlament seçkilərində sürpriz nəticə ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, seçkinin nəticələrinə görə, şiə lider Müqtəda əl Sədrin kommunistlərlə birgə qurduğu blok qalib gəlib. Seçkidə ikinci yerə şiə milis lideri Hadi əl Amirinin bloku çıxıb. İndiki Baş nazir Heydər əl İbadinin lideri olduğu blok isə üçüncü yeri qazanıb. Qeyd edək ki, seçkidən öncə Heydər əl İbadi seçkinin favoriti hesab olunurdu. Yaxın 90 gün ərzində ölkədə yeni hökumət qurulacaq. İlkin nəticələr onu deməyə əsas verir ki, yeni hökumət müstəqil olmağa can atacaq və ideoloji baxımdan İrana yaxın olacaq. Bu isə bölgədə gərginliyin artacağına dair ciddi siqnalıdır.

Seçkinin nəticələrini şərh edən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, ortaya çıxan nəticə ABŞ-ın İraq siyasətinin iflasa uğraması deməkdir. Onun sözlərinə görə, seçkidə birinci və ikinci yerə çıxan qüvvələr İranla ideoloji yaxınlığı olan təşkilatlardır:

“Bu onu göstərir ki, İran İraqda ciddi təsirə malikdir. Xüsusilə şiə əhali arasında. ABŞ-ın başı Suriyaya qarışdığı üçün İraq yaddan çıxıb və nəticədə İrana yaxın qüvvələr seçkini udub. Əgər İraqda iranpərəst qüvvələr hökuməti formalaşdıracaqsa, bu faktiki olaraq ölkədə sabitliyin pozulmasına gətirib çıxaracaq. Çünki Qərb və Amerika İranın İraqda ciddi nüfuz və təsirinin olmasına imkan verə bilməz. Bu da o deməkdir ki, Yaxın Şərq hadisələri daha da kəskinləşəcək və geniş coğrafiyanı əhatə edəcək. ABŞ və İsrailin ardıcıl olaraq İranı təhdid etməsi əslində Tehranın o regionda artan nüfuz və təsiri ilə bağlıdır. Yəmən, Suriya və Livanda bu açıq görünür. İran bu ərazilərdə özünün dini-ideoloji təsirini kifayət qədər artırıb”.

Sərdar Cəlaloğlu əlavə edib ki, əslində belə bir seçki tablosunun ortaya çıxması haradasa gözləniləndir:

“Əvvəla, İraqda Müqtəda əl Sədrin tərəfdarları çoxdur və güclüdür. Nəzərə almaq lazımdır ki, şiə məzhəbinin bütün müqəddəs yerləri İraq ərazisində yerləşir. İqtidarlar təkcə belə şeylərə görə seçkini uduzmur. Həm də apardıqları iqtisadi siyasətə, xalqın gözləntilərini doğrultmadıqlarına görə vətəndaşın səsini ala bilmirlər. İbadinin dövründə İraqda ciddi iqtisadi inkişaf baş vermədi. Əksinə, hər gün terror və vətəndaş itkiləri yaşanırdı. Məncə, İbadi həm də sosial-iqtisadi səbəblərdən az səs topladı. Əks tərəf isə dini əsaslara söykənərək qalib gəldi”.

Müsahibimiz əlavə edib ki, bu nəticənin Yaxın Şərqdə vəziyyətə və beynəlxalq siyasətə təsiri olacaq:

“Əgər, İraq hökumətini Müqtəda əl Sədrin tərəfdarları formalaşdıracaqsa, bu, İraqdakı hadisələrə başqa rəng verəcək. Müqtəda əl Sədr İranla məsafəli davransa da, ideoloji baxımdan yaxınlıq var. Bu da ABŞ və İsrailin maraqlarına uyğun deyil. Bu mənada İraqda yeni münaqişələrin başlayacağını proqnoz etmək olar”.


Müəllif: Cavad