16 May 2018 10:57
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgisi öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, sərgini giriş nitqi ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib:

“Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub. Sosial-iqtisadi göstəricilərin yüksəldilməsi nəticəsində yerli istehsal məhsullarının rəqabatə davamlı ixrac imkanları genişlənib, ərzaq təhlükəsizliyinin təminatına öz töhvəsini verib”.

Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin təminatıdır: “Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında inovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb. Hazırda prioritet məqsədlərimiz yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyin təmin edilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib.

Bu məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsulların istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrin qurulmasında bugünkü sərgilərin əhəmiyyəti var.
Sevindirici haldır ki, əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-yə çatıb. Şirkətlərin 70 faizi xarici, qalan 30 faiz isə yerli, “Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, bu cür sərgilər ökədə sərbəs biznes mühitinə yaradılan imkandan xəbər verir:

“Hər il bu sərginin əhatə dairəsi genişləndirilir. İştirakçıların 70 faizinin xarici şirkət olması təsadüfi deyil. Bu, ölkədə sağlam rəqabət mühitindən xəbər verir”.

Sədr onu da vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məqsədi ölkədə bu sahədəki risklərin qiymətləndirilməsidir: “Əsas məqsəd əhalinin sağlam qida ilə təminatı və ixrac potensialının artırılmasıdır”

Qeyd edək ki, sərgi iki gün davam edəcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.


Müəllif: Teleqraf.com